Ermənistanda cərəyan edən hadisələr həqiqətən də qanunauyğunluqdan, normalar çərçivəsindən kənara çıxır və Nikol Paşinyanın anormal davranışları heç bir siyasi təcrübəyə uyğun gəlmir. Əslində siyasi oyunbazlıq görüntüləri yaradan səhnələr baş nazirin hiyləgərliyini, manipulyatorluğunu təsdiq edir. Demokratiya adı verilən, lakin yalnız hakimiyyət kürsüsünü qorumaqdan ibarət olan siyasi fəaliyyəti ən azından demokratiya adlandırmaq olmaz və buna yaxşı halda anarxiya, yaxud xaos demək olar.

Baş nazir N.Paşinyan istefa ərizəsini açıqlayıb və hətta bəyan belə edib ki, biz inqilabın növbəti mərhələsini yekunlaşdırırıq və yeni mərhələyə qədəm qoyuruq. Maraqlıdır, yekunlaşdırdığını iddia etdiyi inqlabın növbəti mərhələsi nə nəticə verdi və bu inqlab idi yoxsa dövlət çevrilişi? Yaxud, indi hakimiyyətini itirməmək üçün bir-birinin ardınca ültimatumlar belə verməkdən çəkinməyən, “mən bundan sonra da seçkilərə qədər baş nazir səlahiyyətlərini icra edəcəyəm”, “dekabrda təkrarən baş nazir postuna seçiləcəyəm” deyən nümayişçinin yeni mərhələ dediyi bundan öncəkindən nə ilə fərqlənir ki? Məgər bundan əvvəlki də, bundan sonrakı da yalnız Paşinyanın hakimiyyəti ələ keçirməsinə xidmət etmirdimi? İndi kimin üçün sirr ola bilər ki, istefa verən baş nazir bu manipulyasiyasını yalnız hakimiyyətini möhkəmləndirmək və bütün hakimiyyəti öz əlinə almaq üçün edir? Paşinyanın demokratiya nağıllarına qulaq asan, inanan varmı idarə etdiyi və istifadə etdiyi zombiləşmiş kütlədən başqa?

Baş nazir bu vaxta qədər iddia etdiyi demokratiyanı özü də təkzib edir

Maraqlıdır, Ermənistanda demokratiyanın qələbə çaldığını, yəni çoxluğun, xalqın hakimiyyətinin mövcudluğunu bu vaxta iddia edən baş nazir indi niyə deyir ki, növbədənkənar seçkilərin keçirilməsi xalqın hakimiyyətini geri qaytarmaq üçündür? Deməli, Paşinyan özü etiraf edir ki, Ermənistanda hakimiyyət xalqın deyil. Bir sözlə öz nitqində baş nazir bu vaxta qədər iddia etdiyi demokratiyanı özü də təkzib edir.
İstefa verən baş nazir yol xəritəsini bəyan etməkdən də çəkinmir və əslində bu yol xəritəsindən daha çox tapşırığa və hədəyə bənzəyir. Öz istefasından sonra prezidentin yaxın 14 gün ərzində hökumətin istefasını qəbul etməsi tapşırığını verən baş nazir, parlamentin iki dəfə baş nazir seçə bilmədiyini, əks təqdirdə bunun parlamentin ləğvinə gətirib çıxaracağını xatırlatmaqla yenə də öz rəqiblərini hədələyir. Hətta dekabrda baş nazir postuna özünün təkrar seçiləcəyini də əminliklə ifadə etməklə yenə də təsdiq edir məqsədi yalnız və yanız öz postuna yenidən qayıtmaq, ələlxüsus hakimiyyəti mütləq şəkildə tam öz əlinə almaqdır.
Diqqəti cəlb edən əsas məqamlardan biri də budur ki, parlamentarilərin başqa namizəd irəli sürə biləcəyini də əvvəlcədən sığortalamaq istəyən Paşinyan xüsusi olaraq diqqətə çatdırır ki, 2 oktyabr hadisələri yenidən təkrarlana bilər. Hətta qeyd edir ki, biz istənilən ssenariyə hazırıq və heç bir güc xalqın iradəsinin əksinə gedə, ona qarşı çıxa bilməz. Belə məlum olur ki, “biz istənilən ssenariyə hazırıq” deməklə o özünü xalqın içində, onun bir nümayəndəsi, hətta səlahiyyətlisi kimi təqdim edir. Digər tərəfdən “heç bir güc xalqın iradəsinin əksinə gedə, ona qarşı çıxa bilməz” deməklə, heç kəs mənə qarşı gedə bilməz mesajı verir. Paşinyanın Ermənistanda demokratiya dediyi budurmu? Budurmu xalqın hakimiyyəti və xalqın yerinə danışıb qərar verən monipulyator nə vaxtdan demokratiya carçısı olub?

Öz rəqiblərinə “qırmızı xətt” barədə xüsusi ültimatumlar verən baş nazir yalnız hədə-qorxu dili ilə danışır

Ermənistan cəmiyyəti də bütün dünya ictimaiyyəti də şahidi oldu ki, N.Paşinyan öz rəqiblərinə “qırmızı xətt” barədə də xüsusi ültimatumlar verir. “Mən inanıram ki, onlar bu qırmızı xətti keçməyəcəklər” deməklə, istefa verən baş nazir rəqiblərinə “həddinizi aşmağı ağlınıza belə gətirməyin” mesajı verir. Görəsən, zombiləşmiş erməni nümayişçiləri bu avantüristin oyunlarını, hiyləgərliyini görmürmü? Görmürmü ki, hələ də küçə nümayişləri onun üçün dəyənək rolunu oynayır və ona qarşı gələnlərə ilk imkan tədbirində bu dəyənəklə hədə-qorxu gəlir?
Küçə nümayişlərindən, meydanlardan gəldiyi iddia edilən Nikol Paşinyan əslində, hələ də gəlib çıxmayıb və meydanlardaca qalıb. Heç bundan sonra da onun küçə və meydanları tərk edəcəyinə ümid yoxdur. Çünki, hakimiyyətdə, hüquq və idarəetmə müstəvisində heç bir dayağı, hətta yeri belə görsənməyən bir səriştəsiz üçün küçədə zombiləşdirdiyi kütlədən başqa istinad nöqtəsi, dayaq nə ola bilər? Belə bir şəraitdə və hakimiyyətdə qalacağı təqdirdə Paşinyanın hələ uzun müddət küçə idarəçisi olacağına zərrə qədər şübhə yoxdur. Bir sözlə, nə Paşinyanın, nə də erməni cəmiyyətinin iddia etdiyi demokratiyadan əsər-əlamət görsənmir və küçədən çıxan liderin oyunları hələ də davam edir. Kütlə isə bu oyunlara alət olaraq qəbul olunur. Belə bir halda Ermənistanın daxilində hələ hansı inqlab dalğalarının peyda olacağını proqnozlaşdırmaq çətindir. Amma hər halda hadisələr heç də sabitlik olacağını, ölkədə ictimai asyişin bərpa olacağını, işğalçı dövlətin bundan sonra belə səfalətdən yaxa qurtaracağını deməyə əsas vermir. Əksinə, Ermənistanı, erməniləri, bütün dövləti oyunlarına qurban edən Paşinyan hələ daha hansı oyunlardan çıxacağı bəlli deyil və bunun acı nəticələri Ermənistan üçün qaçılmazdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə