"Sabitliyimiz təhlükəsizliyimizi şərtləndirir" ÖZƏL-ŞƏRH

“Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 15 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Onun sözlərinə görə, sabitlik, təhlükəsizlik və inkişaf bu mərhələni xarakterizə edən əsas ifadələrdir: “Sözün həqiqi mənasında son 15 il ərzində ölkəmizdə sabitlik və əmin-amanlıq hökm sürməkdədir. Azərbaycan bu gün müsəlman dünyasında bir sabitlik adası kimi məşhurdur. Təkcə sabitliyin olmaması kifayətdir ki, dövlət xaos və anarxiyaya yuvarlansın. Qonşu regionlarda və dünyada baş verən qanlı münaqişələr, toqquşmalar, müharibələr, risqlər və təhdidlər fonunda ölkəmizdə həyat tərzinə çevrilmiş sabitlik mühiti bizim tarixi nailiyyətimiz və sərvətimizdir. Sabitliyimiz təhlükəsizliyimizi şərtləndirir.

Sabitlik və təhlükəzsizliyimizin təminatçısı Azərbaycan xalqı və onun hakimiyyətlə olan monolit birliyidir, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyidir. Bu birliyin kökündə dayanan əsas amil xalqın Prezident İlham Əliyevə olan inamı, etimadı və etibarı ilə bağlıdır. Prezidentin xalqının sevgisini qazanmasını şərtləndirən əsas amil isə, onun hər hansı beynəlxalq siyasi dairənin və ya böyük dövlətin diqtəsi altında deyil, məhz öz xalqının mənafeyindən irəli gələn bir siyasəti həyata keçirməsidir. Həmin siyasətin adına müstəqil siyasət deyirlər. Bəli, Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyada müstəqil siyasət həyata keçirən lider kimi tanınıb və böyük nüfuz sahibi olub. Müstəqil siyasət həyata keçirmək olduqca çətin, mürəkkəb, lakin şərəfli fəaliyyətdir.

Azərbaycan Prezidenti İlham Əliyev sosial yönümlü dövlətin formalaşması və inkişafı kursunu həyata keçirir. Bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Həmin siyasətin sayəsində ölkəmizdə 1,9 milyondan çox yeni iş yeri yaradılıb ki, onun da 1,4 milyonu daimi iş yerləridir. İşsizlik 5 faiz, yoxsulluq isə 5,4 faizə enib. Maaşlar 5 dəfə, təqaüdlər 8 dəfədən çox artıb. Təsadüfi deyil ki, 2018-ci ilin dövlət büdcəsində də sosial xərclər bütün xərclərin 1/3-ni təşkil etməklə 7,7 milyard manata bərabərdir. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2017-ci illə müqayisədə 8,6 faiz və ya 650 milyon manat çoxdur. Təkcə əmək haqlarının ödənişi üçün büdcədə 4,2 milyard manat nəzərdə tutulub. Strateji sahələr olan təhsil və səhiyyəyə müvafiq olaraq 2 milyard manat və 741 milyon manat vəsait ayrılıb”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...