"Hesabat sosial-iqtisadi siyasət modelimizin düzgün seçildiyini göstərir" AÇIQLAMA-ÖZƏL

“Azərbaycanın beynəlxalq reytinqlərdə daim irəliləməsi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət modelinin düzgün seçildiyini göstərir”. Bu fikirləri SİA-ya Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı Rüfət Quliyev Azərbaycanın Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında yüksək qiymətləndirilməsinə münasibət bildirərkən deyib.

Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasət modelinin inkişaf qabiliyyətini göstərdiyini deyən deputat bildirib ki, Azərbaycanda bu modelin bəzi formaları 2015-2016-cı illərdə tətbiq edilərək müsbət nəticələr əldə edilib: “Bildiyiniz kimi həmin dövrdə bir sıra ölkələr maliyyə böhranı ilə üz-üzə qalsalar da, Azərbaycan iqtisadiyyatı bu problemlərlə mübarizəsini göstərdi. Bu gün kifayət qədər iqtisadi əlaqələrə malik olduğumuz qonşu ölkələr - Rusiya, İran və Türkiyə, Qazaxıstanda milli valyuta ilə bağlı böyük devalvasiya yaşandı. Azərbaycanın milli valyutası artıq xeyli müddətdir ki, stabildir və ölkəmizdə devalvasiya ilə bağlı heç bir gözlənti yoxdur. Bundan əlavə həmi ölkələrin inflyasiyaya məruz qaldığı da ortadadır”.

R.Quliyev söyləyib ki, Azərbaycanın Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında irəliləməsini Azərbaycanda sosial-iqtisadi siyasət modelinin formalaşması, inkişafı ilə yanaşı, həm də onun tətbiqinin müsbət nəticələri kimi dəyərləndirmək olar: “Bildiyini kimi hesabat tamamilə yeni metodologiya əsasında ictimaiyyətə təqdim edilib. Bu hesabatda ölkəmizin bir neçə indikator üzrə yüksək nəticələr əldə etməsi, Azərbaycanın iqtisadi inkişaf reallıqlarının nümayişi ilə yanaşı, beynəlxalq imicinin daha da yüksəlməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Biz əminik ki, ölkəmiz növbəti hesabatlarda bundan da üstün nəticələr əldə edəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...