“Azərbaycan tərəfi ilə etibarlı operativ rabitə yaradılıb” PAŞİNYAN

“Ermənistanla Azərbaycan rəhbərliyi arasında operativ rabitə yaradılıb”. SİA erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan jurnalistlərlə söhbətində bəyan edib.

“Azərbaycan tərəfi ilə razılaşdığımız kimi, etibarlı operativ rabitə yaradılıb və deyə bilərik ki, qarşılıqlı informasiyalar Azərbaycan Prezidentinə və onun tərəfindən də mənə yarım saat ərzində çatacaq”, Paşinyan bildirib.

Jurnalistlərin “atəşkəsin pozulduğu halda, Azərbaycan rəhbərliyi ilə birbaşa əlaqə yaratmaq mümkün olacaqmı?” sualını cavablandıran Nikol Paşinyan müsbət cavab verib, lakin onu da bildirib ki, rabitədən hər hadisədə istifadə edilməyəcək.

Onun sözlərinə görə, tərəflərin təmas xəttində hazırkı məqamda kifayət qədər sakitlikdir və bu, müəyyən mənada Düşənbədə əldə edilmiş razılığın nəticəsidir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə