Müstəqilliyimiz dönməz və əbədidir!

YAP Yasamal rayon təşkilatında müstəqilliyimizin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında müstəqilliyimizin 27-ci ildönümü münasibəti ilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, partiyanın fəaliyyətində rolu olan ziyalılar və elm xadimləri, gənclər və fəallar iştirak ediblər.

Öncə, YAP sıralarına yeni qəbul olunmuş üzvlərlə vəsiqələri təqdim olunub.

Sonra mövzu ilə bağlı çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bildirib ki, bu müstəqilliyi əldə etmək heç də asan olmayıb. “Azərbaycan SSRİ-nin tərkibindən yenicə ayrılmışdı və digər respublikalardan fərqli olaraq, ölkəmiz daha ağır və keşməkeşli yol qət edib”, deyə qeyd edən Tağı Əhmədov həmçinin bildirib ki, daha öncəki müstəqilliyimiz cəmi 23 ay sürsə də, bu müstəqillik tariximiz artıq 27-ci ildönümünə qədəm qoyur: “Biz, eyni zamanda Prezident İlham Əliyevin ali hakimiyyətə gəlməsinin 15-ci ildönümünü də böyük qürur hissi ilə qeyd etməkdəyik. Xüsusilə, bu tariximizin əsasında Ulu Öndər Heydər Əliyev siyasəti dayanmaqdadır. Çünki 1990, 1991, 1992-ci illərdə həqiqətən də çox çətin dövrlər olub. 90-cı ilin yanvarında qanlı yanvar hadisəsi baş verib, 1991-ci ildə yarıtmaz siyasəti ilə ölkəmizi uçuruma aparan Ayaz Mütəllibov SSRİ-nin tərkibində qalmaq üçün referendum keçirib və həmin vaxt Ulu Öndər Heydər Əliyev Naxçıvana rəhbərlik edirdi, ona görə də bu referendum orada keçirilmədi. 1992-ci ildə isə AXC-Müsavat iqtidarı hakimiyyətdə idi və həmin dövrlərdə baş verənləri də bir çoxları yaxşı xatırlayır. Düzdür, müstəqilliyimizə hələ yenicə qovuşmuşduq, lakin onun itirilmə təhlükəsi də göz önündə idi. Belə bir ərəfədə Azərbaycan xalqı yalnız Ümummilli Lider Heydər Əliyevi özünün xilaskarı olaraq gördü. Yəni bu, həmin ərəfə idi ki, Azərbaycanda xaos hökm sürürdü, dövlət büdcəsi talan olunmuşdu, ölkədə hər addımbaşı cinayətlər törədilirdi. Müstəqil respublika elan olunsaq da, ancaq bu müstəqilliyi qoruyub-saxlamaq qeyri-mümkün bir hala çevrilmişdi. Azərbaycan xalqının çıxılmaz durumda olmasına baxmayaraq, o vaxt iqtidarda olanlar ancaq öz şəxsi niyyətlərinə, şəxsi arzularına xidmət edirdilər. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə, milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Məhz “Səs” qəzeti vasitəsi ilə Heydər Əliyevə müraciət edən ziyalılara cavab verən Heydər Əliyev yenicə əldə edilmiş müstəqilliyimizin qorunub-saxlanılmasında, onun bərqərar olmasında əvəzsiz, tarixi rolunu oynadı. Çünki Heydər Əliyev hələ Naxçıvanda olarkən, artıq Azərbaycanı siyasi cəhətdən idarə edirdi. Xalqımız Ona inanır, Ona güvənirdi”.

“Ulu Öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra - Müstəqilliyimiz dönməzdir, sarsılmazdır və əbədidir kəlamını vurğulayaraq, Azərbaycanı bütün sahələrdə inkişaf etdirməyə başladı”. deyə qeyd edən Tağı Əhmədov bu gün həmin siyasətin Onun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirdiyini bildirib: “Xoşbəxt o xalqdır ki, onun Ümummilli Lideri var. Çünki lider xalqı daim irəli aparır. Azərbaycan xalqı da Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf və tərəqqi yolundadır. Bu gün Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir”.

Tədbir diskussya və müzakirələrlə başa çatdırılıb.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə