Siyavuş Novruzov: “Müstəqilliyin bərpası vacib şərtlərdən biridir” ÖZƏL-ŞƏRH

“Müstəqilliyin bərpası vacib şərtlərdən biridir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov deyib.

YAP İcra katibinin müavinin sözlərinə görə, əgər ölkəmiz 1918-ci ildən bu günə qədər müstəqil olsa idi, Azərbaycanın nailiyyətləri, uğurları daha çox olardı: “Hətta, Azərbaycan Avropa ölkələrindən də üstün olardı. Lakin bu illər ərzində istər kənd təsərrüfatında, istərsə də neft sənayesində istehsal edilən məhsullar ümumittifaq qurumları tərəfindən mənimsənilirdi. O dövrün statistikasında da qeyd olunurdu ki, iki ölkə özünü müstəqil yaşada bilər. Bu ölkələrdən biri Azərbaycan idi. Azərbaycanın hesabına isə digər ölkələr dotasiya alırdılar və bizdən də yaxşı yaşayırdılar. Bizim qazancımız, sərvətlərimiz onların hesabına keçirdi. Hətta Böyük Vətən Müharibəsi illərində qələbə əldə olunmasında Azərbaycan neftinin çox böyük rolu olub. Lakin buna baxmayaraq Bakıya qəhrəman şəhər adı verilməyib. Təbii ki, o zamanlar da qısqanclıq var idi və ikili standartlar mövcud idi. Azərbaycandan olan Sovet İttifaqı qəhrəmanlarının sayı digərlərindən daha az oldu. Çünki böyük erməni lobbisi SSRİ-nin Mərkəzi Komitəsində Mikoyanın və digərlərinin rəhbərliyi altında fəaliyyət göstərirdi. Əgər bu hadisələr olmasa idi, Azərbaycan görün nə qədər inkişaf etmiş bir dövlət olardı. Müstəqilliyin bərpasının özü də çox ciddi bir məsələdir.

Bildiyiniz kimi dünyada 3 mindən artıq xalq var. Amma onların cəmi 200-nün dövləti var. Azərbaycan da o 200 dövlətdən biridir. Ölkəmiz inkişaf səviyyəsinə görə 50-liyə düşən dövlətlər sırasındadır. Azərbaycan həm özünün iqtisadi inkişafı, ictimai-siyasi sabitliyi, beynəlxalq əlaqələri ilə, həm də özünün mədəniyyəti, tarixi ilə öndə gedən ölkələrdəndir. Baxmayaraq ki, müstəqilliyin bərpası bizdə çox acınacaqlı oldu, amma Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu müstəqillik inkişaf etdi. Artıq bu müstəqilliyin bəhrəsini Azərbaycan xalqı görür”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...