"Rusiyada separatizmə dəstək yüksək səviyyədə təşkil olunub" ÖZƏL-MÖVQE

Rusiya Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarının Azərbaycanın işğal atlındakı ərazilərinə səfərlərini normal sayır. Bu mənada Rusiya XİN-dən yayılan belə bir açıqlama diqqəti cəlb edir: “Prinsip etibarilə hesab edirik ki, bu cür tədbirlərin uğur qazanması üçün münaqişə tərəflərinin anlayışı və dəstəyi vacibdir”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, məsələ burasındadır ki, bu səfərə Azərbaycan tərəfi razılıq verməyib: “Rusiyanın qadın ictimai xadimləri və deputatı Ermənistan üzərindən Dağlıq Qarabağa gəliblər. Həmin Rusiya vətəndaşları bilməli idilər ki, bu halda Azərbaycan XİN onları "persona non-qrata" elan edəcək.

Azərbaycan XİN Rusiya XİN-nin məsələyə münasibətinə tənqidi reaksiya verib. Dağlıq Qarabağa gedənlər arasında Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Svetlana Jurova da olub. Bu o deməkdir ki, Rusiyada separatizmə dəstək yüksək səviyyədə təşkil olunub. Svetlana Jurova bilsəydi ki, Duma rəhbərliyi və bütövlükdə hakimiyyət dairələri onun separatçı bölgəyə səfərinə mənfi yanaşacaq, Dağlıq Qarabağa getməzdi. Rusiya XİN-nin “məsələyə reaksiyasi” onu göstərir ki, elə bu qurum da Svetlana Jurovaya işğalçı bölgəyə səfər üçün yaşıl işıq yandırıb. Azərbaycan bu ölkənin hərbi blokunamı üzv olmalı idi?”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə