Metsamor AES region üçün böyük fəlakətdir

Ermənistana məxsus lragir.am saytında “Azərbaycanlılar erməni AES-in bağlanması barədə israr etmək istədi, amma uğursuz oldu” başlıqlı məlumat yayııb. Məlumatda bildirilir ki, guya AŞPA-dakı erməni nümayəndə heyəti Azərbaycanın təklif etdiyi düzəlişlərin qətnamələrdən birinə çevrilməsinə mane olub. Hətta Parlamentin vitse-spikeri, Ermənistan Respublikasının Respublikaçılar Partiyasından, AŞPA-dakı erməni heyətinin rəhbəri Arpine Hovhannisyan da bu barədə Facebook səhifəsində yazır.

Arpine Hovhannisyan yazır ki, AŞPA-nın payız sessiyasında "Avropada Nüvə Təhlükəsizliyi" qətnaməsi qəbul edilib. Sessiyanın məqsədi də Avropada nüvə təhlükəsizliyinin artırılması və qəza, yaxud terror aktları halında olan risklərin azaldılması üçün təşkilatın üzv dövlətləri tərəfindən görülməsi nəzərdə tutulan tədbirlərin reallaşması olub.

AŞPA-dakı erməni heyətinin rəhbəri iddia edir ki, Azərbaycan nümayəndə heyəti Metsamor atom elektrik stansiyasının fəaliyyətinə xitam verilməsini qətnamə dilinə daxil etməyə çalışıb, amma buna nail ola bilməyib. Arpine Hovhannisyan yazır ki, biz qarşımıza məqsəd qoyduq və buna nail olduq.

AES-in bağlanmasında ermənilər və Ermənistan özü hamıdan çox maraqlı olmalıdır

Əslində, Metsamor AES Azərbaycanı deyil Ermənistanın özünü narahat edən məsələ olmalıdır və təhlükəsi ilk növbədə ermənilərin özünə aiddir. İndi qəza vəziyyətində olan bu Atom Elektrik Stansiyası sözün əsl mənasında Ermənistan üçün böyük bir fəlakət deməkdir. Əgər qəza vəziyyətində olan bu stansiyada partlayış baş verərsə Ermənistandan və ermənilərdən əsər-əlamət qalmaz. Nəzərə almaq lazımdır ki, dəfələrlə baxış zamanı bu stansiyanın təhlükəli olması təsdiqlənib. Məhz bu səbəbdən də Metsamor AES-in bağlanmasında ermənilər və Ermənistan özü hamıdan çox maraqlı olmalıdır.

Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, bu AES təkcə Ermənistanın problemi deyil. Nəzərə alsaq ki, stansiya qəza vəziyyətindədir və bu vəziyyətdə baş verən qəza qonşu ölkələrə də təsirsiz ötüşməyəcək, deməli, stansiyanın fəaliyyətinin dayandırılması, bağlanması qonşu ölkələrin də diqqət mərkəzində olmalıdır. Hətta Avropa ölkələri belə həmin stansiyanın qəza vəziyyətində olmasından çox narahatdır. Çünki, istənilən halda, yəni qəzadan, partlayışdan dərhal sonra radiasiya bütün Avropanı öz əhatəsinə alacaq. Həmçinin, Ermənistanda yaşaya bilməyən ermənilər sözsüz ki, Avropaya üz tutmalı olacaqlar və bu da o deməkdir ki, bütün Avropa radiasiyaya mərauz qalmış insanlarla dolu olacaq. Bu isə nəinki ermənilər, hətta Avropa ölkələri, avropalılar üçün də arzu olunan deyil.

Respublikaçılar Partiyasından olan və AŞPA-dakı erməni heyətinin rəhbəri Arpine Hovhannisyan nə qədər uydurmalar etsə də məsələ öz tale yükünə görə Avropanı da narahat edir. Əbəs yerə deyil ki, Metsamor AES artıq dəfələrlə AŞPA-da müzakirə mövzusuna çevrilib. Bu müzakirələr elə parlamentarilər tərəfindən ortaya atılıb və məqsəd təhlükəsizliyin təminatıdır. Doğrudur, Ermənistan üçün Metsamorun bağlanması da arzu olunan deyil. Çünki, bütün ölkə elektrik enerjisi təminatında problemlə qarşılaşmalı olacaq. Amma hər halda elektriklə bağlı problem radiasiya təhlükəsindən daha az qayğı deməkdir. Hər bir halda bu məsələ ilə Ermənistan dərindən maraqlanmalı və öz daxili problemlərində Azərbaycanı müqəssir kimi görməkdənsə, məsələnin həllinə səy göstərməli, çıxış yolu axtarmalıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...