Azərbaycan Ombudsmanının nümayəndəsi Beynəlxalq konfransda iştirak edib

10-12 oktyabr 2018-ci il tarixdə Mərakeş Krallığının Mərrakeş şəhərində Milli İnsan Hüquqları Təsisatlarının 13-cü Beynəlxalq Konfransı keçirilib.

SİA xəbər verir ki, Konfrans BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının, Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRİ) və Milli İnsan Hüquqları Şurasının təşkilatçılığı ilə “Vətəndaş cəmiyyətinin genişləndirilməsi və qadın hüquqları kontekstində insan hüquq müdafiəçilərinin dəstəklənməsi və müdafiəsində Milli İnsan Hüquqları Təsisatlarının rolu” mövzusunda keçirilib.

Konfransın sessiyalarına BMT qurumlarının rəsmi şəxsləri, xarici ölkələrin Ombudsmanları, Milli İnsan Hüquqları Təsisatlarının və onları birləşdirən təşkilatların nümayəndələri, beynəlxalq ekspertlər qatılıb və məruzələrlə çıxış ediblər. Beynəlxalq konfransda Azərbaycanın Ombudsmanını Aparatın şöbə müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə təmsil edib.

Milli siyasət və insan hüquqları, İnsan hüquqları sahəsində məlumatlandırma və müsbət təcrübənin təşviqi, Vətəndaş cəmiyyəti və insan hüquq müdafiəçilərinin qorunması, gender perspektivi və qeyri-hökumət təşkilatlarının iştirakçılığının təmini, tərəfdaşlıq və əməkdaşlıq kimi sahələrdə Milli İnsan Hüquqları Təsisatlarının rolu sessiya və seminarların əsas müzakirə mövzularından olub.

Sessiyalar çərçivəsində keçirilən seminarlarda vətəndaş cəmiyyəti və insan hüquq müdafiəçilərinin qorunması, gender perspektivi, hüquqi maarifləndirmə və insan hüquqları təhsili ölkələrə tövsiyə olunan prioritetlər içərisində xüsusi yer alıb və R.Rumzadə mövzular üzrə Azərbaycan Ombudsmanının təcrübəsini bölüşüb, habelə yeni hədəflər üzrə fikir mübadilələri aparılıb.

Qeyd olunub ki, Azərbaycan Ombudsmanı Elmira Süleymanovanın təşəbbüsü ilə İnsan Hüquqları üzrə Müvəkkil yanında müxtəlif qeyri-hökumət təşkilatlarının və müstəqil ekspertlərin, hüquq müdafiəçilərinin təmsil olunduğu, ölkədə insan hüquqlarının əsas istiqamətləri üzrə vəziyyətin təhlil edilməsinə, milli qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq hüquqi sənədlərin implementasiyası üzrə təkliflər hazırlanmasına mühüm töhfə verən müstəqil Ekspertlər Şurası fəaliyyət göstərir. Bu yanaşma özü ölkə təcrübəsində ilk olmuş və QHT-lərin fəaliyyətinin dəstəklənməsinə, dövlət qurumları yanında vətəndaş cəmiyyəti üzvlərindən ibarət ictimai şuraların yaradılmasına, hüquqi bazanın, ictimai iştirakçılıq haqqında qanunvericiliyinin yaradılmasına mühüm töhfə verib.

Ombudsmanın illik məruzələrində də QHT-lər, qadın və vətəndaş cəmiyyəti üzvlərinin dəstəklənməsi ilə bağlı verilmiş təkliflər, konfransın mövzusuna uyğun olan, qeyri-hökumət təşkilatlarında təmsil olunan fəal qadınlar şəbəkəsinin yaradılması və onun gender bərabərliyinin təmin edilməsinə dəstək istiqamətində təşkilatlandırılması; Dayanıqlı İnkişaf Məqsədləri (DİM), “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda nəzərdə tutulan insan hüquqları ilə bağlı müddəa və tövsiyələrin öyrənilməsi, bu məqsədlə mərkəzi və yerli icra hakimiyyətləri orqanlarını, vətəndaş cəmiyyəti institutlarını və beynəlxalq təşkilatları da cəlb etməklə birgə səylərlə icrası prosesinə dəstəyin verilməsi, əhali arasında geniş maarifləndirmə işinin təşkil edilməsi; DİM üzrə işçi qruplarının tərkibinə müxtəlif sahələrdə ixtisaslaşmış QHT-lərin cəlb olunması, birgə monitorinqlərin davam etdirilməsi və nəticələri üzrə səlahiyyətli orqanlara təkliflərin verilməsi; Azərbaycan Respublikasının Universal Dövri İcmal, habelə BMT-nin saziş qurumlarına hesabatların, həmçinin vətəndaş cəmiyyəti institutları tərəfindən alternativ hesabatların təqdim ediləcəyini nəzərə alaraq, bu sahədə dövlət qurumlarının beynəlxalq təşkilatlar və QHT-lərlə əməkdaşlığının gücləndirilməsi, habelə ictimai müzakirələrin aparılmasına dair təkliflər bu qəbildəndir.

Qeyd olunmalıdır ki, Azərbaycan Ombudsman Təsisatı Milli İnsan Hüquqları İnstitutu olaraq Paris Prinsipləri əsasında qurulmuş müstəqil bir qurumdur və Müvəkkil mandatı çərçivəsində insan hüquqlarının müdafiəsində, vətəndaş mühitinin qorunmasında, insan hüquqlarının və qanunun aliliyinin təşviq edilməsində, vətəndaş cəmiyyətinin dəstəklənməsində bütün imkanlarından istifadə edir və əməkdaşlığa hər zaman açıqdır.

Ombudsman E.Süleymanovanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının “İnsan hüquqlarının müdafiəsinə qalx!” (#StandUpForHumanRights) çağırışı üzrə ümumdünya kampaniyası çərçivəsində ölkədə həyata keçirilən tədbirlər isə, beynəlxalq təşkilatlar tərəfindən verilmiş bir sıra tövsiyələrin icrası baxımından da əhəmiyyət daşıyır.

Səfər çərçivəsində Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının, Avropa Milli İnsan Hüquqları Təsisatları Şəbəkəsinin, habelə Avropa, Asiya, Amerika regionlarında fəaliyyət göstərən Milli İnsan Hüquqları Təsisatların nümayəndələri ilə fikir mübadilələri keçirilib, insan hüquqlarının prioritet məsələləri üzrə əməkdaşlıq müzakirə olunub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə