“ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə diqqət yetirməsi vacibdir” AÇIQLAMA-ÖZƏL

ABŞ dünyanın əsas nüfuz dairələrindən biridir. Bu baxımdan Birləşmiş Ştatların rəsmi şəxslərinin Dağlıq Qarabağ münaqişəsinə diqqət yetirmələri vacibdir”. Bu fikirləri SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun oktyabrın 24-də Azərbaycana edəcək səfəri ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərməsinin normal qanuna uyğun hal olduğunu deyən ekspert söyləyib ki, Boltonun Azərbaycan və daha sonra İrəvana səfəri önəmlidir.

Onun sözlərinə görə, ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olduğunu nəzərə alsaq, Boltonun həm Azərbaycan, həm də İrəvana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni gündəmə gətirəcəyi istisna edilmir: “Dağlıq Qarabağ məsələsi burada müzakirə edilməyə bilməz. Çünki, bölgəyə səfər zamanı həm Azərbaycan, həm də İrəvana gedilirsə, o zaman bu məsələ ətrafında mütləq şəkildə müzakirə aparılmalıdır ”.

Son dövrlər beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəklənməsi məsələsinin sürətlə inkişaf etdiyini deyən T. Vahabov söyləyib ki, artıq sirr deyil ki, ölkəmizin son illər bütün sahələrdə əldə etdiyi nailiyyətlər özünün biruzə verir: “ Azərbaycan problemin həlli ilə bağlı öz konstruktiv yoluna çoxdan başlayıb. Ölkəmizin xarici siyasəti həm öz iqtisadi əsaslarına, eyni zamanda toplum, xalq, vətəndaş cəmiyyəti və dövlət arasında dialoq və ünsiyyətə əsaslanır. Bütün bunların hamısı özünü ölkəmizin güclü siyasətində xarici məhsul kimi ortaya qoyur ki, bu da Dağlıq Qarabağ məsələsində Azərbaycan üçün çox böyük dividentlər verir. Artıq biz bunu beynəlxalq səviyyədə görürük. Bir çox iri dövlətlər Azərbaycanın mövqeyinə dair dəstək artıb”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə