Hakimiyyət hərisindən demokratiya ummaq əbəsdir

Qazanan “Vətəndaş müqaviləsi” partiyası yox, Nikol Paşinyan özü olacaq

Bu ilin dekabr ayında Ermənistanda erkən parlament seçkilərinin keçirilməsi qərarı çox tələsik qərardır. Bunu 18 oktyabr tarixində “Milli Təhlükəsizlik Partiyasının” sədri Garnik İsaqulyan jurnalistlərlə görüş zamanı deyib.
Ermənistana məxsus news.am saytında yayımlanan məlumatda İsaqulyan bu tələskənliyi inqlabdan sonrakı eyforiyadan sui istifadə edilməsi kimi şərh edib. Eyni zamanda bunu hərhansı rəqabətin olmamasından sui istifadə edərək hakimiyyət qurma cəhdi adlandırıb.

Bu yolla, yəni rəqabətin aradan qaldırılması ilə siyasi proseslərdə iştirak etmək baxımından Ermənistanın sabiq prezidenti Robert Koçaryanın da qapıları bağlanıb. Bir sözlə, eks prezidentin də proseslərdən kənarlaşdırılması planlaşdırılır. Daha dəqiq desək Nikol Paşinyan seçkilərə rəqibsiz getməyi planlaşdırır.

İsaqulyan jurnalistlərlə görüşündə qeyd edib ki, “Ermənistan Respublikaçılar Partiyası” özü üçün əla imtahan keçirib. Yüksək təzyiq altında olmasına baxmayaraq bu partiya dağılmayıb, daha da möhkəmlənib və siyasi stabil struktur olduğunu hamıya nümayiş etdirib.

“Milli Təhlükəsizlik Partiyasının” sədri Garnik İsaqulyan jurnalistlərlə görüş zamanı onu da diqqətə çatdırıb ki, gözlənilən növbədənkənar seçkilərdə heç də “Vətəndaş müqviləsi” partiyası qazanmayacaq. Qələbə olsa belə bunun partiyaya heç bir aidiyyatı yoxdur. Qələbə çalınacağı təqdirdə qazanan yalnız şəxsən Nikol Paşinyanın özü olacaq. Partiyaya gəldikdə isə onun da bundan sonra hələ bir siyasi qüvvəyə çevriləcəyini zaman göstərəcək.

Məsələ burasındadır ki, erməni cəmiyyəti də Paşinyanın təzyiqlərini etiraf edir. Baxmayaraq ki, istefa verən baş nazir küçə yürüşlərindən, küçədə yığışanların gücündən istifadə etməsini demokratiya adlandırır. Hətta demokratiya adı altında seçkilərdə iştirakı qadağan edən, dolayısı ilə hədələr kəsən Nikol buna xalq hakimiyyəti deməkdən çəkinmir.

“Milli Təhlükəsizlik Partiyasının” sədri Garnik İsaqulyan dolayısı ilə deyil, tam açıq şəkildə etiraf edir ki, “Ermənistan Respublikaçılar Partiyası” da təzyiqlərə məruz qalıb və burda Paşinyanın əli olduğu danılmazdır. Hətta partiya sədrinin nitqindən də bəlli olur ki, Ermənistanda qorxu, hədə ab-havası hökm sürür və kimsənin cürəti çatmır ki, N.Paşinyana əks mövqedə dayansın. Yaxud istefa verən baş nazirə müxalif mövqedə dayanmaq bir yana, seçkilərdə iştirak etmək, ona rəqib namizəd kimi çıxış etmək özü də hədə-qorxu ilə qarşılanır. İndi Ermənistanda Paşinyana rəqib olmaq istəyən namizədə kütlə dəyənəyi cəza vasitəsi kimi göstərilir.

Ermənistan cəmiyyəti əslində demokratiya dediyi bu mütləq hakimiyyətliliyin təzyiqi altında əzilir. Siyasi mübarizə, söz azadlığı, vətəndaş hüquqlarından danışmağa da dəyməz. Demokratiya alətə çevrilib və bu alət indi Paşinyanın əlində sırf təzyiq vasitəsi kimi istifadə edilir. Əgər kütlə elə hesab edirsə ki, bu demokratiyadır bərk yanılır. Yox əgər bu xaosdan, bu mütləq hakimiyyətlilikdən yararlanan Paşinyana ümid edirsə, bu zaman çürük arzuların ardınca düşdüyünün fərqində olmalıdır. Fərqində olmalıdır ki, Nikol Paşinyanın simasında hakimiyyət hərisindən demokratiya ummaq əbəsdir və bu dırnaqarası demokratiya yaxşı heç nə vəd etmir. Belə bir hakimiyyət, ələlxüsus demokratiyadan alət kimi istifadə edən Paşinyan hakimiyyəti ermənistana fəlakətdən başqa heç nə vəd edə bilməz.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə