"Uşaqları zərərli informasiyalardan qorumağın ən yaxşı yolu onlara alternativini verməkdir" TƏKLİF

“İnsanların 80 faizə yaxını təhlükəli informasiyanı komputerdən, 20 faizi isə televiziya və digər mənbələrdən alırlar. Biz nə qədər qadağa qoysaq da bunun qarşısını ala bilmərik”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Zahid Oruc “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.

O bildirib ki, problemin qaşısının alınması üçün uşaqlara alternativ yaradılmalıdır: “Alternativ nə yaratmışıq ki, uşaqlar onunla maraqlansınlar? Hətta uşaqların oyun oynamağına belə pis baxırıq. Məşhur “Minecraft” oyunu var ki, bütün uşaqlar bu oyunu çox sevir. Burada uşaqlar tikir, becərir müxtəlif pillələri keçirlər. Belə oyunlar uşaqlara müsbət təsir edir. Gəlin görək bizim belə oyunlarımız varmı?”.

Z.Orucun sözlərinə görə, uşaqlar nə qədər xarici cizgi filmlərinə baxmalıdırlar: “Uşaqlar nə qədər Selenaya baxsınlar. Biz buna alternativ yaratmışıqmı? Zərərli, təhlükəli informasiyalardan qorunmağın ən yaxşı yolu onlara alternativini verməkdir. Özümüz bunu yaratmasaq qadağalarla heç bir effekt əldə etmək mümkün deyil. Hətta böyüklərin əksəriyyəti belə televiziyaya baxmaqdan imtina edir. Çünki, televiziya internet resursları bu gün bizim mədəni tələbatımızı ödəmir. Düşünürəm ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövət Komitə uşaqların zərərli informasiyalardan qorunması istiqamətində proqram həyata keçirməlidir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə