"Azərbaycanın hesabatda yüksək dəyərləndirilməsi aparılan islahatların uğuru ilə bağlıdır" MÖVQE-ÖZƏL

“Dünya İqtisadi Forumunun rəqabət qabiliyyətinə görə Azərbaycanı yüksək dəyərləndirilməsi, bir neçə pillə irəli çəkməsi, təbii ki, ölkəmizdə aparılan iqtisadi islahatların uğuru ilə bağlıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Azərbaycanda milli iqtisadiyyatın əsas 11 sektoru üzrə strateji yol xəritələrinin icra olunduğunu deyən deputat bildirib ki, bu yol xəritələrində iqtisadiyyatın ayrı-ayrı sahələrində inkişaf nəzərdə tutulub.

A.Badamov söyləyib ki, Forumun bundan öncəki hesabatlarında müxtəlif indekslər üzrə ölkəmizlə bağlı geriləmələr var idisə, artıq bu xəritələrin icrası həmin sahələrin də inkişaf etməsinə şərait yaradıb: “Bunun nəticəsidir ki, bu gün Dünya İqtisadi Forumunun hesabatlarında Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyi yüksək dəyərləndirilir”.

Deputat qeyd edib ki, ölkəmizin beynəlxalq hesabatlarda irəliləməsi bizi sevindirməlidir: “Çünki bu, rəqabət qabiliyyətli iqtisadiyyata malik olan ölkələrə investorların marağını daha da artırır ki, bu da ölkə iqtisadiyyatının daha da sürətlənməsinə imkan yaradır. Hesabatda yer alan göstəricilər təbii ki, Azərbaycan iqtisadiyyatının reallığıdır.

“Dünyada 197 ölkə var. Rəqabət qabiliyyətlilik əmsalı 155 ölkə arasında aparılır. Azərbaycanın bu ölkələr sırasında 35-ci yerdə olması və daha da irəliləməsi ölkəmizin inkişafı deməkdir. Bizdən öncə ölkələrə nəzər yetirərkən bu ölkələrin inkişaf etmiş ölkələr və iqtisadiyyatı rəqabətə dözümlü olduğunu görürük Azərbaycanın bu ölkələr arasında yer alması əlbəttə ki, sevindiricidir. İcrasına başladığımız islahatlar və müəyyən olunana hədəflərin icrası başa çatdıqdan sonra ölkəmiz ilk yerlərdə qərarlaşa biləcək”, - deyə A. Badamov vurğulayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə