"Bir qrup insan vətəndaşların vəsaitlərini mənimsəyir"

“Azərbaycanda mənzil problemləri ilə bağlı tez-tez müraciət alırıq. Bir qrup insan bir mənzili bir neçə nəfərə satır, burada vətəndaşların vəsaitləri mənimsənilir. Onlara hüquqi əsası olmayan müqavilə verilir". SİA-nın xəbərinə görə, bu barədə Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, bu cür hallarla rastlaşan insanlar hüquq mühafizə orqanlarına müraciət edir və həmin şəxslər məsuliyyətə cəlb edilirlər: "Lakin bəzi hallarda məlum olur ki, həmin şirkətlər məsuliyyətə cəlb edilənin adına deyil. Soruşanda da məlum olur ki, bunun heç bir prosesdən xəbəri belə yoxdur. İnsanları aldadan, vəsaitini mənimsəyən bir kənarda qalır, günahsız bir insan həbs edilir".

S.Novruzov qeyd edib ki, belə halların qarşısını almaq üçün bina tikilməsi üçün müraciət edən insanlar yoxlanışdan keçməlidir: "Tikinti ilə məşğul olmaq istəyənlərin daxma tikməyə imkanı olub-olmadığı yoxlanmalıdır. Düzdür, buna qadağa qoymaq olmaz. Amma bu məsələ hansısa formada nəzarətdə olmalıdır. Qanunvericilikdə edilən dəyişikliyə əsasən, həbs edilən şəxs dəymiş ziyanı ödəyirsə, azadlığa buraxılır. Amma başa düşmək lazımdır ki, onlar insanların 20-30 ilini oğurlayırlar. Bunu miqdarla hesablamaq düzgün deyil. Bunun tənzimlənməsi üçün addımlar atmalıyıq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə