"Dünyanın haqlı mövqeyimizi dəstəkləməsi diplomatiyamızın qələbəsidir" MÖVQE-ÖZƏL

“Son dövrlərdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ədalətli və haqlı mövqeyinin dəstəklənməsini ölkə diplomatiyamızın qələbəsidir”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.

O bildirib ki, Azərbaycanın beynəlxalq platformalarda apardığı təbliğat dünya ictimaiyyətinin ölkəmizin haqlı mövqeyinə münasibətini müsbət mənada dəyişdirib.

Onun sözlərinə görə, Ermənistan dünya ictimaiyyətinin rəyinə mənfi mənada təsir göstərməyə çalışsa da, amma fakt göz qarşısındadır: “ Artıq Dünya ictimaiyyəti Ermənistan tərəfindən işğal olunan torpaqların Azərbaycan məxsus olduğunu yaxşı bilir. Ermənistan anlayır ki, Azərbaycanın iqtisadi gücünün artması, diplomatik əlaqələrimizin inkişaf etməsi, əhalinin mənəvi psixoloji durumu ilə yanaşı maddi rifah halı daha da yüksəlməsi onu istənilən zaman məğlubiyyətə uğrada bilər ”.

C. Xəlilov söyləyib ki, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin özü belə həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm önəm kəsb edir: “ Ölkəmizə gələn qonaqlar həqiqətləri öz gözləri ilə görür, xalqımızın sülhsevər olduğunu və heç bir xalq, millətlərlə düşmənçiliyimizin olmadığının şahidi olurlar. Beynəlxalq təşkilatlar, eləcə də dünya ölkələri bu məsələləri diqqət edərək ölkəmizin haqlı mövqedə olduğunu anlayırlar”.

Bir neçə gün bundan öncə Dünya Veteranlar Təşkilatının sədrinin ölkəmizə gəldiyini xatırladan ehtiyatda olan polkovnik vurğulayıb ki, Azərbaycana gələn beynəlxalq qonaqların fikirlərinə diqqət etdikdə, ölkəmizin mövqeyinin dəstəkləndiyini görmək mümkündür: “Bu günlərdə Azərbaycanda Beynəlxalq təhlükələrə qarşı konfrans keçirildi ki, həmin tədbirdə çıxış edənlərin hər biri Ermənistanın indiyədək BMT-nin məlum 4 qətnaməsinə qəbul etmədiklərini dilə gətirərdilər. Bütün bunlar əlbəttə ki, Azərbaycan həqiqətləri ilə bağlı beynəlxalq mövqenin ardıcıl surətdə daha da gücləndiyinin göstəricisidir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə