Azərbaycanın üstünlüyü yeni dövrün hesabatında öz əksini tapır

Qlobal Rəqabətlilik Hesabatında ölkəmizin qərarlaşdığı yer rəqabət imkanlarının artdığını təsdiq edir

Dünya İqtisadi Forumunun tamamilə yeni metodologiya əsasında ictimaiyyətə təqdim etdiyi Qlobal Rəqabətlilik Hesabatına yeni indiqatorlar daxil edilib və 74 faizi, yəni 84 indiqatoru çıxarılaraq, 68 yeni indiqator daxil edilən hazırki hesabat əvvəlki hesabatdan əhəmiyyətli dərəcədə fərqlənir ki, 98 indiqatordan ibarət bu hesabatın 70 faizi tamamilə yenidir. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumu bu metodologiyanı yeni nəsil “4.0” kimi ictimaiyyətə təqdim edib və bu da öz növbəsində ondan xəbər verir ki, “Qlobal Rəqabətlilik Hesabatı-2018/2019” ilk hesabat olmaqla, yeni dövrün hesabatıdır.
Yeni metodologiya əsasında hazırlanmış Qlobal Rəqabətlilik Hesabatında ilk dəfə qiymətləndirilən Azərbaycanın qərarlaşdığı yer rəqabət imkanlarının artdığından xəbər verir. Bu ilk hesabatda Türkiyə, Serbiya, Gürcüstan, Cənubi Afrika Respublikası və Xorvatiya ilə birlikdə ölkəmizin 7-ci onluğa daxil olması, daha dəqiq desək 140 ölkə arasında 69-cu yerdə qərarlaşması çox yaxşı göstəricidir. Sevindirici haldır ki, yeni hesabatda infrastruktur, təhsil və bacarıqlar, eyni zamanda biznesin dinamikliyi kimi üç indikator üzrə Azərbaycanın mövqelərini əhəmiyyətli dərəcədə yaxşılaşdırdığı da öz əksini tapır. Bu isə o deməkdir ki, ölkəmiz özünün inkişaf dinamikasını qoruyub saxlayır və daha yüksək götəricilərə ümid etməyə dəyər.

Sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə olan Azərbaycanda aparılan məqsədyönlü siyasət diqqət mərkəzindədir

Yeni dövrün hesabatında, yəni, “Qlobal Rəqabətlilik Hesabatı-2018/2019”-da Azərbaycanın ən yüksək yerdə qərarlaşdığı indiqatorlar da var və sözügedən hesabatda ölkəmiz dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi vurğulanır və bu heç də təsadüfi deyil. Ona görə təsadüfi deyil ki, məhz sosial bərabərliyin təmin edilməsi istiqamətində ölkəmizdə aparılan məqsədyönlü siyasət heç də diqqətdən yayına bilməz. Görünür, ölkə başçısının rəhbərliyi ilə sosial bərabərliyin təmin edilməsində, özü də ən yüksək səviyyədə təmin edilməsində görülən işlər, aparılan siyasət diqqət mərkəzindədir və bu da öz növbəsində sözsüz ki, dəyərləndirilir.
Əhalinin elektriklə təchizatı səviyyəsinə görə Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın maksimal 100 faiz bal alması və dünyada ilk pilləyə yüksəlməsi isə xüsusilə təqdirə layiqdir. Nəzərə almaq lazımdır ki, bir çox dünya ölkələri hələ də elektrik enerjisi ilə bağlı problemlərlə üzləşir və əhalinin elektriklə təchizatı digər dövlətlərdən alınan elektrik enerjisi hesabına təmin edilir. Yaxud, Ermənistanın xaricdən aldığı elektrik enerjisinin, həmçinin özünün qəza vəziyyətində olan Metsamor AES kimi təhlükəli stansiyasının həmin ölkənin elektrikə olan tələbatını ödəmək iqtidarında olmaması fonunda əhalinin elektriklə təchizatı səviyyəsinə görə Azərbaycanın yeni dövrün hesabatında maksimum 100 faiz bal qazanaraq, ilk pilləyə yüksəlməsi heç də adi hal deyil və hətta yüksək nəticədir. Eyni zamanda bu o deməkdir ki, ölkəmizin rəqabət qabiliyyətliliyi, inkişaf dinamikası işğalçı dövlətlə müqaisə belə olunan deyil və bunu Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı da təsdiq edir. Daha dəqiq desək, müqisə olunmayacaq dərəcədə olan bu fərq, ölkəmizin üstünlüyü yeni dövrün hesabatında olduğu kimi etiraf edilir.
Yeni nəsil metodologiya əsasında hazırlanmış hesabatda ətraf mühitə təsir və inklüziv inkişaf indikatorları üzrə də Azərbaycan lider mövqelərini qoruyub. İnklüziv inkişaf iqtisadi inkişaf dövründə iqtisadi proseslərin iştirakçılarına cəmiyyətin hər bir sahəsi üçün faydaları olan bərabər imkanlar təmin edən konsepsiyadır və bu konsepsiya iqtisadi inkişafın ənənəvi modellərini genişləndirir, səhiyyə sahəsində bərabərliyə, insan kapitalına, ətraf mühitin keyfiyyətinə, sosial müdafiəyə və ərzaq təhlükəsizliyinə xüsusi diqqət yetirir. Deməli, ölkəmizin iqtisadiyyatın makroiqtisadi və mikroiqtisadi determinantları və iqtisadi inkişaf arasında birbaşa əlaqələri nəzərə alan inklüziv inkişafı da diqqəti cəlb edib və yüksək qiymətləndirilib.

Ölkəmizdə biznes mühitinə yaradılan münbit şərait Azərbaycanın biznesin dinamikliyi reytinqi üzrə ön pillədə qərarlaşmasını şərtləndirir

Biznesin dinamikliyi reytinqi üzrə dünyanın 140 ölkəsi arasında Azərbaycanın 31-ci yerdə qərarlaşması isə heç də təsadüfi deyil və bu göstərici son illər Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatların məntiqi nəticəsidir. Əbəs yerə deyil ki, həmin indikatora əsasən, Azərbaycanın mövqeyi biznesə başlamaq üçün tələb olunan günlərin sayı alt-indikatoru üzrə 17-ci, müflisləşmə normativ hüquqi bazası alt-indikatoru üzrə 17-ci, sahibkarlıq riskləri alt-indikatoru üzrə 21-ci və ideyaların şirkətə təsiri alt-indikatoru üzrə 25-ci olub.
Ölkəmizdə sahibkarlıq fəaliyyəti üçün yaradılan münbit şərait, sahibkarlıq sübyektlərinə dövlət tərəfindən güzəştlərin tətbiq edilməsi, öhdəliklərdən azad edilməsi, dövlət vəsaitləri hesabına iş adamlarına, sahibkarlara subsidiyaların, güzəştli kredirlərin təqdim edilməsi ölkəmizin biznesin dinamikliyi reytinqi üzrə ön pillədə qərarlaşmasını şərtləndirir. Qeyri neft sektorunun daha da inkişaf etdirilməsi istiqamətində, istehsal, emal, xüsusən də kənd təsərrüfatı sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə dövlət tərəfindən göstərilən dəstək əlbəttə ki, diqqətdən yayınan deyil. Məhz elə buna görə də ölkədə biznes mühitinə yaradılan münbit şərait Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında öz əksini tapır.
Göründüyü kimi, qlobal trendlərin nəzərə alındığı, yeni dövrün ilk Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan bir neçə indikator üzrə yüksək nəticələrə haqlı olaraq layiq görülüb. Amma gələcəkdə bu nəticələrin daha yüksək nəticələrlə əvəz olunacağına zərrə qədər şübhə ola bilməz. Çünki, bu nəticələr Azərbaycanın gələcəkdə digər indikatorlar üzrə də daha yaxşı nəticələr əldə edəcəyinə yeni imkanlar və əsaslı zəmin yaradır.
YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın ən yüksək yerdə qərarlaşdığı indiqatorlar barədə fikirlərini bizimlə boluşüb.
Məlahət İbrahimqızı: “Son 15 ildə bütün sahələrdə, xüsusən də iqtisadiyyatda böyük nailiyyətlər əldə olunub”
“Ölkəmiz aparılan düzgün, məqsədyönlü siyasətin nəticəsi olaraq iqtisadi göstəricilərinə görə dünyada aparıcı yerlərdən birini tutur. Son 15 ildə bütün sahələrdə, xüsusən də iqtisadiyyatda böyük nailiyyətlər əldə olunub”. Bunu SİA-ya açıqlamasında YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı deyib. Onun sözlərinə görə, bu yaxınlarda keçrilən Nazirlər Kabinetinin iclasında da Cənab Prezidentimiz qeyd etdi ki, qəbul edilən regionların sosial iqtisadi inkişafına dair dövlət proqramları, eləcədə digər iqtisadi dövlət proqramlarının hamısı yüksək səviyyədə həyata keçirilibdir və indi yeni mərhələdə, yeni proqramlar qəbul olunacaq: “Azərbaycanda elə bir sahə yoxdur ki, orada ən yüksək nailiyyətlər əldə olunmasın. İşsizliyin ən aşağı həddə düşməsi misal gətirilə bilər və qeyd etmək lazımdır ki, dünya ölkələrində işsizliyin ən aşağı səviyyəsi nə qədərdirsə, Azərbaycanda da o səviyyədədir. Yoxsulluq göstəricisi hazırda 4 faisdən də aşağıdır. Ümumiyyətlə yoxsulluq və işsizlik son 9 ayda əhəmiyyətli dərəcədə azalıb. Yəni demək istəyirəm ki, Azərbaycanda işsizliyin aşağı olması, iqtisadi sahədə əhəmiyyətli dərəcədə uğurlar, əhalinin sosial-rifah halının yaxşılaşması dünyanın inkişaf etmiş ölkələri ilə bərabər sırada olmasını şərtləndirən amillərsəndir. Bu uğurlar, nailiyyətlər ölkə Prezidenti Cənab İlham Əliyevin apardığı müdrik siyasətinin nəticəsidir. Düntya İqtisadi Forumu da bu nəticələri əsas götürərək Azərbaycanı açıqladığı hesabatında öndə olan dövlətlərdən biri kimi qeyd edib”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə