ABŞ-ın “Artsax” sevgisi… TƏHLİL

Yaxud, beynəlxalq hüquq və konvensiyalar nə deyir?

Bu gün, dünyanın bir çox aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Ermənistanın təcavüzkar siyasəti nəticəsində torpaqlarımıızın 20 faizini işğal etdiyini təsdiq edirlər. Biz, son olaraq bunu Almaniya Bundestaqının radikal sağçı AfD fraksiyasının erməni lobbisinin sifarişi əsasında irəli sürdüyü qərəzli sorğusuna verdiyi qəti cavabında da gördük. Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın işğalı faktını tanıdığını göstərən cavabda ölkəmizin ədalətli mövqeyinə dəstək göstərildi.

O da bəllidir ki, istər BMT, istərsə də digər nüfuzlu beynəlxalq qurumların sözügedən məsələ ilə bağlı mövqeləri birmənalı olaraq, Azərbaycanın ərazi bütövlüyünü tanıması, işğal faktını pisləməsi ilə nümayiş olunmaqdadır.

Lakin təəssüf ki, əks hallar da baş verir və bu kimi halların arxasından birbaşa erməni lobbisinin dayanması kimsədə şübhə doğurmur. Bu baxımdan, ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərində Meriland prospektinin adının dəyişdirilərək “Artsax” edilməsi qərarı da təəssüfedici və hiddətləndirici məqamlar sırasındadır.

Hikmət Hacıyev: “Bu kimi addımı ilə ABŞ Azərbaycan xalqının gözündə və ictimai rəydə ona olan münasibətə əsaslı dərəcədə zərbə vurub”

Onu da xatırladaq ki, bundan əvvəl ABŞ səfiri Robert Sekuta Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası verilib. Notada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan Bako Saakyanın saxta məlumatlar təqdim edərək, Ermənistan pasportu ilə ABŞ vizası alması və ABŞ ərazisinə daxil olması, ABŞ-ın müvafiq təsisatlarında qondarma separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalını dəstəkləmək üçün ABŞ ərazisində maliyyə toplamaq məqsədi daşıyan tədbirlər keçirməsinə icazə verilməsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Azərbaycan və ABŞ arasında imzalanmış ikitərəfli sənədlərə, ABŞ-ın rəsmi mövqeyinə zidd olduğu qeyd olunub. “Bu kimi addımı ilə ABŞ Azərbaycan xalqının gözündə və ictimai rəydə ona olan münasibətə əsaslı dərəcədə zərbə vurub. ABŞ-ın bu kimi davranışına cavab olaraq, Azərbaycan Respublikası ABŞ-la münasibətlərində qarşılıqlılıq prinsipindən çıxış edəcək”, - deyə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdir müavini Hikmət Hacıyev qeyd edib.

Millət vəkili, politoloq Rasim Musabəyov: “Nə üçün bu ayrı-seçkilik həyata keçirilir?”

Həmçinin, qeyd edək ki, ABŞ-da rəsmi olaraq heç kəs qondarma «Dağlıq Qarabağ Respublikası»nı və onun «prezidenti» Bako Saakyanı qəbul etmir. Bununla belə konqres küçənin adının dəyişdirilməsi qərarını qəbul edib. Belə ki, bələdiyyə şurası bu qərarı separatçıların lideri Bako Saakyanın martın 12-də ABŞ-a səfərindən sonra vermişdi. Həmin vaxt Azərbaycan bununla bağlı ABŞ-a rəsmi nota təqdim etmişdi. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov da həmin ərəfədə bildirmişdi ki, Azərbaycanı narahat edən və etirazına səbəb olan Bako Saakyanın ABŞ-a gəlməsidir: "Məsələ təkcə onun Konqresdə görünməsi deyil. Bu adam Ermənistan pasportu ilə gəlib, ABŞ-a daxil olub. Halbuki Krımın, Dnestryanın, Abxaziyanın, Osetiyanın, nəinki qondarma rəhbərləri, heç sadə vətəndaşları Rusiya pasportu ilə Amerika və Avropa ölkələrinə buraxılmırlar. Nə üçün bu ayrı-seçkilik həyata keçirilir? İndi kimsə deyə bilər ki, görmədik, tanımadıq. Axı bilirsiniz ki, o, separatçı rejimin qondarma rəhbəridir. Ona onun Ermənistan pasportuna nə üçün viza verirsiniz? Mahiyyət bundan ibarətdir".

O deyib ki, Azərbaycan tərəfi artıq məsələyə öz etirazını bildirib: "ABŞ-ın Azərbaycandakı səfirliyi bəyanat yayıb ki, "biz Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq". Hörmətlə yanaşırsansa, ona viza vermə".

Politoloq Elçin Mirzəbəyli: “ABŞ hökuməti bir sıra hüquqi prinsiplərdən və beynəlxalq konvensiyalardan çıxış edərək, bu məsələyə qarşı öz etirazlı mövqeyini qoya bilər”

“Baxmayaraq ki, ABŞ həmsədr ölkələrdən biridir, ştatların da ayrı-ayrılıqda qanunvericilik bazaları var. Bütövlükdə isə, hökumət bir sıra hüquqi prinsiplərdən və beynəlxalq konvensiyalardan çıxış edərək, bu məsələyə qarşı öz etirazlı mövqeyini qoya bilər”. Bu fikirləri isə, SİA-ya politoloq Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, ABŞ bir dövlət olaraq, Haaqa konvennsiyasına və s. hüquqi çərçivələrə istinad edib, bənzər qərarların qüvvəyə minməməsi istiqamətində müvafiq addımlarını ata bilər: “Eyni zamanda, ABŞ-da yaşayan Azərbaycan diasporu da sözügedən məsələ ilə bağlı hərəkətə kçməli, Kaliforniyada yerləşən küçəyə “Artsax” adının verilməsinə qarşı hüquqi tələblərini irəli sürməlidir”.

Yeri gəlmişkən, artıq Kaliforniya ştatının bəlli qrarına etiraz əlaməti olaraq, petisiya hazırlanıb və bu istiqamətdə imzaların toplanmasına başlanılıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...