Doqquz ayın yekunları nailiyyətlərdən və inkişafdan xəbər verir TƏHLİL

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd olunduğu kimi, ötən müddət ərzində ölkədə görülən işlər, əldə edilən yüksək nəticələr nailiyyətlərdən xəbər verir. Sözsüz ki, bu nailiyyətlər də öz növbəsində inkişafı şərtləndirir və bundan sonra daha böyük uğurların əldə edilməsinə əsaslı zəmin yaradır.

Bu ilin 9 ayının yekinları onu deməyə əsas verir ki, cari il ölkəmiz üçün əhəmiyyətli dərəcədə uğurlu olub. Əbəs yerə deyil ki, Cənab Prezident İlham Əliyev 2018-ci ili ölkəmiz üçün "uğurlu il" adlandırıb. Sabitlik, təhlükəsizlik hər bir ölkə üçün vacib məsələdir və qüsusilə qeyd etmək lazımdır ki, indi dünyada müxtəlif böhranların, risklərin, qeyri-müəyyənliyin, hökm sürdüyü bir vaxtda ölkəmizdə sabitliyin və dayanıqlı inkişafın mövcud olması çox sevindirici haldır. Bu sabitlik, bu dayanıqlıq da təbii ki, bütün sahələrdə uğurlu inkişafa zəmin yaradır və daha böyük nəticələrin əldə edilməsi imkanlarına yol açır.

Artıq Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır

Cəmi doqquz ay müddətində Azərbaycan Prezidenti 27 ölkənin dövlət və hökumət başçıları ilə dövlətçilik üçün vacib olan müzakirələr aparıb ki, bu siyasi lider üçün kifayət qədər gərgin, kifayət qədər intensiv fəaliyyətdir və əldə olunan uğurlu nəticələr heç də təsadüfi deyildir. Bu nəticələr siyasi, geosiyasi, iqtisadi, humanitar, nəqliyyat, hərbi, müdafiə və başqa sahələrdə əldə edilib ki, bunlar ölkə başçısının gərgin, intensiv əməyi, səy və bacarıqları sayəsində gerçəkləşib. Müqaisə üçün qeyd etmək yetərlidir ki, Cənubi Qafqazın heç bir ölkəsinin dövlət başçısı bu səviyyədə, bu qədər fəallıq göstərə bilməyib. Hətta Ermənistanın rəhbərliyi müqaisə edilə bilməyəcək dərəcədə az səfərlər edib, konkret olaraq işğalçı ölkə üçün regional önəm daşıyan, bölgədə sülhə və əməkdaşlığa xidmət göstərən bir dənə də olsa müqavilə belə imzalanmayıb. Bütün bunların fonunda Azərbaycanla bölgə üçün, eləcə də bütün dünya üçün böyük əhəmiyyətə malik əməkdaşlıq müqavilələri imzalanıb. Artıq Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bu çox vacibdir.
Cari ilin 9 ayı ərzində görülən işlərdən, əldə edilən nəticələrdən bəhs edərkən Azərbaycanın iştirakı ilə baş tutan bir neçə önəmli beynəlxalq layihəni, hadisəni vurğulamaq lazımdır. Məsələn, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsi həmin hadisələr arasında xüsusi önəm daşıyır. Bu konvensiya əslində tarixi sənəddir və bu sənəddə Azərbaycanın milli maraqları tam şəkildə öz əksini tapır. Xəzəryanı beş ölkə uzun danışıqlardan sonra razılığa gəldiyi həmin konvensiyada Azərbaycanın maraqları tam şəkildə təmin olunub. Digər tərəfdən, Konvensiyanın qəbul edilməsi dünya miqyasında region dövlətləri ilə əməkdaşlıq etməyə can atan ölkələrin sayını artırdı. Çünki artıq hüquqi baza olduğuna görə Xəzərdə əməkdaşlığı çəkinmədən qurmaq mümkündür.
Sözsüz ki, davamlı və uğurlu inkişaf üçün iqtisadi sistemin inkişafı çox vacib şərtdir və güclü iqtisadi imkanlar olmadan heç bir planı reallaşdırmaq mümkün olmaz. Azərbaycan böyük həcmdə sərmayə tələb edən iqtisadi, enerji, nəqliyyat layihələrinin təşəbbüskarı və aktiv iştirakçısıdır. 2018-ci il Azərbaycanın enerji siyasətinin inkişafı üçün də əlamətdar hesab olunur. May ayında Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılışı, iyun ayında Türkiyədə TANAP-ın açılışı bunu təsdiq edir. Bu qədər geniş, qlobal layihələr çox böyük uğurlar deməkdir və hər bir müstəqil dövlətin həsəd apara biləcəyi işlərdir. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri ilə bağlı atılan addımlar, görülən işlər özü Azərbaycanın ən böyük uğurlarındandır. Bu layihələrin hər biri ayrı-ayrılıqda geniş imkanlar açır və ölkə iqtisadiyyatına tövhələri saysız hesabsızdır.

Bir çox sahələrdə artım müşahidə edilib və bu sahələrin hər birinin Azərbaycan iqtisadiyyatında özünəməxsus xüsusi çəkisi var

Cari ilin doqquz ayı ərzində əldə edilən göstəricilər bunu deməyə əsas verir ki, 2018-ci ildə iqtisadi sahədə islahatların dərinləşməsi işində çox vacib, əhəmiyyətli işlər görülüb, uğurlu addımlar atılıb. Məsələn, ötən müddət ərzində ümumi daxili məhsul 0,8 faiz artıb. Bir çox sahələrdə artım müşahidə edilib və bu sahələrin hər birinin Azərbaycan iqtisadiyyatında özünəməxsus xüsusi çəkisi var. Qeyri-neft sektorunda artım 1 faiz, sənaye istehsalında 2 faiz, qeyri-neft sənayesində isə 10,8 faiz təşkil edib. Ələlxüsus, kənd təsərrüfatı bu müddətdə 4,3 faiz artıb.
Göründüyü kimi bir çox sahədə artım, irəliləyiş göz qabağındadır və bu sahələrin hər birində müşahidə edilən artım məhsul istehsalının artımı deməkdir. Xüsusən kənd təsərrüfatında müşahidə olunan artım bizə cari ildə ərzaq məhsullarının bolluğundan, əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödəniləcəyindən xəbər verir. Sahibkarlığa dövlət dəstəyinin müsbət təsiri özünü göstərir və cari ildə məhsul istehsalında artım bunu təsdiq edir. Əhalinin məhsullara, ələlxüsus ərzaq məhsullarına olan tələbatının ödənilməsi çox önəmli məsələdir və nəticələr bunu deməyə əsas verir ki, bu ilin yekunları həmin tələbatın ödənilməsi üçün ötən ildən daha böyük imkanlar deməkdir.
Təbii ki, istehsal genişlənibsə, məhsuldarlıq artıbsa, deməli, gəlir səviyyəsi də analoji olaraq yüksəlib. Statistik göstəricilər təsdiq edir ki, cari ilin ötən dövrü ərzində əhalinin gəlirləri 9,5 faiz artıb. Lakin bu artımın fonunda inflyasiya cəmi 2,6 faiz təşkil edib. Bu isə o deməkdir ki, əhalinin yaşayış səviyyəsi daha da yaxşılaşıb.
Cari ilin bu müddət ərzində olan göstəriciləri çox sevindiricidir və bu göstəricilər yalnız nailiyyətlərdən, uğurlardan xəbər verir. Bu göstəricilər görülən işlərin müvəffəqiyyətlə həyata keçirildiyini təsdiqləyir. Keçən doqquz ayda ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulub, valyuta ehtiyatlarımız isə 45 milyard ABŞ dollarına çatıb. Doqquz ayda xarici ticarət dövriyyəsi və ixrac 37 faiz artıb. Bu statistik göstəricilər heç də kiçik rəqəmlər deyil və kifayət qədər sürətli artımdan, inkişafdan xəbər verir.
Cari ilin 9 ayının nəticələri, uğurlar və nailiyyətlər təsdiq edir ki, Azərbaycan sürətli inkişafını davam etdirir və o daha yeni nailiyyətlər qazanmaq əzmindədir. Ölkəmizdə iqtisadiyyat sahəsində islahatların dərinləşməsi, iqtisadiyyatın rəqabətliliyinin artırılması üçün önəmli addımlar təkzib edilə bilməz və bu addımların uğurlu nəticələri də reallığı əks etdirir. Sənaye istehsalında, qeyri-neft sektorunda mühüm işlər görülür, ölkədə makroiqtisadi vəziyyət sabitdir, investisiya və infrastruktur layihələri ardıcıl icra edilir. Əhalinin aztəminatlı hissəsinin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, məcburi köçkünlərin sosial problemləri daim dövlətin diqqət mərkəzindədir.
Göstəriciləri, artan statistik rəqəmləri, uğurları, nailiyyətləri sadalamaqla bitmir və əslində deyilənlər ölkənin hər bir sahədə inkişaf etdiyini cəsarətlə söyləmək üçün kifayət edir. Nəticələr, uğurlar, nailiyyətlər göz qabağındadır və bunlar ölkə iqtisadiyyatının inkiafını, ümumilikdə hər sahədə olan inkişafı təsdiq edir. Bu uğurlu nəticələr isə gələcək inkişafa çox böyük, əsaslı zəmin yaradır və heç şübhə yoxdur ki, Azərbaycan yeni nailiyyətlərə doğru gedir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə