Jurnalistin qatili ekstradisiya olundu

Bolqar jurnalisti Viktoriya Marinovanın qətlində şübhəli bilinən Severin Krasimirov Almaniyadan Bolqarıstana ekstradisiya olunub. SİA xəbər verir ki, bu barədə eurinew-in rus dilli saytında məlumat yayılıb. Məlumata görə, Krasimirovun ekstradisiyası zamanı Sofiyanın hava limanında təhlükəsizliyin təminatı gücləndirilib.

Almaniya polisi tərəfindən saxlanılan Severin Krasimirov bu ölkənin Sell şəhərində keçirilmiş məhkəmədə təqsirini qismən etiraf edib. Məhz bundan sonra məhkəmə onun Bolqarıstana ekstradisiya olunması barədə qərar qəbul edib. Belə ki, şübhəli şəxs cinayəti törətdiyi vaxt narkotik maddələrin və alkoqolun təsiri altında olduğunu bildirib. Onun sözlərinə görə, qadına zərbə endirdikdən sonra, onu dərəyə itələyib. Lakin o, seksual zorakılıq ittihamlarını rədd edib.

Xatırladaq ki, Viktoriya Marinova 12 gün öncə qətlə yetirilib. Onun cansız bədənini Dunay çayının yaxınlığında yerləşən şəhərciyin parkında tapıblar. Ona qarşı törədilmiş cinayət versiyalarından biri peşə fəaliyyəti ilə bağlıdır. Jurnalist öz süjetlərində Avropa məhkəməsinin Bolqarıstan infrastukturunun tikintisi üçün ayırdığı vəsaitlərin yeyintisindən bəhs edib.

Marinova son iki ildə sayca, dördüncü qətlə yetirilmiş avropalı jurnalistdir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə