İordaniyalı senator: "İlham Əliyevin şəxsində Azərbaycan dünya birliyinin böyük etimadını və hörmətini qazanıb"

Prezident İlham Əliyevin 15 il ərzində dövlət başçısı vəzifəsində fəaliyyəti ən yüksək qiymətə və dərin hörmətə layiqdir, çünki bu illər ölkənin dinamik inkişafına, Azərbaycan xalqının tərəqqisinə və rifahının yüksəldilməsinə sərf edilib.

Tanınmış siyasətçi, İordaniya Senat Şurasının üzvü, Əhali və inkişaf üzrə Ərəb-Afrika parlament forumunun baş katibi, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, İordaniya parlamentinin Azərbaycan ilə Dostluq Qrupunun üzvü Mərvan əl-Hmud bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib. Onun sözlərinə görə, Azərbaycan lideri bütün bu illər ərzində yorulmadan çalışıb və bu gün beynəlxalq aləmdə öz layiqli yerini tutan ölkəsinin inkişafı naminə, onun mövqelərinin möhkəmləndirilməsi üçün daim səy göstərib.

Senator deyib: “Mən Sovet İttifaqı dövründə, ötən əsrin 80-ci illərində Azərbaycana səfər etmişəm, son 15 ildə də bir neçə dəfə sizin ölkənizdə olmaq qismətim olub. Deyə bilərəm ki, son illərdə Azərbaycanda baş vermiş möhtəşəm dəyişikliklər mənə çox güclü təsir bağışlayıb. Müsbət dəyişiklikləri, tərəqqini, dinamik inkişafı, tikinti bumunu və müasirliklə qədimliyin ahəngdar şəkildə əlaqələndirilməsini müşahidə etdikcə heyrətlənmişəm. Ölkənizin həyatının bütün istiqamətlərində - iqtisadi, sosial, mədəni, təhsil və digər sahələrdə həqiqətən çox böyük sıçrayış olub”.

Mərvan əl-Hmud onu da qeyd edib ki, uzaqgörən siyasətçi İlham Əliyev öz xalqının təşəkkürünü və bütün dünya tərəfindən yüksək rəy qazanıb, çünki o öz xalqını düzgün yolla tərəqqiyə və firavanlığa doğru aparır.

İordaniyalı siyasətçi vurğulayıb ki, Prezident İlham Əliyevin ölçülüb-biçilmiş və uzaqgörən siyasəti sayəsində bu gün Azərbaycan regionda və dünyada mühüm rol oynayır, beynəlxalq gündəliyin bır sıra aktual məsələlərinin həllində fəal iştirak edir. O deyib: “İlham Əliyevin şəxsində Azərbaycan dünya birliyinin böyük etimadını və hörmətini qazanıb”.

Mərvan əl-Hmud ərəb və müsəlman ölkələri ilə Azərbaycanın münasibətləri mövzusuna toxunaraq bildirib ki, müsəlman dünyası Azərbaycanın müdrik Prezidentinin ölçülüb-biçilmiş siyasətini və bır sıra aktual məsələlər barəsində ərəb və müsəlman ölkələrinin dəstəklənməsində onun prinsipial mövqeyini yüksək qiymətləndirir. Mərvan əl-Hmud sonda Azərbaycan dövlətinin başçısına gələcək fəaliyyətində daha böyük uğurlar, Azərbaycana daha artıq tərəqqi, xalqımıza firavanlıq arzulayıb. Senator Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə dinc yolla və ədalətli nizamlanacağına, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin öz sahibinə qaytarılacağına ümidvar olduğunu bildirib. (AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...