“Əli Kərimli və Arif Hacılı saxta vəsiqəni satıblar” MÜSAHİBƏ

Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevin SİA-ya müsahibəsi

- Elşən müəllim, Əli Kərimli və Arif Hacılının xaricə getmək istəyənlərə partiya vəsiqələrini satmaları barədə yeni faktlar üzə çıxıb. Bu kimi faktlar Azərbaycan qanunvericiliyinə zidd deyilmi?

- Bu cür hallar nəinki qanunvericiliyə, ümumən mənəvi tərəflər də nəzərə alınaraq – hər şeyə ziddir. Mənəvi tərəf ona deyirəm ki, illər boyunca sadəlöhv müsavatçılar, cəbhəçilər uğursuz liderlərinin badına gediblər, həyatda heç nəyə nail ola bilməyiblər, həmişə onlara romantik əhval ruhiyyə təlqin olunub. Digər tərəfdə isə Müsavata və AXCP-yə dəxli olmayanlar pulla vəsiqə alıblar, Avropada keflərinə baxıblar, axırda da millətə, dövlətə uzaq məkanlardan riyakarca dil uzadıblar. Yəni, hətta bu prizmadan belə baxsaq əsl müsavatçıların, əsl cəbhəçilərin haqqına girilib, onların daşıdığı vəsiqədən hansısa quldura, oğruya, ləyaqətsizə də verilib. Təbii, Əli Kərimli və Arif Hacılı tərəfindən. Əli Kərimli və Arif Hacılı saxta vəsiqəni satıb, dövlətə qarşı terrorist, kamikadze yetişdiriblər. Bir vaxtlar dəb idi, mitinqdə şəkil çəkdirib, saxta vəsiqə alıb, ardınca da mühacirətə getmək. Amma belə faktlar ard-arda ifşa olunandan sonra proses bir az səngidi. Demək yenə başlayıblar. Ortalıqda yeni faktlar varsa, buna kimsə heyrətlənməsin. Kərimlinin də, Hacılının da xisləti budur. Onlar bu millətə, dövlətə ziyan olan nə varsa, onu etməyə heç vaxt çəkinməyiblər. İndi də ənənəvi yollarına davam edirlər.

- Demək olarmı ki, hazırda Avropanın bir sıra şəhərlərində Azərbaycan dövləti və xalqı əleyhinə şər və böhtan səsləndirənlər məhz AXCP və Müsavatdan əldə etdikləri saxta vəsiqələr hesabına orda məskunlaşıblar?

- Əlbəttdə, əksəriyyəti həmin kateqoriyadır. Ölkə daxilində müxalifətçiliyi də cücə kimi edənlər, sərhədin o tayına adlayan kimi şir, pələng olublar. Halbuki, həmin xalq düşmənlərinin bu millətə, bu dövlətə heç bir aidiyyəti yoxdur. Nə vaxtsa şərait olub, dabana tüpürüb qaçıblar, müxalifətçilik donu altında maskalanıblar, indi də artistlik edirlər. Öz də demokrat adı ilə. Cinayətkar heç vaxt demokrat ola bilməz. Bunların ruhu kirlənib, bunlar millətə qənim kəsilib. Belələrinin danışmağa, ələlxüsus da ədalətdən danışmağa heç bir haqları yoxdur. Çünki həm təmsil olunduqları cəbhədə, həm cəmiyyət içində, həm ictimai rəydə özlərinə qarşı ikrah hissi yaradıblar. Onlara saxta vəsiqə verib, ardınca bu millətə, dövlətə qarşı yönəldənlər isə mütləq cəzalarını almalıdırlar.

- Saxta vəsiqələr satdıqlarına görə, Azərbaycan hüquq mühafizə orqanları Müsavat və AXCP rəhbərliyinə qarşı hüquqi tədbirlər görə bilərmi?

- Təbii, burada hüquq pozuntusu var. Mən Milli Məclisin plenar iclasında da bu məsələyə toxunmuşam və hüquq mühafizə orqanlarına da müraciət etmişəm ki, məlum ünsürlərin ekstradisiya olunması, onların Azərbaycandakı dəstəkçilərinin ifşası, aşkarlanması, məsuliyyətə cəlb edilməsi istiqamətində əməli fəaliyyətlərini daha da gücləndirsinlər. Fakt budur ki, belələri dövlətə, millətə, ölkənin ləyaqətli insanlarına qarşı qənim kəsilib, şizofrenik ruhda öz cinayətlərini davam etdirirlər, heç bir xətt, dəyər tanımırlar. Əllərinə bir saxta vəsiqə alaraq mühacir roluna giriblər, özlərinin saxta, yazıq obrazını yaradıblar. Guya millət fədaisidirlər. Halbuki fəaliyyətlərində millət adına heç nə yoxdur. Konkret insanları hədəfə alıb təhqir edirlər, hədyanlar yağdırırlar, mənəvi terror törədirlər. Onlara rəvac verənlər isə radikal müxalifətin liderləri - Əli Kərimli kimi uğursuz siyasətçilərdir. Belə dəstəkçilərin fəaliyyəti də yenidən araşdırılmalı və onlar qanun, hüquq qarşısında cavab verməlidirlər.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə