"Azərbaycana qarşı kimsə cürət edib yüksək tribunalardan söz deyə bilmir" ÖZƏL-ŞƏRH

“Prezident İlham Əliyevin qəti, əzmli və prinsipial siyasətinin nəticəsidir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyət Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyir və bu mövqe ardıcıl surətdə daha da güclənir. Bu mütləq belədir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, illər öncə Azərbaycan öz səsini dünyaya çatdırmağa çətinlik çəkirdi: “Yadımdadır ki, Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra bir topa xəritə çap etdirmişdi. Ulu Öndər hara gedirdisə o xəritələri özü ilə aparırdı. Ümummilli Lider masa üzərində və yaxud da əyani şəkildə o xəritələrlə Azərbaycanın coğrafiyasını, işğal olunmuş rayonları, çadır şəhərciklərini nümayiş etdirirdi. Belə bir çətin şəraitdə Ulu Öndər Azərbaycanı dünyaya tanıtmağa çalışırdı. Təbiidir ki, Azərbaycan yaxşı tanınmadığına, bilinmədiyinə görə də bizim ədalətli mövqeyimizin dəstəklənməsi problemli idi. Amma sonrakı Prezident İlham Əliyevin dönəmində Azərbaycan çox sürətli bir şəkildə dünyaya inteqrasiya olundu və qlobal səviyyədə özünü tanıtdı. Təbii ki, tanıtdıqca da bizə münasibət dəyişməyə başladı. Yəni nə qədər ki, biz dünyada yaxşı tanınmırdıq ermənilərin mövqeyi üstün idi, hər yerdə onların sözü keçirdi, onları haqlı sayırdılar.

Amma sonrakı mərhələlərdə artıq cənab İlham Əliyevin səyləri nəticəsində vəziyyət kökündən dəyişdi. Artıq Azərbaycanın tanınması deyə bir problem ortada qalmayıb. Eyni zamanda Azərbaycan tanınmaqla bərabər həm də ölkəmizin ədalətli mövqeyi qəbul edilməkdədir. Aparılan ümumi xarici siyasətin nəticəsi ona gətirib çıxarıb ki, bugünləri Azərbaycanın ədalətli mövqeyi ən azından etiraf olunur, hətta etiraf olunmasa belə Azərbaycana qarşı kimsə cürət edib ciddi şəkildə yüksək tribunalardan söz deyə bilmir. Eyni zamanda Azərbaycan Respublikası mövcud sərhədlər çərçivəsində tanınır və qəbul edilir. Təbiidir ki, bütün bunlara nail olmaq üçün Prezident İlham Əliyev ötən 15 il ərzində həqiqətən də çox ciddi səy göstərib və mümkün qədər ona nail olmağa çalışıb ki, Azərbaycanın ümumiyyətlə mövqeyi ilə bağlı sual yaranmasın”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə