“Ermənistanın baş naziri Nikol Paşinyan istefa verməklə yenidən qayıtmaq, öz mövqelərini daha da gücləndirmək, sabun köpüyü kimi qısa bir zamanda havaya buxarlanmış imicini bərpa etmək istəyir. O himayədarları ilə növbəti oyununu oynayır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

Paşinyanın təminat qarşılığında oyuna getdiyini deyən deputat bildirib ki, əks halda o belə addım atmazdı: “Görünür Paşinyan nəyinsə qarşılığında bu addımı atıb. Paşinyanın təminatı olmasaydı, istefa verməzdi. Onun hazırda məqsədi vaxt udmaqdır. Lakin bu vaxtın onun üçün nə qədər uğur gətirəcəyi müəmmalı görünür”.

E.Səlimovun sözlərinə görə, Paşinyan nə istədiyini özü də bilmir: “Paşinyan ciddi siyasətçi deyil, bu gün dediyini sabah təkzib edir və nə istədiyini heç özü də bilmir. Əgər Paşinyan seçkilərdən sonra düzgün addım atmazsa, onun da sonu digərlərindən seçilməyəcək. Lakin Paşinyan olmayan ağlını başına yığıb, nicat yolu tapmaq istəyirsə, o zaman indiki addımlarından əl çəkib Azərbaycanla münasibətləri normallaşdırmalıdır. Bunun da yolu əlbəttə ki, ölkəmizin işğal olunmuş ərazilərinin azad edilməsi, ədalətli sülhdən keçir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə