“Kütlənin təzyiqi altında Paşinyan hər şeyə nail ola bilir" ÖZƏL-MÜNASİBƏT

“Ermənistanın baş naziri Nikol Paşinyan küçədən gəlmiş adamdır. Hətta o bu gün Konstitusiya aktlarını, müddəalarını da küçənin təzyiqi altında dəyişdirir”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, bu gün Ermənistanda fəaliyyət göstərən parlamentdə seçkilər bir il bundan əvvəl baş vermişdi: “Paşinyan əhalini teatr meydanına yığmaqla və oradan da parlamentin binasını mühasirəyə almaqla dekabrda yeni parlament seçkiləri keçirmək haqqında qərar qəbul etməyə və özünün isə istefaya gedəcəyi haqqında qərar qəbul etməyə məcbur etdi. Yəni kütlənin təzyiqi altında Paşinyan hər şeyə nail ola bilir. Çünki köhnə hakimiyyət həqiqətən də əhalinin ciddi etirazlarına səbəb olmuşdu və əhali “Qarabağ klanı”ndan bezmişdi. Təbii ki, Paşinyanın indi etdikləri də doğru deyil. Ona görə ki, hakimiyyətin mənbəyi xalq da olsa, hakimiyyət dəyişilikləri bəlli bir prosedur çərçivəsində baş verir. Əgər dekabrda keçiriləcək seçkilərdə Paşinyanın komandası qələbə çalacaqsa, parlamentdə əksəriyyəti özününkülərdən formalaşdıra biləcəksə o zaman Paşinyanın hakimiyyəti leqitimləşəcək və qanuni xarakter daşıyacaq. Bu zaman Paşinyanın yeni hakimiyyəti dünya tərəfindən normal qarşılanacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə