Ermənistanda faşizm paşizimlə əvəzləndi ANALITIK+FOTO

Yeni hakimiyyət tərəfindən müstəqil media ilə yanaşı, sosial mediaya da qarşı ardıcıl hücumlara start verilib

Bir sıra erməni siyasi ekspertlərinin də iddia etdikləri kimi, ölkədə növbədənkənar seçkilərin keçirilməsi məsələsi ətrafında yaranmış ikitirəlik - əsasən, baş nazir Nikol Paşinyana qarşı köhnə sistem komandası tərəfindən başladılan əks-hücumlar siyasi böhranın həll edilmədiyini göstərir. Əsasən, Robert Koçaryan-Serj Sarkisyan cütlüyünə yaxınlıqları ilə seçilən media qurumlarının fəalıqlarını artırmaları sözügedən vəziyyəti daha da qızışdırır. Buna misal olaraq, Nikol Paşinyana məxsus qoluzorluların bir müddət öncə, internet televiziyasının baş redaktoru Samvel Mayrapetyana etikləri hücumu göstərmək olar. Xatırladaq ki, Robert Koçaryanla bağlı müsahibənin işıqlandırılması səbəbindən avadanlıqları və texniki cihazlları müsadirə edilən baş redaktor hazırda da müşahidə altındadır və ona şifahi şəkildə mövcud hökumətə qarşı hər hansı bir material hazırlamamaq tövsiyə edilib. Məhz bu amilləri nəzərə alan ekseprtlər, Nikol Paşinyanın “demokratik lider” pərdəsi altında əsl avtoritar və diktator rejimi formalaşdırdığını iddia edirlər. Baxmayaraq ki, Paşinyanın özü də jurnalist cameəsinin nümayəndəsidir, hazırda onun keçmiş məsləkdaşlarına qarşı sərt mövqe ortaya qoyması erməni jurnalistlərinin ona olan nifrətlərini açıq-aydın üzə çıxarmaqdadır.

“Adekvad” verlişinin aparıcısını və operatorunu 800 nəfər linç etmək istəyib

Yeri gəlmişkən, artıq növbəti bənzər hal sosial şəbəkə üzərindən yayımlanan “Adekvad” kanalının aparıcıları və blogerləri Narek Malyanla Artur Danielyana qarşı törədilib. SİA aysor.am-a istinadən xəbər verir ki, oktyabrın 11-də saat 16:50 radələrində Ani vilayətinin Maralik şəhərində jurnalistlərə qarşı hücum halı qeydə alınıb. Belə ki, Şaqinyan küçəsində adları çəkilən şəxslərə qarşı zor tətbiq edilib və mülkii şəxslər tərəfindən başladılan hücum nəticəsində onlara məxsus kamera və texniki avadanlıqlar sındırılaraq, sıradan çıxarılıb. Məsələyə polis qatılıb və onlar bölməyə aparılaraq, ifadə veriblər. Verilən ifadələrdən sonra məlum olub ki, bloger və jurnalist facebookda “Adekvad” analitik verlişini yayımlamaqdan ötrü şəhərin “Qələbə” parkına gediblər. Məhz orada onlara bir neçə nəfər yaxınlaşaraq, dərhal şəhəri tərk etmələri tələbi qoyulub. Əks halda, mərkəzi meydanda 800 nəfərin toplaşdığı və getməyəcəkləri təqdirdə linç ediləcəkləri ultimatumu qoyulub.

Maraqlıdır ki, polisin gözü qarşısında aparıcı və çəkiliş operatoruna qarşı qanunsuz əməllərə yol verilib və hətta təhqir edilən şəxslərin həyatlarına təhlükə yaradacaq addımlara da yol verilib. Hüquq-mühafizə orqanları isə bu kimi halın qarşısını sadəcə, sözlərlə almağa çalışıblar.

Aparıcı Narek Malyan: ““Mən baş verənləri faşizm də deyil, paşizm adlandırardım”

Artıq hadisə ilə bağlı “Adekvad” verlişinin aparıcısı və operatoru mətbuat konfransı keçirərək, hadisənin sifari olduğunu, eləcə də hakimiyyət tərəfindən törədildiyini bildiriblər. “Bu hadisə hakimiyyət tərəfindən törədilib və açıq-aşkar faşizimdir”, deyə Narek Malyanla, Artur Danielyan bildiriblər.

Lakin sonradan öz sözlərinə daha dəqiq düzəliş verən Narek Malyan mətbuat konfransında faşizmi kreativ şəkildə “paşism” ifadəsi ilə əvəzləyərək, bunu Paşinyanın soyadının ilk üç hərfi ilə əlaqələndirib: “Mən baş verənləri faşizm də deyil, paşizm adlandırardım”.

Artur Danielyan: “Hakimiyyət bizi susdurmaq üçün bu addıma getdi, çünki biz, bu hakimiyyətin əsas tənqidçilərindənik”

Hücuma məruz qalmış aparıcı və bloger bildiriblər ki, onlara qarşı hücum edənlər Maralik sakinləri olduqlarını bildiriblər, lakin onların maralikli olmalarını sübut edən heç bir isbat yoxdur. “Maralik sakinləri çox adekvat insanlardırlar, biz onlarla nərd oynadıq, həyatdan danışdıq, Qorbaçovdan başlayıb, Nikol Paşinyana qədər söhbət etdik”, deyə qeyd edən zərərçəkmişlər həmçinin bildiriblər ki, onların hərəkətlərinə, söz və ifadə azadlıqlarına qarşı edilən hərəkətlər faktiki olaraq bu amillərin qarşısını almağa yönəlmiş kobud qanunsuzluqdur. “Hakimiyyət bizi susdurmaq üçün bu addıma getdi, çünki biz, bu hakimiyyətin əsas tənqidçilərindənik”, deyə mətbuat konfransında bildirilib.

Beləliklə, fakt budur ki, artıq Ermənistanda demokratiyanın boğulması, söz və ifadə azadlığının qarşısının istənilən vəziyyətdə alınması adi hala çevrilməyə başlayıb və bu, hələ başlanğıcdır. Qarşıda isə Ermənistanı və erməni xalqını daha acınacaqlı, daha dözülməyi mümkün olmayan həyat gözləyir. Bunlar isə sadəcə, başlanğıcdır...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə