“AND”da toplaşanlar kimlərdir TƏRS BAXIŞ+FAKT

Yaxud, “siyasi mühacirlər” AXCP sədrindən hansı “dobronu” alıblar?

AXCP sədri Əli Kərimlinin “AND” adlı təşkilatın pullarını mənimsəməsi barədə yazmışdıq. Daha dəqiq desək, Kərimlinin Bakıdakı nəzarəti altında Avropada fəaliyyət göstərən qurum vasitəsi ilə şəhid ailələri və “siyasi məhbuslar” üçün yığdıqları pulları mənimsəməsi faktı da artıq kimsəyə sirr deyil. Eyni zamanda, “Milli Şura”nın keçirdiyi mitinqlərin əksəriyyətinə “AND” bu və ya digər şəkildə dəstək göstərir ki, bu da həmin təşkilatın AXCP sədri tərəfindən yaradıldığını tam şəkildə sübuta yetirir.

“AND”da təmsil olunan “siyasi mühacirlər”in əksəriyyətinin ciblərində AXCP sədrinin imzası olan partbiletlər var

Bir müddət öncə, bir sıra məsələlərlə bağlı apardığımız araşdırmaların ardınca o da məlum olub ki, “AND”da təmsil olunan “siyasi mühacirlər”in əksəriyyətinin ciblərində AXCP sədrinin imzası olan partbiletlər var.

Lakin bu arada, digər maraqlı fakt ortaya çıxıb. Belə ki, Ə.Kərimlinin “AND”ına cavab olaraq, Müsavat partiyası da hərəkətə keçib və Avropda bənzər “siyasi mühacir” tərəfdarları toplayıb. Müsavat partiyasına bağlı olan və Avropada fəaliyyət göstərən “Müsavat Avropa Koordinasiya Mərkəzi” (“Müsavat AKM”) təşkilatı məhz onlardan biridir. Xüsusilə sabiq başqan İsa Qəmbərlə və hazırkı partiya başqanı Arif Hacılı tərəfindən yaradılan bu qurumun məqsədi Azərbaycan dövləti və hakimiyyəti əleyhinə aksiyalar keçirmək, həmin aksiyalarda “siyasi məhbus” məsələlərini qabartmaqdır. Söz yox ki, istər “AND”, istərsə də “Müsavat AKM” olsun, bu qurumların köklü məqsədləri bilavasitə qarant əldə edib, Azərbaycanın dövlətçilik maraqlarına qarşı çıxmaqdır.

Bu kimi fəallıqlar təsadüfi deyil

Beləliklə, bu cür qənaətə gəlmək olar ki, hər iki qondarma təşklat ilk növbədə qazanc mənbəyi güdürlər və bunun üçün məhz saxta sənəd verdikləri “siyasi mühacirlərdən” maksimum şəkildə istifadə etməyə çalışırlar.

Daha bir ilginc məsələni də qeyd edə bilərik ki, baş verənlər eyni zamanda, AXCP və Müsavatın Avropanın qrant bazarı uğrunda apardıqları mövqe savaşı ilə bağlıdır. Xüsusilə, son vaxtlarda müşahidə edilən daha bir amil, “AND” təşkilatından “Müsavat AKM”ə transfer olunanların sayının çoxalmasıdır. Cəbhədəki etibarlı mənbəmizdən aldığımız məlumata görə, Ə.Kərimlinin “AND”ın pullarını mənimsəməsi, eləcə də digər vədlərini yerinə yetirməməsi oradakıların Müsavat cinahına keçmələrinə səbəb olub.

Əli Kərimli və Arif Hacılı nəzarət etdikləri “bazar”da mövqelərini gücləndirməyə çalışırlar

Həmçinin, hər iki qurumun əsas fəaliyyət istiqaməti də "mühacir biznesi” ilə əlaqədar olduğuna görə, Ə.Kərimli və A.Hacılı nəzarət etdikləri “bazar”da mövqelərini gücləndirməyə çalışırlar. Bu səbəbdən, “AND”la “AKM”i üz-üzə qoyan əsas məsələ də həmin reallıqdır.

Yeri gəlmişkən, son vaxtlar istər AXCP, istərsə də Müsavat rəhbərliklərinə qarşı Avropanın digər “siyasi mühacirləri” tərəfindən hücumlara start verilib. Onlar bazarlarının əldən çıxacağından ehtiyat edirlər. Ümumiyyətlə, “AND” və “Müsavat AKM” də daxil olmaqla digərlərinin bir-biri ilə gizli, ya da açıq savaş aparmaları, yəni fəallaşmaları daha çox "mühacir bazarı” və bu “bazar” vasitəsi ilə qrant uğrunda gedən amansız bir müHaribədir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...