“Ermənistanın nüvə təhdidi və şantajına son qoyulmalıdır” ÖZƏL

"Ermənistanın nüvə təhdidi və şantajına son qoyulmalıdır". SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, Milli Məclisin komitə sədrinin müavini Sahibə Qafarova AŞPA-nın payız sessiyası çərçivəsində bu gün keçirilən müzakirələrdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Çernobıl və Fukusima qəzalarından, eləcə də son dövrdə baş vermiş terror hücumlarından sonra Avropada nüvə təhlükəsizliyi ilə bağlı narahatlıqlar baş qaldırıb. Millət vəkili deyib ki, Avropanın bir çox nüvə obyekti sürətlə yaşlanır: 2018-ci ildə 184 reaktordan 82-i 35 il və ya daha çox müddətə istismar olunub, altı reaktorun artıq 40 ildən çoxdur istismar olunduğu bəllidir: "Qurğular nə qədər də düzgün saxlansa və mühafizə olunsa da bu reaktorların ümumi vəziyyəti tədricən pisləşir, ciddi hadisələrin və qəzaların baş vermə ehtimalı artır. Onlardan biri də Ermənistanda Sovet dövründə - 1970-ci illərdədə tikilmiş Metsamor atom elektrik stansiyasıdır. Spitakda 1988-ci ildə baş verən zəlzələdən sonra, o, bağlansa da 1995-ci ildə beynəlxalq etirazlara baxmayaraq, onun istismarına yenidən başlanılıb, ikinci reaktor işə salınıb. Bu qərar beynəlxalq ictimaiyyətin əksəriyyəti və xüsusilə qonşu ölkələr - Türkiyə, Gürcüstan və Azərbaycanda haqlı narahatçılıq yaradıb. Ümumi qənaət bundan ibarətdir ki, faktiki olaraq Metsamor AES bütün regionu təhdid edən ciddi təhlükə mənbəyidir. Beynəlxalq ekspertiza rəyləri ilə tanış olduqdan sonra, bu narahatçılığın heç də əbəs olmadığını görürük".

Sahibə Qafarova vurğulayıb ki, bu elektrik stansiyasının reaktoru beynəlxalq ekspertlərə görə Sovet İttifaqı və Şərqi Avropa regionunda ən təhlükəli reaktor hesab olunur. Üstəlik, Metsamor yüksək seysmik zonada olduğu üçün bu əlavə problemlər yaradır. Eyni zamanda, reaktoru soyutmaq üçün kifayət qədər su ehtiyatları da yoxdur. Millət vəkilinin sözlərinə görə, beynəlxalq ekspert qrupunun rəyində göstərilir ki, bu stansiya beynəlxalq səviyyədə tanınmış nüvə təhlükəsizliyi standartlarına cavab vermədiyi üçün təkmilləşdirilə bilməz. Ona görə də Avropa İttifaqı onun dərhal bağlanması və istismardan çıxarılmasını tələb edib. Bütün bu faktları nəzərə alaraq, Azərbaycan tərəfi gələcəkdə baş verəcək hər hansı faciəli qəzanın qarşısını almaq üçün Metsamorun fəaliyyətini dayandırmağa çağırır.

"Azərbaycan beynəlxalq ictimaiyyətin nüvə təhlükəsi və risklərinin artması ilə bağlı narahatlıqlarını bölüşür. Ölkəmiz müstəqilliyin ilk günlərindən bəri nüvə təhlükəsizliyinin təmin olunmasına böyük əhəmiyyət verir, bu məsələdə beynəlxalq tələblərin heç bir güzəştə yer vermədən icra olunmasını istəyir. Azərbaycan öz ərazisi ilə radioaktiv maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasına ciddi diqqət yetirir. Azərbaycan beynəlxalq tərəfdaşlarla əməkdaşlıq konketstində idxal-ixrac, tranzit dövriyyəsinə nəzarət üçün əla hüquqi baza yaradıb. Ancaq təəssüf ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun müddətdir işğal altında saxlanılması ölkəmizin ərazilərinin əhəmiyyətli bir hissəsinə nəzarət etməyə imkan vermir. Prezident İlham Əliyev də müxtəlif beynəlxalq sammitlərdə bir neçə dəfə nüvə və radioaktiv materialların qeyri-qanuni dövriyyəsindən, Azərbaycanın işğal olunmuş ərazilərinin radioaktiv tullantıların istifadəsi ilə çirkləndirilməsindən narahatlığını ifadə edib", - deyə qeyd edən millət vəkili S.Qafarova xatırladıb ki, Ermənistanın keçmiş baş naziri, millət vəkilləri və digər məmurları bu ölkənin nüvə silahı olduğunu etiraf ediblər: "Bu bəyanat müvafiq beynəlxalq təşkilatlar tərəfindən hərtərəfli araşdırılmalı, müvafiq ölçü götürülməli və Ermənistanın nüvə təhdidi və şantajına son qoyulmalıdır".

S.Qafarova qeyd edib ki, Ermənistanın əvvəlki korrupsioner Serj Sarkisyan rejimi və indiki hakimiyyəti öz enerji tələbatlarını ödəmək adı altında öz xalqının və qonşu dövlətlərin əhalisinin taleyini ciddi şəkildə təhdid edən təhlükəli oyun oynayır. Lakin hazırki zavod region və dövlət üçün açıq təhlükədir və o bağlanmalıdır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə