Cəbi Bəhramov: "18 oktyabr tarixini əbədi etmək bizim borcumuzdur" ŞƏRH-ÖZƏL

“18 oktyabr Azərbaycan tarixi üçün çox qiymətli gündür. 27 il bundan əvvəl xalqımız öz iradəsinin nəticəsi olaraq Şimali Azərbaycan torpaqlarında müstəqilliyini bərpa edib. Ona görə də 1991-ci ilin 18 oktyabr tarixi Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb”. Bu fikirləri SİA-ya açıqlamasında tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov deyib.

O bildirib ki, müstəqilliyimizin bərpasında müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri var: “Çünki, həmin hadisəyə 1 il qalmış, Ulu Öndər 1990-cı ildə Azərbaycan Xalq Cümhuriyyətinin əsas dövlət atributlarından biri olan üçrəngli bayrağımız Naxçıvan Ali Məclisində qəbul edildi. Buna görə də 18 oktyabra gedən yol bilavasitə dövlət atributlarımızın bərpası baxımından yanaşanda məhz Naxçıvandan başlayır və Ümummilli liderin adı ilə bağlıdır. 18 oktyabr tarixi hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs gündür. Bu günü yadda saxlamaq, unutmamaq, əbədi etmək bizim borcumuzdur”.

Ötən 27 il ərzində Azərbaycanın böyük nailiyyətlər əldə etdiyini deyən tarix üzrə fəlsəfə doktoru söyləyib ki, ilk növbədə milli dövlətimizin əsasları yaradılıb: “1995-ci ildə ilk müstəqil Azərbaycan dövlətinin Konstitusiyası qəbul edilib. Ötən müddət ərzində Azərbaycan Konstitusiyasına dövrün tələblərinə uyğun olaraq dəyişikliklər edilib ki, bu da ölkəmizin sosial, iqtisadi, mədəni və digər sahələrinin sürətlə inkişafı ilə bağlıdır”.

C. Bəhramov vurğulayıb ki, Azərbaycan artıq dünya ölkələri arasında de-yure dövlətdir: “ Azərbaycanda hazırda Cənubi Qafqaz regionunun lider dövlətidir. 1993-2003-cü illərin Azərbaycan tarixində müstəsna yeri var. Çünki bu illər ərzində Ulu Öndərin səyləri nəticəsində müasir, güclü Azərbaycan dövlətinin əsası qoyulub, onun bütün dövlət atributları, dövlət mexanizmi yaradılıb. Biz bu tarixlə fəxr edirik. Ümummilli liderin fikirlərinə istinad edərək demək istəyirəm ki, bu müstəqillik dönməz, əbədidir. Müvəqqəti olaraq 200 il ərzində itirilən torpaqlarımızın geri qaytarılması üçün beynəlxalq hüquqa əsas yaranıb. Bizim başqa xalqların torpağında, sərvətində gözümüz yoxdur. Bizə tanrı tərəfindən verilən bu tarixi, ilk növbədə işğal olunmuş torpaqlarımızın geri qaytarılması yalnız Azərbaycan xalqına müəssər olacaq bir missiyadır. Bu torpaqlar Prezident İlham Əliyevin səyləri nəticəsində geri qaytarılacaq”.

İnstitutun elmi işlər üzrə direktor müavini qeyd edib ki, Ermənistan və onun himayədarları, eləcə də Azərbaycan düşmən kəsilən qüvvələr bilməlidir ki, ölkəmiz nəinki işğal olunmuş Qarabağ torpaqlarını, o cümlədən 7 rayonumuzla bərabər Zəngəzuru, Dərələyizi, Göyçə Mahalını, İrəvanı geri qaytaracaq: “ Çünki, bunun üçün xalqımızın çox böyük intellektual, potensialı, iqtisadiyyatı var”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə