“Paşinyan Dağlıq Qarabağ məsələsinə diqqət ayırmağa məcbur edilir” AÇIQLAMA-ÖZƏL

“Ermənistanda seçkilər nəticəsində Paşinyan öz mövqelərini dəstəkləyərək, hakimiyyətdə legitimliyini təsdiqlədikdən sonra düşünürəm ki, orada ötən aylarda gedən proseslər daha mütəşəkkil qaydada davam etdiriləcək. Belə ki, keçmiş siyasi elitanın nümayəndələrinə qarşı proseslər daha da genişləndiriləcək”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, seçki müddətində və bir müddət sonra Paşinyan daha çox daxili məsələlərə fikir verəcək: “ Lakin bununla yanaşı o Dağlıq Qarabağ məsələsinə diqqət ayırmağa məcbur ediləcək. Bildiyiniz kimi artıq ATƏT-in Minsk qrupu, ABŞ və digər ölkələr onun danışıqlar prosesinə fikir verməyə məcbur edirlər. Bu baxımdan reallıq, cəbhədə baş verənlər onun problemin həllində mövqe bildirməyə yönəldəcək”.

Seçkidən sonra Paşinyanın mövqeyinə əl gəzdirərək, artıq Ermənistanın təmsilçisi kimi danışıqlar prosesini nəzarət altına almağa məcbur olacağını dilə gətirən İ. Vəlizadə söyləyib ki, artıq o danışıqlarda separatçı qurumun deyil, özünün mövqe sərgiləməsinin vacibliyini dərk edir: “ İlk aylarda da digər rəhbərlər kimi Dağlıq Qarabağ münaqişəsinin həllini ləngitməyə çalışacaq. Yəni seçkilərdən dərhal sonra onun konstruktiv addım atacağın gözləyə bilmərik”.

Seçki ərəfəsindən Ermənistan tərəfindən Azərbaycana qarşı təxribatların qaçılmaz olacağın deyən politoloq qeyd edib ki, bu təxribatlar Ermənistan hakimiyyəti ilə separatçı qurum arasında olan ziddiyyətlərdən qaynaqlana bilər: “Ermənistan tərəfindən həyata keçirilən siyasətin dayanıqlı olmadığını nəzərə alsaq, biz bu ərəfələrdə təxribatlara, cəbhədə vəziyyətin dəyişməsinə hazır olmalıyıq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə