Bolton və Cənubi Qafqaz: “amerikalı qırğı”nın səfərinin pərdəarxası məqamları

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz ölkələrinə səfəri gözlənilir. O, buraya Rusiyadan gəlməlidir. Bu məqam əhəmiyyətsiz deyil. Ekspertlər hesab edirlər ki, Amerika tərəfi Rusiya ilə münasibətlərə müəyyən aydınlıq gətirəndən sonra Qafqaz dövlətlərinə nə deməyin lazım olduğunu dəqiqləşdirmək arzusundadır. Moskvada C.Boltonu ağır danışıqlar gözləyir. Onu həmkarı Nikolay Patruşev və xarici işlər naziri qəbul etməlidirlər. İstisna deyil ki, prezident Vladimir Putinlə də görüşsün. Sonra isə amerikalı rəsminin Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcəyini deyirlər. Bu ölkələrlə C.Boltonun əsas olaraq İran məsələsini müzakirə edəcəyi təxmin edilir. Məsələnin bu tərəfində ziddiyyətli məqamların olduğu haqqında fikir yürüdürlər. Həmin kontekstdə səfərin mümkün geosiyasi nəticələri üzərində geniş dayanmağa ehtiyac görürük.

İran: Boltonun əsas qayğısı

Amerika Prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun Rusiyaya və Cənubi Qafqaz respublikalarına gözlənilən səfəri ilə bağlı ekspertlər müzakirələr aparır, bu səfərin arxasında duran əsas məqamları müəyyənləşdirməyə çalışırlar. C.Boltonun özü turne ilə bağlı fikirlər söyləyib. O, “Salem Radio Network” radiostansiyasının müxbirinə müsahibəsində deyib: “Səbəb bu ilin yayında Prezident Tramp və Prezident Putinin apardıqları danışıqları davam etdirmək, Amerika-Rusiya münasibətlərindən danışmaq və harada problemlər və fikir ayrılıqlarının, harada tərəqqinin olduğunu anlamaqdır. Sonra Qafqaza səfərdir. Burada məqsəd onların (yəni Cənubi Qafqaz dövlətlərinin – Red.) İran, Rusiya və Türkiyə ilə münasibətlərdə oynadıqları mühüm geosiyasi rolu qiymətləndirməkdən ibarətdir” (bax: National Security Advisor John Bolton On His Trip To Russia, The Missing Saudi Jamal Khashoggi, Iran, China and Big Tech / HughHewitt.com, 12 oktyabr 2018).

Lakin ekspertlər C.Boltonun özünün fikirlərinə deyil, başqalarının bu səfər haqqında nə düşündüklərinə daha çox diqqət yetirirlər. Burada da fərqli qiymətləndirmələr vardır. Onların hamısını birləşdirən isə İran məsələsidir. Hesab edirlər ki, C.Bolton Cənubi Qafqaz dövlətlərinə “xəbərdarlıq” edəcək və hətta müəyyən “təzyiqlər” göstərəcək. Digərləri Suriya mövzusunun da gündəmdə olduğundan bəhs edirlər. Bir başqaları isə Əfqanıstan məsələsinə üstünlük veriləcəyini deyirlər.

Bütün bu fərqli fikirlərin yaranmasına, görünür, üç faktor təsir edib. Birincisi, son zamanlar ABŞ-ın Yaxın Şərqdə mövqeyi zəifləyib. İkincisi, Vaşinqton-Moskva-Pekin xəttində gərginlik artıb. Üçüncüsü, bütün təzyiqlərə baxmayaraq, İran geri çəkilmir, əksinə, özü fəallaşır. C.Bolton da amerikalı jurnalistə başlıca mövzunun təhlükəsizliklə əlaqəli olduğunu ifadə edib. Deməli, ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri bu səfərində əsasən təhlükəsizlik problemlərini müzakirə edəcək ki, bu da təbiidir. Çünki bu adam məhz təhlükəsizlik üzrə məsuldur. Bəs onda onun bu səfəri nəyə görə böyük hay-küyə səbəb olur?

Öncə, onun Moskvada müzakirələr aparacağı məlumdur. Belə proqnozlaşdırılır ki, C.Bolton üçün söhbət asan olmayacaq. Rusiyadan İran məsələsində güzəşt tələb etmək demək olar ki, imkansızdır. Bu səbəbdən, başlıca olaraq, Tramp-Putin görüşünün imkanlaşdırılması istiqamətində məsləhətləşmələrə üstünlük verilə bilər. Bunun fonunda isə, təbii ki, Ukrayna, İran və Suriya məsələləri haqqında fikir mübadiləsi davam etdirilə bilər. Xatırladaq ki, bir neçə ay bundan əvvəl C.Boltonla Nikolay Patruşev Suriya və İran məsələsində heç bir razılığa gələ bilməmişdilər. Keçən müddətdə tərəflərin hiss ediləcək irəliləyişə nail olduqlarını demək çətindir.

Bunlarla yanaşı, çox güman ki, Kreml Cənubi Qafqaz məsələsində həssaslığını açıq ifadə edəcək. Burada region dövlətləri ilə İranın "arasının vurulmasına" imkan verməmək başlıca məqsəd sayılır. Ona görə səfərin bu hissəsinə ekspertlərin marağı daha böyükdür.

Bakı, Tbilisi, İrəvan: fərqli mövqelər geosiyasi reallıq fonunda

Əsas çətinlik Con Boltonun konkret hansı məqamlara diqqət yetirəcəyi ilə bağlıdır. Bu kontekstdə onun səfərinin riskli tərəflərindən bəhs edirlər. Rusiyalı ekspertlər, əsas olaraq, C.Boltonun Azərbaycan, Gürcüstan və Ermənistana İran məsələsində "təzyiq edə biləcəyindən" ehtiyatlanırlar. Onlar bunu Moskvanın regiondakı geosiyasi nüfuzuna təhlükə olaraq görürlər. Ancaq burada da hər bir ölkənin fərqli reaksiya verəcəyi proqnozlaşdırılır.

Ekspertlər ən zəif yerin Ermənistan olduğunu deyirlər. Çünki Ermənistanın İranla əlaqələri genişdir. Ermənilər üçün ən çətin vaxtlarda İran "həyat yolu" rolunu oynadı. Bu səbəbdən, İrəvanın İranla əlaqələrdən imtina etməsi asan olmayacaq. Lakin ABŞ-a da ermənilər xeyli borcludurlar. İndi bir çox erməninin xilaskar, demokrat dövlətçi kimi gördükləri Nikol Paşinyan ABŞ-ın "yetirməsidir". Həm də İrəvan Amerikanı Rusiyadan qoruya biləcək yeganə güc kimi qəbul edir. Odla su arasında qalan Ermənistanın necə davranacağı məlum deyil. Bununla yanaşı, C.Boltonun Ermənistanla əlaqədar artıq bir acı təcrübəsi var. BMT-də Vaşinqton İrana qarşı sanksiyalar məsələsini qaldıranda Ermənistan layihənin əleyhinə səs vermişdi. Onda C.Bolton Ermənistanın BMT-dəki daimi nümayəndəsi A.Martirosyanla müzakirədə bunun səbəbini aydınlaşdırmağa çalışmışdı. Lakin Martirosyan təhlükəsizliklə bağlı ümumi mülahizələrdən başqa konkret bir arqument gətirə bilməyib. C.Bolton bundan incik düşüb.

Bu dəfə İrəvanın manevr imkanları çox məhduddur. Çünki bölgədə gərgin geosiyasi mübarizə gedir və hər bir dövlət mövqeyini dəqiq ifadə etməlidir. Artıq ABŞ-ın Ermənistandakı səfiri xəbərdarlıq edib ki, İranla əlaqələr məsələsində Vaşinqtonla məsləhətləşmək lazımdır. Yəni Amerika Ermənistana xərclədiyi kapitalın və N.Paşinyana verdiyi dəstəyin əvəzini gözləyir. Hamı da bilir ki, ABŞ bu kimi məsələlərdə zarafatı sevmir.

Bunlarla yanaşı, Ermənistanda bir sıra ekspertlər C.Boltonun İrəvana səfərində dəstək ifadə edəcəyinə ümidlidirlər. Onlar N.Paşinyanın Ağ evin sifarişlərini yerinə yetirməsinin müsbət təsir edəcəyinə inanırlar. Deməli, C.Boltonun Ermənistana gedişi ziddiyyətli məsələlərin müzakirəsi ilə xarakterizə olunacaq. Ancaq orada hansısa müsbət nəticənin əldə oluna bilinməsi ehtimalı çox azdır. Çünki Ermənistan tamamilə Rusiyadan asılıdır və Kremlin də ABŞ-a münasibəti məlumdur.

Gürcüstanda Con Boltonu daha sevincək qarşılayacaqlarına şübhə edilmir. Hətta artıq bir sıra gürcü rəsmiləri onu səbirsizliklə gözlədiklərini deyirlər. Onlar ümidlidirlər ki, Gürcüstanın təhlükəsizliyi ilə bağlı Vaşinqton bütün imkanlardan istifadə etməyə hazırdır. O cümlədən NATO məsələsində Tbilisi Vaşinqtonun dəstəyinə arxayındır. Bu səbəbdən, ekspertlər Amerikanın Qara dənizə əlavə hərbi güc yerləşdirə bilməsindən ehtiyatlanırlar. Bunu daha çox İrana nəzarət üçün edə bilərlər. Tbilisinin ABŞ-ın bu kimi planlarına etiraz edəcəyi inandırıcı görünmür.

Ermənistan və Gürcüstandan fərqli olaraq, Azərbaycanın müstəqil qərar qəbul edəcəyini mütəxəssislər əminliklə vurğulayırlar. Məsələn, İ.Corbenadze yazır: "Azərbaycan ən mürəkkəb və inadkar ölkə təsiri bağışlayır. Hər şeydən öncə, ona görə ki, Azərbaycan müstəqil, özünü müdafiə edə bilən və istənilən beynəlxalq meydanda özünün milli maraqlarını qoruya bilən ölkədir" (bax: Зачем "американский ястреб" летит на территорию войны / Росбалт, 17 oktyabr 2018).

Təbii ki, Amerika Azərbaycanı KTMT-yə və Aİİ-yə meylləndirmək istəməz. Nəhayət, indiyə qədər Amerika Azərbaycandan nə Rusiyaya, nə də İrana qarşı istifadə edə bilməyib. Rəsmi Bakının müstəqil mövqedə qətiyyətlə dayandığına indi də şübhə yoxdur.

Beləliklə, xarici siyasətdə sərt xətt tərəfdarı olan və xüsusən İrana qarşı aqressiv mövqeyi ilə tanınan C.Boltonun Cənubi Qafqaza səfərinin asan keçməyəcəyi aydın hiss edilir. O, Gürcüstan və Ermənistana öz şərtlərini diktə edə bilər. Bu ölkələrin hansısa məqamlarda İran əleyhinə mövqedə duracaqlarını istisna etmək olmaz. Daha çox Ermənistanın mürəkkəb durumda olduğunu demək lazımdır. Azərbaycanın isə öz müstəqil mövqeyində qalacağı proqnozlaşdırılır. Bu məqam, əslində, iki dövlət arasında əlaqələrin inkişafında ciddi rol oynaya bilər. Çünki Amerika kimi güclü bir dövlət üçün müstəqil mövqeli tərəfdaşlar daha uyğundur. Deməli, istisna deyil ki, Con Bolton ən səmərəli və real müzakirələri Azərbaycanda aparsın.

Newtimes.az

Bütün xəbərlər Facebook səhifəmizdə