“Frankofoniya sammitinin dünyada gedən proseslərə təsir etmək imkanı yoxdur” MÜSAHİBƏ

Politoloq Elşən Manafovun SİA-ya müsahibəsi

- Elşən müəllim, Ermənistanda frankofoniya sammiti keçirildi. Bu sammit sülhə çağırış olsa da əslində separatizimi və terrorizmi təbliğ edən çıxışlarla yadda qaldı. Fərqli siyasi mövqelərin yaranması nədən irəli gəldi?

- Ermənistanın bu sammitə qatılması ermənilərin daxil olduğu dil qrupu baxımından anlaşılan deyil. Düzdür, həmin sammitdə Fransa tərəfi və Avropanın bir sıra dövlətləri təmsil olunurdular. Ən əsası həmin sammitdə Ermənistanın baş nazirinin Qarabağ probleminin prespektivdə tənzimlənməsi ilə bağlı söylədiyi fikirlər onun bir müddət əvvəl Düşənbədə Azərbaycan Prezidenti ilə görüşündə səsləndirdiyi fikirlərdən kifayət qədər fərqli idi. Bu da onu göstərir ki, əslində Ermənistanın indiki iqtidarı Qarabağ probleminin prespektivdə gələcək həlli ilə bağlı konkret plana və mövqeyə malik deyil. Bu da ondan irəli gəlir ki, hələ ki, Paşinyan iqtidarı Ermənistan üçün keçid dövrünün iqtidarı anlamında qəbul olunur. Növbədənkənar parlament seçkilərində qalib gəlib, tam mənada etimad hökumətini formalaşdırmayana qədər Paşinyan ikiüzlü və səmimilikdən uzaq olan siyasət yürüdəcək. Bu baxımdan Paşinyanla Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı eyni masa arxasında oturub, Qarabağ probleminin gələcək modeli ilə bağlı danışıqlarda nəyə isə ümid göstərmək indiki məqamda inandırıcı görünmür.

- Fransa ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olsa da frankofoniya sammitində iki üzlülük və ikili standartlara əsaslanan mövqe ortaya qoydu. Fransanın ermənipərəst mövqeyi nə zamana qədər davam edəcək?

- Ümumiyyətlə, zaman-zaman ATƏT-in Minsk Qrupunda təmsil olunmuş həmsədr dövlətlərin hər biri ayrı ayrılıqda Dağlıq qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların gedişində ikili mövqe sərgiləyiblər. Fransaya gəlincə, təbii ki, Fransa da erməni diasporasının çox güclü mövqeləri və imkanları var. Hər zaman Fransa siyasətçiləri parlament və prezident seçkiləri zamanı erməni diasporasının, seçicilərinin seçkilərin müqəddəratına və gedişinə təsir etmək imkanlarını bir qayda olaraq nəzərə alıblar. Yəni bu Fransanın Cənubi Qafqazla bağlı xüsusi maraqlarından irəli gələn bir məsələ deyil. Çünki Cənubi Qafqazın lider dövləti - həm özünün maliyyə resurslarına, həm ordunun gücünə, həmi də iqtisadi potensialı və Avropanın enerji təhlükəsizliyində oynadığı roluna görə təbii ki, Azərbaycan dövlətidir. Digər tərəfdən məhz Azərbaycan təkcə Cənubi Qafqazda deyil, Avropa məkanının özündə belə tolerantlıq və multikultural siyasət ənənələri baxımından etalon oluna biləcək bir dövlətdir. Ermənistan isə qatı millətçi bir dövlətdir. Hətta nəzərə alsaq ki, Paşiynan iqtidarının mədəniyyət nazirinin özü bu yaxınlarda bəyan etmişdi ki, rus dilinin özünün tədrisinə belə ehtiyac yoxdur. Bu onu göstərir ki, erməni milləti, siyasətçiləri qatı millətçilik azarına tutulublar və bu ölkədə multikultural və tolerantlıqdan əsər əlamət yoxdur. Sadəcə olaraq, bu Fransada keçirilən seçkilərin gedişinə erməni diasporasının təsir etmək imkanları baxımından qiymətləndirilir və ona görə də zaman-zaman fransız siyasətçiləri bu amili nəzərə alırlar.

- Ümumiyyətlə, frankofoniya sammitini artıq ölü qurum kimi də qiymətləndirmək olar?

- Frankofoniya sammitinin Avropa məkanında və dünyada gedən proseslərə ciddi təsir göstərmək imkanları yoxdur. Əvvəla o sammitdə qəbul edilən qərarlar belə ciddi hüquqi sənəd kimi qəbul edilmir. Əgər ATƏT kimi bir təşkilatın qəbul etdiyi qərarlar konsensus yolu ilə qəbul olunursa və ya BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirməsi istiqamətində BMT-nin özü konkret addımlar atmırsa əslində beynəlxalq hüquq deyil, beynəlxalq güclərin hüquqi işləyirsə deməli, frankofoniya sammitində söylənən fikirlər və qəbul edilən qərarlar elə fikir və kağız parçası olaraq qalacaq. Güman etmirəm ki, Qarabağ problemi, ümumiyyətlə Qafqazla bağlı proseslərə sammitin təsir imkanları olsun. Cənubi Qafqazdakı bütün problemlərin həllinə Rusiyanın təsir imkanları ABŞ və Fransadan kifayət qədər fərqlidir, yetərlidir və güclüdür. Bir sözlə, məhz bu baxımdan Dağlıq Qarabağ problemin həlli üçün Rusiya tərəfi ilə danışıqların aparılması daha doğru olardı.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə