"Son 15 ildə Azərbaycan özünün ən möhtəşəm dövrünü yaşayıb" MÖVQE-ÖZƏL

“Son 15 ildə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında bəlkə də 100 illik inkişaf yolu keçib, bütün dövrlər üçün özünün ən möhtəşəm dövrünü yaşayıb”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.

Prezident İlham Əliyevin 2003-cü ildə prezident seçilərkən andiçmə mərasimi zamanı “Mən bütün Azərbaycan xalqının prezidenti olacağam” fikirlərini xatırladan millət vəkili bildirib ki, cənab Prezident 15 ilin hər günündə öz vədini doğruldub.

M.Quliyev qeyd edib ki, bu illər ərzində dövlət başçısı bütün dünya azərbaycanlılarının Prezidenti, Lideri oldu: “15 ildə Azərbaycanda ictimai-siyasi sabitlik möhkəmlənib, vətəndaş cəmiyyəti inkişaf edib, hüquqi dövlət quruculuğu daha da vüsət alıb, Azərbaycanın beynəlxalq aləmdə imici yüksəlib, ölkəmiz qüdrətli bir dövlətə çevrilib. Ölkəmizin iqtisadiyyatı dəfələrlə artıb. 2003-cü ildə milli valyuta ehtiyatımız 2.7 milyard dollar idisə, hazırda bu rəqəm 45 milyard dollara çatıb”.

Deputat vurğulayıb ki, bundan əlavə Azərbaycanda olduqca böyük inkişaf layihələri həyata keçirilib: “2004-cü ilin fevralında cənab Prezidentin imzaladığı "Regionların sosial-iqtisadi inkişaf proqramı" bu il III proqram şəklində davam edir, növbəti ildə IV belə proqram qəbul olunacaq”.

M.Quliyev söyləyib ki, Azərbaycanın kosmik dövlətlər sırasına çıxması da ölkə başçısının yürütdüyü uğurlu siyasətin nəticəsidir: “Bu, ölkə başçısının Azərbaycan xalqı və dövlətçiliyi qarşısında çox mühüm töhfələrindən biridir. Dünyada kosmik dövlətlər sırasına çox az ölkələr daxil olsa da, Azərbaycanın artıq kosmosda 3 peyki var”.

Azərbaycanda sosial sahənin inkişafına xüsusi diqqətin ayrıldığını dilə gətirən millət vəkili bildirib ki, görülən işlər nəticəsində ölkədə əhalinin rifah halı yüksəlib, yoxsulluq 49 faizdən 5,7 faizə düşüb, mütləq yoxsulluq ümumiyyətlə, ləğv edilib, işsizlik isə 50 faizdən 5 faizə qədər enib: “Bu müddət ərzində pul gəlirləri dəfələrlə artıb, orta aylıq əmək haqları, pensiya və müavinətlər dəfələrlə yüksəlib, 3 mindən çox məktəb, digər tədris, 700-ə yaxın səhiyyə müəssisələri əsaslı şəkildə tikilib, təmir edilərək xalqın istifadəsinə verilib. Bundan başqa yüzlərlə idman olimpiya kompleksləri, parklar, körpülər salınıb, 12 min kilometrdən çox yol çəkilib”.

M.Quliyev əlavə edib ki, bu illər ərzində görülən işləri sadalamaq üçün uzun müddət tələb olunur: “Əsas odur ki, Azərbaycan prezidenti 15 il bundan öncə verdiyi vədi doğruldub. Bu gün ölkəmiz dünya dövlətləri arasında çox layiqli yer tutur və Prezident İlham Əliyev dünyanın ən nüfuzlu siyasi xadimlərindən biridir. Nə qədər ki, xalq-lider birliyi var Azərbaycan həmişə qalib olacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...