Leyla Abdullayeva: “XİN rəhbərlərinin ikitərəfli görüşü planlaşdırılır" YENİLƏNİB-MÜSAHİBƏ - SƏS TV

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayevanın SİA-ya müsahibəsi:

- Leyla xanım, Ermənistanın baş naziri bir müddət öncə BMT Baş Assambleyasının 73-cü sessiyasında etdiyi bəyanatda olduğu kimi, İrəvanda keçirilən Frankofoniya tədbirinin açılışında etdiyi çıxışında da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair yalan və həqiqətdən uzaq fikirlər səsləndirdi. Sizcə, bunun arxasında nə dayanır?

- Ermənistan Baş naziri bir müddət öncə BMT Baş Assambleyasının 73-cü sessiyasında etdiyi bəyanatda olduğu kimi, Frankofoniya təşkilatının açılışında etdiyi çıxışında da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair yalan və həqiqətdən uzaq fikirlər səsləndirdi. Bu cür ritorika Düşənbədə baş tutmuş söhbətin ruhuna tamamilə uyğun gəlmir.

Əgər Ermənistanın baş naziri dürüst olmaq istəyirsə, o zaman onu tam ədalətli olmağa və Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarından zor gücünə öz evlərindən qovulmuş yüz minlərlə Azərbaycanlıların fundamental hüquqlarının pozulduğunu etiraf etməyə çağırırıq. Məqsədyönlü şəkildə erməni icmasını “Dağlıq Qarabağ xalqı” adlandıran Ermənistan baş naziri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına qarşı etnik təmizləmənin həyata keçirildiyinə göz yumur. Əgər Ermənistan rəhbərliyi özünü demokratik adlandırırsa və sülh şəraitinin yaradılmasından danışırsa, o zaman onlar qanunun aliliyi və demokratik dəyərlərə uyğun davranmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrində və digər beynəlxalq təşkilatların qərarlarında tələb olunduğu kimi, didərgin düşmüş insanların öz evlərinə geri dönməsinə imkan yaratmalı və öz silahlı qüvvələrini Azərbaycanın işğal edilmiş ərazilərindən geri çəkməlidir.

Azərbaycanın ərazilərinin işğalına son qoyacaq və zor gücü ilə öz evlərindən qovulmuş Azərbaycanlıların işğal edilmiş Dağlıq Qarabağ və ətraf bölgələrdəki evlərinə və mülklərinə təhlükəsiz və ləyaqətlə geri dönməsini təmin edəcək real addımlar atılmayanadək Ermənistan rəhbərliyinin sülh danışıqları prosesinin irəli aparılmasına dair bütün bəyanatları yanız söz olaraq qalacaq.

Ermənistan öz öhdəliklərinə və beynəlxalq ictimaiyyətin mövqeyinə uyğun davranmalı, münaqişənin tezliklə sülh yolu ilə həlli və işğal edilmiş Azərbaycan ərazilərindən qoşunların qısa zamanda çıxarılması üçün nəticəyə yönəlik danışıqlarda konstruktiv şəkildə iştirak etməlidir. Yalnız bundan sonra bölgədə davamlı sülh təmin oluna bilər.

- AFR Hökumətinin Almaniya-Ermənistan münasibətlərinə dair suala verdiyi cavab və ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kentin Bakıda mətbuata verdiyi açıqlamasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi mövqeyə münasibətinizi bilmək istərdik.

- Almaniya Federativ Respublikasının (AFR) Hökumətinin Almaniya Bundestaqından ona ünvanlanan suala cavabında AFR Hökumətinin Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın tərkib hissəsi hesab edir və AFR hökuməti qondarma “Dağlıq Qarabağ Respublikasını” tanımır. Xatırlatmaq istərdik ki, Almaniya Federal Kansleri Angela Merkel ölkəmizə səfəri çərçivəsində eyni mövqeyi səsləndirərək Ermənistan-Azərbaycan münaqişəsinin BMT-nin Təhlükəsizlik Şurasının qərarları əsasında həlli səylərini dəstəklədiklərini vurğuladı.

Həmçinin ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kent Bakıya səfəri zamanı ABŞ-ın münaqişənin həlli ilə bağlı mövqeyini bir daha təkrar edərək, bu xüsusda münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi əsasında həllinin dəstəkləndiyini bəyan etdi.

Hər iki bəyanat, beynəlxalq ictimaiyyətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin sonuncu iclasında səsləndirdiyi kimi münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini bir daha təsdiq edir.

Beynəlxalq ictimaiyyətin bu sonuncu aydın mövqeyi Ermənistan rəhbərliyinə münaqişənin ən qısa zamanda dinc yolla həlli və işğal edilmiş Azərbaycan torpaqlarından silahlı qüvvələrin tez bir zamanda çıxarılmasına dair nəticələrə yönəlik danışıqlara geri dönmək və substantiv müzakirələrə başlamaqla bağlı güclü çağırışdır. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də dəfələrlə bəyan etdikləri kimi status-kvo qəbul edilməzdir və dayanıqlı deyil.

- Fransanın Alforvil və Valans şəhərlərinin merlərinin ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfərləri barədə nə demək istərdiniz?

- Fransanın Alforvil və Valans şəhərlərinin merlərinin ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərlərini qətiyyətlə pisləyir və bildiririk ki, bu beynəlxalq hüququn norma və prinsiplərinin, eləcə də Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulması halıdır və Ermənistanın gücdən istifadə etməklə işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin təşviqinə xidmət edir.

Yerli özünüidarəetmə orqanlarının bu kimi təxribatçı əməlləri Fransa və Azərbaycan arasında imzalanmış sazişlərin dili və ruhu ilə, eləcə də, Fransanın milli qanunvericiliyi ilə ziddiyyət təşkil edir. Həmçinin bu kimi səfərlər, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri qismində çıxış etdiyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həlli prosesinə yardım etmir.

Bu xüsusda xatırladırıq ki, Fransanın xarici işlər və Avropa üzrə naziri, o vümlədən daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təmimi sənəd bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransa tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələr bağlamaq, səfərlər həyata keçirmək və birgə tədbirlər təşkil etməyi qadağan edir.

Fransa tərəfinin diqqətini Fransa Konstitusiyasının 73-cü maddəsi və yerli özünüidarəetmə qurumlarının ümumi kodeksinin L.1115-1 maddəsinə uyğun olaraq qəbul edilmiş və qüvvədə olan bu təmim sənədin məcburi xarakter daşıdığına yönəldir və onu bu sənədin müddəalarının dərhal və şərtsiz həyata keçirilməsi üçün müvafiq addımlar atmağa çağırırıq.

- Bu ilin sonunda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Bu görüşdə münaqişənin həlli ilə bağlı müsbət irəliləyişlər ola bilərmi?

- Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə əlaqədar rəsmi açıqlamamız olub. Bir müddət öncə BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində Nyu Yorkda baş tutmuş görüşdən dərhal sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən açıqlama verildi. Bu açıqlamada da təsdiq edildi ki, həmsədrlərin yaxın zamanlarda bölgəyə səfəri planlaşdırılır. Eyni zamanda ilin sonunadək Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ikitərəfli görüşü planlaşdırılır. Biz ümid edirik ki, Ermənistan tərəfi münaqişənin dinc yolla, qısa zamanda həlli və işğal edilmiş ərazilərdən Ermənistan silahlı qüvvələrinin qısa müddətdə çıxarılmasına dair nəticəyə yönəlik danışıqlarda konstruktiv şəkildə iştirak edəcəkdir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə