YAP Qaradağ rayon təşkilatı Müstəqillik Günü ilə baqlı tədbir keçirib

YAP Qaradağ rayon təşkilatı Metanol ərazi ilk partiya təşkilatında 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov, Metanol Zavodunun direktoru Elnur Mustafayev, ərazi ilk partiya təşkilatının sədri Elnur Bağırov, zavodun əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə ərazi ilk partiya təşkilatının sədri Elnur Bağırov açaraq bu günün tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, ötən əsrin sonlarında SSRİ-nin süquta uğraması nəticəsində yaranan əlverişli tarixi şəraitdən istifadə edən Azərbaycan xalqı müstəqilliyini yenidən bərpa edib.

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov çıxışında bildirib ki, 1990-cı illərin əvvəllərində Ermənistanın torpaqlarımıza hərbi təcavüzü ilə müşayiət olunan dərin siyasi-iqtisadi böhran, hakimiyyət çəkişmələri müstəqilliyin yenidən itirilməsi təhlükəsini yaradıb: "Məhz belə bir məqamda Azərbaycan xalqı dünya şöhrətli, müdrik siyasətçi Heydər Əliyevə üz tutub, onu Naxçıvandan Bakıya dəvət edib və yenidən özünə rəhbər seçib. Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisi elan edən Ümummilli Lider Heydər Əliyev müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başlayıb. Onun ölkə rəhbəri kimi həyata keçirdiyi tədbirlər nəticəsində qanunsuz silahlı birləşmələr tərk-silah edilib, ordu quruculuğu istiqamətində ciddi addımlar atılıb, 1994-cü ildə atəşkəs haqqında sazişin imzalanıb, bununla da müstəqilliyin möhkəmləndirilməsi üçün vacib şərt olan sabitlik təmin edilib".

Müəssisənin direktoru Elnur Mustafayev də çıxış edərək Azərbaycanın müstəqillik illərində əldə etdiyi uğurlardan danışıb. Bildirilib ki, əgər 1991-ci ildə Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı ilə, beynəlxalq aləmdə böyük nüfuzu olan, Cənubi Qafqazın lider dövləti sayılan müasir Azərbaycan isə Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır.

Digər çıxış edənlər də müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi çətinliklər, bu çətinliklərin aradan qaldırılması, ölkəmizin inkişafı istiqamətində görülən işlərdən danışıblar.

Tədbirin sonunda 87 nəfərə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...