Arif Hacılı diplom satır 72-si 500 min avroya!

Müsavatın “mühacir biznesi”nin daha bir tərəfi

Radikal düşərgədə “mühacir biznesi” məsələsi günü-gündən daha qabarıq şəkildə yer almaqdadır. Xüsusilə, Avropa ölkələrinə “siyasi mühacir” adı ilə sızanların əksəriyyətinin AXCP və Müsavat partiyaları tərəfindən saxta sənədlərin verilməsindən istifadə etdikləri də kimsəyə sirr deyil. İstər Əli Kərimlinin, istərsə də Arif Hacılının möhür və ştamplı təsdiqləri, o cümlədən, “mühacirlərə” verdikləri rəylər, guya onların Azərbaycanda hakimiyyət tərəfindən təqib olunmalarını sübut edən saxta arayışlar söz yox ki, pul-para müqabilində reallaşdırılır. Artıq dəfələrlə o da isbatlanıb ki, mitinq və aksiyalarda ümumi şəkil çəkdirmək üçün bir, partiya sədrləri ilə şəkil çəkdirmək isə digər qiymət preyskurantları ilə ölçülür. Bu qiymət cədvəlləri haqqında da mətbuatda kifayət qədər informasiyalar yer alıb.

Frankfurt səfərinin pərdəarxası məqamları – bazar siyasəti

Ancaq ortada digər maraqlı məqamlar da var və necə deyərlər, “mühacir bizneslərini” təkmilləşdirən radikal müxalifətin siyasi partiya “liderləri” yeni-yeni “ideyalarla” çıxışlar edirlər. Buna misal kimi, Müsavat başqanı A.Hacılının bu ilin yayında Almaniyaya etdiyi səfərini xatırlaya bilərik. Bununla bağlı bir sıra sabiq müsavatçılar A.Hacılının “biznes layihəsini” ifşa edən faktlarla bir-birindən ilginc məlumatlar səsləndirmişdilər. Məsələn, bəlli olmuşdu ki, Arif Hacılı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlərə qatılmaq üçün, daha doğru desək, bu tarixi faktdan sui-istifadə edərək, qazanc əldə etmək üçün, Frankfurt şəhərinə səfər etdi. Məhz keçmiş müsavatçılar da belə fikirdə idilər ki, A.Hacılının Almaniyaya getməsində məqsəd heç də tarixi AXC-nin yubiley tədbiri olmayıb. Bəlli olub ki, Müsavat başqanı ölkədən gedərkən özü ilə Avropada saxta siyasi mühacir statusu almaq istəyən şəxslərə satmaq niyyəti ilə 72 ədəd Müsavat “diplomu” da aparıbmış. Nəticədə siyasi partiyasının maraqlarını bir kənara ataraq, bazar maraqlarını güdən və Müsavat adından saxta diplom alverini reallaşdıran Hacılı 72 ədəd diplomun hərəsini 500 avroya sataraq, ümumilikdə, şəxsi büdcəsinə 36 min avro əlavə etmiş olub. Nəzərə alarsaq ki, həmin diplomlar sadə karton kağızdan hazırlanıb və onların hazırlanması xərcləri ümumilikdə maksimum 100 AZN-dən artıq da deyil, bu zaman rəqəmlər arasındakı fərqləri sadə hesab gözü ilə də seçmək mümkündür.

Müsavatçı mənbə: “Bu bazardan əldə edilən gəlirin bir hissəsi Razim Əmiraslanlı, Gülağa Aslanlı, Səxavət Soltanlı və Nüşabə Sadıxlı arasında bölüşdürülüb”

Müsavata yaxınlığı ilə seçilən mənbədən SİA-ya veriləm məlumata görə, həmin pulların haraya və hansı məqsədlərlə xərclənməsi də bəlli olub”Arif Hacılı AXCP-dəki həmkarı Əli Kərimlidən fərqli olaraq, bu kimi məsələlərdə simic deyil və qazancını partiya həmkarları ilə də bölüşüb”, deyən müsavatçı mənbə bildirib: ““Müsavata xidmətlərinə görə təltif olunan” şəxslər əsasən bu diplomlar vasitəsiləAvropada oturum almaq istəyən və mövqelərini daha da möhkəmləndirmək üçün istifadə edənlər olub. Diplom satışından əldə etdiyi vəsaitin bir hissəsini A.Hacılı partiyanın Avropadakı "işçilərinə" paylayıb, pulun qalan hissəsi Ankaraya səfər zamanı xərclənib. Yerdə qalan məbləğ isə A.Hacılını müşayiət edən partiya funksionerləri Razim Əmiraslanlı, Gülağa Aslanlı, Səxavət Soltanlı və Nüşabə Sadıxlı arasında bölüşdürülüb”.

Mənbənin iddiasının reallığı əks etdirməsi məqamlardan biri də “diplom”un paylanılması barədə xəbərlərin partiyaya aid saytlarda və sosial şəbəkələrdə işıqlandırılmamasıdır. Belə ki, tədbirin rəsmi hissəsi canlı yayımlarla təqdim edilsə də, əsas məsələ - “mükafatlandırılma” hissəsi heç bir yerdə qeyd olunmamışdı. Bu isə bir daha sübut edir ki, rəhbərlik etdiyi partiyasını siyasi alverdən açıq bazar alverinə çevirən Hacılı, onun bu addımının ictimailəşdirilməməsini istəyib. Çünki, kor-kor, gör-gör, bütün faktlar ortalıqdadır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə