“Paşinyan masa arxasında oturmağa məcbur oldu" ÖZƏL-ŞƏRH

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq. Ümumiyyətlə bu Azərbaycan dövlətinin prinsipial mövqeyidir. Bu mövqe nəticəsində artıq 25 ildir yaşayırıq”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Ehtiyatda olan polkovnikin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi özünün son mərhələsinə gəlib çatıb: “Çünki cənab İlham Əliyev istər beynəlxalq qurumların tədbirlərində, istərsə də bizim cəmiyyətimizə, düşmənlərimizə, ATƏT-in Minsk Qrupuna birmənalı mesaj verib ki, Azərbaycan daha gözləmək istəmir. Bu gün Ermənistan hakimiyyətinə küçədən bir adam gəldi və küçə hərəkəti ilə də dövlət başçısı kimi onu kürsüyə otuzdurdular. Amma yenə də Ermənistanın Qarabağla bağlı siyasəti dəyişmədi. Əksinə Ermənistanın yeni hakimiyyəti qeyri-konstruktiv mövqe nümayiş etdirməklə gündəmə gəldi. Belə olan halda Azərbaycan Prezidenti sərt çıxışlar etdi və dedi ki, bundan sonra cavabdehlik Ermənistan tərəfindədir. Bu o deməkdir ki, Azərbaycan hər an müharibə yolu ilə öz torpaqlarını işğaldan azad etməkdə israrlıdır.

Bildiyiniz kimi ölkəmizdə iki dəfə möhtəşəm Hərbi Paradlar təşkil olundu, eləcə də irimiqyaslı təlimlər keçdi. Həmçinin 2018-ci ildə hərbi sənayeyə aid sərgi təşkil olundu. Bununla Azərbaycan öz qüdrətini və öz imkanlarını həm dünyaya, həm cəmiyyətinə, həm də düşmənə bir daha göstərdi. Nəticədə danışıqlara getməyəcəm deyən Paşinyan masa arxasında oturmağa məcbur oldu. Hətta o Azərbaycan Prezidentinin şəxsi xüsusiyyətləri haqqında öz müsbət fikirlərini söylədi. Ümumiyyətlər o dövlət başçımızla müqayisə edilə bilməz.

Düşünürəm ki, Paşinyan indiki vəziyyəti, daxildə olan hərc-mərcliyi nəzərə alaraq bəlkə də bir qədər möhlət istəyiblər ki, bu məsələ ilə bağlı gələcəkdə mövqelərini dəyişdirsinlər. Amma Paşinyan ilk növbədə öz komandasını dəyişməlidir. Azərbaycanın mövqeyi isə dəyişmir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə