Gəncədə Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirilib

17 oktyabr 2018-ci il tarixdə Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov Gəncə şəhər Gənclər Evində şəhər Gənclər və İdman Baş İdarəsinin və Gənclər Evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə 18 oktyabr -Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “Müstəqilliyimiz dönməzdir, əbədidir, daimidir” adlı tədbirdə iştirak edib.

SİA xəbər verir ki, tədbiri giriş sözü ilə açan şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşı Xəyalə Qurbanova çıxış edərək bildirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanıb. Təəssüf ki, 1918-ci ildə qazanılmış müstəqillik cəmi 23 ay yaşayıb. İkinci dəfə, 70 il sonra Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verib, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olunub. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşub.
O, bu gün ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışaraq bildirdi ki, Ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra təsis olunan dövlət qurumlarından biri də məhz Gənclər və İdman Nazirliyi olub.
Tədbirdə çıxış edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov gənclərə insan hüquq və azadlıqları, Ombudsmanın fəaliyyəti və eləcə də beynəlxalq münasibətlər sistemində Azərbaycanın yeri və rolu barədə geniş məlumat verib. O bildirib ki, müstəqil xarici siyasət yürüdən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclü və nüfuzlu aktor kimi tanınmaqdadır. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Son bir neçə ildə Azərbaycanın əldə etdiyi uğurlar, hərtərəfli iqtisadi nailiyyətlər bizim ölkəmizi regionda güc mərkəzlərindən birinə çevirir və buna bizim coğrafi baxımdan çox strateji bir yerləşməmizi əlavə etsək, biz birmənalı olaraq böyük bir maraq oyadırıq, bütün beynəlxalq təşkilatlar, böyük dövlətlər bizə maraq göstərir, bizimlə yaxın olmaq, tərəfdaşlıq etmək istəyirlər. Bu gün Azərbaycanda dövlətimizin güclənməsinə xidmət edən və xalqımızın siyasi iradəsinə əsaslanan siyasət həyata keçirilir, Azərbaycan dünyanın diqqət mərkəzində olan geosiyasi məkanda yerləşir, böyük enerji ehtiyatlarına malikdir. Bununla belə, Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirməkdədir və bu siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün də uğurla davam etdirilir.
S.Abbasov tədbirdə həmçinin qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı təsdiq edilib. Bu proqramın məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləməkdir. Məqsəd həmçinin gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir. Qeyd edilən dövlət proqramının uğurlu icrası müstəqil Azərbaycan gəncliyinin inkişafına öz dəyərli töfhələrini verəcəkdir.
Tədbirdə çıxış edən Gəncə Dövlət Universitetinin Sosial Fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyev 1991-ci il tarixinə nəzər salaraq bildirib ki, 1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlayıb.
Şəhərin ali və orta ixtisas təhsili müəssisələrinin tələbə-gənclərinin iştirakı ilə baş tutan tədbir, gənclərin sual və təklifləri ilə davam edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə