“İqtisadi müstəqillik bizim siyasi müstəqilliyimizi şərtləndirir" ÖZƏL-ŞƏRH

“Bu gün Azərbaycan dünyada çox sürətlə inkişaf edən bir dövlət imicinə malikdir. Təbii ki, bu da təsadüfi deyil. Bu Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş, məntiqi və ardıcıl siyasətinin nəticəsidir. Bu siyasətin əsasında Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs dayanır. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi bizim bütün nailiyyətlərimizin kökündə dayanan odur ki, biz Ulu Öndər siyasətinə sadiqik. Bu sadiqlik bizi yeni-yeni uğurlara gətirib çıxarır. Təbii ki, bu uğurlarımızı beynəlxalq qurumlar da təsdiqləyir və onların hesabatlarında bu qeyd olunur”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Onun sözlərinə görə, bu yaxınlarda Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 57-ci yerə layiq görülmüşdür: “Yəni 8 pillə mövqeyini yaxşılaşdırmışdır. Eyni hesabatda Azərbaycan Şərqi, Mərkəzi Avropa və Mərkəzi Asiya ölkələri arasında ən çox islahatlar aparan üç ölkədən biri hesab edilmişdir. Biz artıq xeyli müddətdir ki, Dünya İqtisadi Forumunun hesabatlarında çox yüksək nəticələrə nail oluruq. Məsələn, biz 2005-ci ildə iqtisadiyyatın rəqabət qabiliyyətinə görə 69-cu mövqedə idiksə, 2018-ci ildə biz 35-ci mövqeyə gəlib çatdıq. Böyük İyirmiliyin İndoneziya kimi ölkəsi 36-cı mövqedə idi, eləcə də Rusiya kimi nəhəng dövlət 38-ci mövqedə idi, Hindistan 40-cı, İtaliya 43-cü mövqedə, Türkiyə kimi qardaş dövlət 51-ci yerdə və s. qərarlaşmışdı. Eyni zamanda inklüziv inkişaf indeksinə görə biz inkişaf etməkdə olan 30 ölkə arasında 3-cü mövqedəyik. Bizdən öndə isə 30 inkişaf etmiş dövlət var. Artıq yenidən Dünya İqtisadi Forumunun hesabatı dərc olunub. Həmin hesabatda biznesin inkişaf dinamikasına görə Azərbaycan 31-ci mövqeyə yüksəlib. Bunlar çox böyük nəticələrdir.

Bütün bunlar ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu iqtisadi siyasətinin təntənəsidir və nəticələridir. Bizim iqtisadi azadlığımız, sərbəstliyimiz və müstəqilliyimiz var. İqtisadi müstəqillik bizim siyasi müstəqilliyimizi şərtləndirir. Bu səbəbdən də Azərbaycan beynəlxalq aləmdə çox fəal siyasət həyata keçirir və heç kimdən asıllığımız yoxdur. Biz bərabər hüquqa, qarşılıqlı faydalı əməkdaşlığa, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə hörmət edən dövlətik”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə