“Star” tamamilə Azərbaycanın kapitalı hesabına ərsəyə gəlib" ÖZƏL-ŞƏRH

“Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun işə salınması Azərbaycan-Türkiyə strateji tərəfdaşlıq münasibətlərinin növbəti dəfə təsdiqi kimi dəyərləndirilə bilər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin açılış mərasimində söylədiyi kimi bu hər iki dövlət başçılarının siyasi iradəsi sayəsində ərsəyə gələn bir layihədir. Bu gün bizim münasibətlərimizin səviyyəsi elə bir həddə gəlib çatıb ki, ona görə də belə meqa layihələrin işə düşməsi bir zərurətə çevrilmişdir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Deputatın sözlərinə görə, əgər Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti işə düşməsəydi heç şübhəsiz ki, bugünləri biz “Star” kimi iri, nəhəng neft emalı zavodunun işə salınmasından danışa bilməzdik: “Bu gün Ümummilli Lider Heydər Əliyevin və Türkiyənin o zamankı rəhbərliyinin elə bir münasibətlərinin əsasını qoyublar ki, bu gün biz onun ən yüksək səviyyədə təntənəsini görürük. Eyni zamanda da cənab Prezidentin qeyd etdiyi kimi 100 il bundan öncə Bakı şəhərini düşmənlərdən azad edərkən Azərbaycan-Türk əsgərinin, xalqlarının birliyi bu gün bir-biri üçün örnək olub və bu cür layihələr həyata vəsiqə ala bilir. Bu ilk növbədə Azərbaycan və Türkiyə dövlətinin, xalqının dostluğunun, Azərbaycan və Türkiyə Prezidentinin dostluğunun, qardaşlığının təntənəsi kimi qiymətləndirmək olar.

Dəyəri 6,3 milyard dollara bərabər olan bu layihələrin həyata keçirilməsi ilə Azərbaycan həm də bütün dünyaya göstərdi ki, Azərbaycan iqtisadi inkişafın elə bir səviyyəsinə gəlib çatıb ki, artıq o cür nəhəng layihələrin həm də investoru kimi çıxış edir. Çünki “Star” neft emalı zavodu tamamilə Azərbaycanın kapitalı hesabına ərsəyə gəlmiş bir layihədir. Bu layihədən hər iki tərəf uduşlu vəziyyətdədir. Çünki bizim üçün də bu layihənin əhəmiyyəti ondandır ki, Türkiyə çox böyük iqtisadi bazardır, imkanları olan dövlətdir. Türkiyə son 15 il ərzində çox böyük iqtisadi inkişaf yolu keçib. Bu gün Türkiyə öz iqtisadi inkişaf gücünə görə Böyük İyirmilikdə 17-ci mövqedədir. Həmçinin Avropanın 50 dövləti içərisində 7-ci mövqedə qərarlaşıb. Siz təsəvvür edin ki, Türkiyənin 15 il bundan öncə xarici ticarət dövriyyəsi cəmisi 88 milyard dollar təşkil edirdi. Amma bu gün 400 milyard dollara gəlib çatıb. Yəni bunlar hamısı bir daha bütün dünyaya göstərir ki, Türkiyə çox böyük perspektivi olan bir dövlətdir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə