Vüqar Rəhimzadə: “Heydər Əliyevi sevmək Vətənini, dövlətini sevmək demək idi" ÖZƏL-ŞƏRH

“Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycanı qoruyub-saxladı. Hansı ki, həmin illərdə insanların sabaha olan inamı itmişdi. Ölkədə iqtisadi tənəzzül günü-gündən artır, siyasi sabitlik yerinə siyasi və silahlı birləşmələr tüğyan edir, insanlar aclıqla sınağa çəkilirdi”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktorun sözlərinə görə, 1992-ci ilin 16 oktyabrında bir qrup ziyalı "SƏS" qəzeti vasitəsilə Heydər Əliyevə müraciət etdilər: “O zaman Ulu Öndər Ona ünvanlanan müraciətlə razı olmasaydı, Azərbaycanın gələcək taleyinin necə olacağını təsəvvür etmək çətin olmaz. Lakin Ulu Öndər millətinə, xalqına dövlətinə bağlı bir Şəxsiyyət kimi bu müraciətə biganə qala bilməzdi və Ümummilli Lider Azərbaycanı düşdüyü vəziyyətdən qurtarmaq üçün müraciətə müsbət cavabını verdi. O zaman 91 ziyalı əvəzinə 1091, 100091 ziyalı da ola bilərdi. Çünki o zaman insanların Ulu Öndərə sevgisi çox böyük idi. O zaman hakimiyyətdə olan insanlar bu sevginin maksimum şəkildə söndürülməsinə çalışırdılar. Lakin bu, mümkün deyildi. Heydər Əliyevi sevmək Vətənini, dövlətini sevmək demək idi. Əgər Ulu Öndər olmasaydı, nə Naxçıvan, nə də Azərbaycan olmazdı.

Heydər Əliyev Azərbaycan üçün həmişə yaşayır, əbədi Liderdir. Onun ideyaları hər bir azərbaycanlı üçün dəyərlidir. Heydər Əliyevin Naxçıvana qayıdışı Naxçıvanı qoruyub-saxladı, Azərbaycana qayıdışı isə Azərbaycanı qoruyub-saxladı. Heydər Əliyev şəxsiyyət, siyasi xadim, xalqın dayağı, onun hərəkətverici qüvvəsi olaraq Azərbaycan tarixində əsrin Lideri olduğunu təsdiqlədi.

Heydər Əliyevin müdrik, uzaqgörən siyasətinin məntiqi idi ki, ölkə ictimaiyyəti qısa bir zaman məsafəsində öz milli potensialını ortaya qoyub, müasir dövrün tələbləri çərçivəsində dünya xalqlarına böyüklüyünü göstərə bildi. Xalqın milli ruhu, milli kökü zəminində formalaşan ideoloji xəttin əsasında azərbaycançılıq ənənələri dayanırdı”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...