BAXCP rəsmisi: “11 000 manat bütün şəhid ailələrinə verilməlidir" ÖZƏL-MÖVQE

“Şəhid ailələri hamımız üçün çox müqəddəsdir, onlar müstəqil Azərbaycanın ərazi bütövlüyü üçün, vətənimiz üçün canlarını qurban verib şəhidlik zirvəsinə ucalıblar. Cənab Prezident İlham Əliyev şəhid ailələrinə müəyyən təsəlli üçün hər birinə birdəfəlik 11 000 manat vəsaitin verilməsinə dair fərman imzalayıb. Bu fərman cəmiyyətdə çox müsbət qarşılanıb”. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, bir neçə gündür ki, həm sosial şəbəkədə, həm də mediada bir qrup şəhid ailələrinin video müraciətləri yayılır ki, müvafiq qurumlar həmin 11 000 manatın şəhid ailələrinə veilməsinə maneçilik törətmək istəyirlər: “Bununla bağlı onlarla şəhid anaları, ailələri Milli Məclisin önünə gedərək etiraz ediblər. Şəhid ailələrinin bu etirazını xarici dairələrinin təsirində olan və Avropada oturub öz dövlətini satan murdar ünsürlər əllərində “əsas” tutaraq şou düzəldirlər. Bütün bunlar araşdırılmalıdır ki, baş vermiş hadisənin nə qədər hüquqi əsası var. İddiaya görə, müvafiq qurumlarla – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Azərsığorta” dövlət agentliyinin nümayəndələri ilə müəyyən anlaşılmazlıqlar var. Şəhid ailələri arasında ayrıseçkilik ola bilməz. Artq baş vermiş hadisə ilə bağlı parlamentin üzvləri də parlament rəhbərliyi qarşısında məsələ qaldırıb. Hər bir vətəndaşımız da öz narahatçılığını bildirir. Minlərlə insan “facebook” üzərində buna kəskin etirazını bildirir. İnanıram ki, baş vermiş hadisə təcili sürətdə araşdırılacaq və hər bir şəhid ailəsi Ali Baş Komandan cənab İlham Əliyevin verdiyi fərmandan yararlanacaq. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin qarşısında baş əyirəm! Onlar heç bir zaman xalqımızın yaddaşından silinməyəcəklər! Ruhları şad olsun!”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə