“Bugünkü Azərbaycan rəqabətə davamlı və müasir bir dövlətdir” ÖZƏL-MÜNASİBƏT

"Dövlət müstəqilliyinin bərpası Azərbaycan tarixinin mühüm səhifələrindən biridir”. Bunu SİA-ya açıqlamasında millət vəkili, tarixçi-alim Musa Qasımlı deyib.

Deputatın sözlərinə görə, indiki Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq bərpa edilib: "Ötən 27 ildə keçilən yol bir çox ölkələrin onilliklər ərzində keçdiyi yola bərabərdir. Cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bugünkü Azərbaycan rəqabətə davamlı və müasir bir dövlətdir. Güclü ordumuz vardır. Azərbaycan dövləti keçmiş sovet məkanında müstəqil inkişaf etməyin nümunəsini verib”.

Qeyd edək ki, 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. Azərbaycan Respublikası Ali Sovetinin "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul etməsindən 27 il ötür. XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırıb. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.

Rusiyadakı demokratik qüvvələrin fəaliyyəti nəticəsində SSRİ respublikalarında da mərkəzdənqaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatmışdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da "Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında" bəyannamə qəbul edilib. Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə