"Paşinyan məsələlərə siyasi don geyindirib" ÖZƏL-ŞƏRH

“Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlməsinin arxasında Qərb dövlətləri, Rusiyaya qarşı olan müəyyən qüvvələr, QHT-lərin qrantları, Corc Soros və onun fondu dayanır. Paşinyanın özü isə Rusiya əleyhinə sərt bəyanatlar səsləndirən siyasətçidir. Bunu inkar etmək mənasızdır”. Bunu SİA-ya açıqlamasında politoloq Ehtiram Aşırlı deyib.

Onun sözlərinə görə, Ermənistanın yeni rəhbərliyini addım-addım idarə edən həmin qüvvələr təbii ki, Rusiyaya qarşı tədbirlər görülməsini tələb edirlər: “Ermənistan rəhbərliyinin Kosovo rəhbərləri ilə yüksək səviyyədə görüşü, Ermənistanda rus məktəblərinin bağlanması, İrəvanda Frankofoniya təşkilatının sammitinin bəyannaməsinə Ukraynın ərazi bütövlüyünü dəstəkləyən, dolayısı ilə Rusiyanın əleyhinə olan maddənin əlavə edilməsi bu prosesin başlanğıcıdır. Rusiya tərəfi isə bunu çox gözəl anlayır. Sadəcə hazırda Rusiya ətrafında yaranmış siyasi vəziyyət çox gərgindir. Hələ ki, Moskva proseslərə adekvat cavab verə bilmir. Lakin Ermənistanla Rusiya arasındakı bu ziddiyyətlər açıq şəkildə üzə çıxarılmır. Çünki Paşinyan hələ hakimiyyətdə möhkəmlənməyib. O, xalq tərəfindən seçilməyib, sadəcə çevriliş nəticəsində hakimiyyətə gəlib. Bunun üçün ona qarşıdan gələn növbədənkənar parlament seçkilərində tam qələbə qazanmaq və hakimiyyəti hərtərəfli ələ keçirmək lazımdır. Məhz qarşıdakı seçkilər Paşinyanın və Ermənistanın yeni rəhbərliynin aqibətinin necə olcağını göstərəcək”.

E.Aşırlı bildirib ki, Paşinyan hakimiyyətə gələndən sonra vaxtilə İrəvanda hərbi qiyam etmiş "Sasna Tsrer" hərbi-terrorçu təşkilatın həbs edilmiş 27 üzvünü həbsxanadan azad edib: “Onlar isə öz növbəsində silahı yerə qoyub dinc qaydada siyasətə məşğul olacağına söz veriblər. Əslində həmin şəxslər Yaxın Şərqdə, əsasən Livanda və Suriyada yaşayan ermənilərdən ibarət silahlı terror dəstələrinin üzvləridir. Onların əksəriyyəti Dağlıq Qarabağda Azərbaycana qarşı müharibədə də iştirak edib. Bu cinayətkarlar həm də Rusiyaya qarşı kəskin mövqedə duran terrorçulardır. Əslində bu, Paşinyanın məsələlərə siyasi don geyindirib özü üçün silahlı şəxslərdən, muzdlulardan ibarət dəstənin yaradılmasının təməlini atması deməkdir. Bu göstərir ki, Ermənistan rəhbərliyi hakimiyyətdə qalarsa, gələcəkdə Rusiyaya qarşı daha radikal addımlar atacaq.

Rusiyanın Ermənistana qarşı hansı addımlar ata biləcəyinə gəlincə, düşünürəm ki, bunun üçün Rusiyanın əlində çöx böyük imkanlar var. Əvvəla, Rusiyanın Ermənistanda böyük hərbi bazası var. Siyasi proseslərə təsir edə biləcək iqtisadi rıçaqlar, o cümlədən Rusiyanı dəstəkləyən siyasi qüvvələr var. Ona görə də böyük ehtimalla Paşinyan kimi Rusiya da Ermənistandakı parlament seçkilərinin nəticələrini gözləyir. Yəni hələlik Rusiya gözləmə mövqeyini tutub. Çünki Moskva indi vaxtilə Ukraynada olduğu kimi səhvə yol vermək, həddən artıq radikal addımlar atmaq istəmir. Əgər Moskva Ermənistanda radikal addımlar atsa, Qərb Rusiyanı daha dərin böhrana sürükləyə bilər. Məhz buna görə də rəsmi Moskva Ermənistan məsələsində mövqeyini ehtiyatla ifadə edir. Xaricdən özünü neytral göstərir, daxildən isə böyük ehtimalla Ermənistana qarşı sərt tədbirlər hazırlanır. Məhz parlament seçkiləri Emrənistanın gələcəyinin necə olacağı və Rusiyanın hansı istiqamətdə addımlar atacağı baxımından böyük əhəmiyyət kəsb edir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə