Nikol Paşinyan yenidən baş nazir seçilərsə... TƏHLİL

Yaxud, Ermənistan ağır imtahanlardan çıxa bilmək imkanlarını itirib

Beləliklə, uzun sürən mübahisələrdən və qarşıdurmalardan sonra Nikol Paşinyan istefa verəcək gününü açıqladı. Dekabr ayında növbədənkənar seçkilərin keçirilməsi üçün oktyabrın 16-da, yaxud, həmin gündən bir gün tez, ya da gec istefa verəcəyini bəyan edən Nikol Paşinyanın yenidən baş nazir seçiləcəyi halda, planları bəlli olub. SİA xəbər verir ki, bununla bağlı Ermənistan mediası müxtəlif istiqamətlərdə proqnozlarla çıxış edirlər. Həmin proqnozlardan biri də Paşinyanın dekabr ayında keçirmək iddiasında olduğu növbədənkənar parlament seçkilərindən sonra, yenidən baş nazir seçiləcəyi halda köhnə sistemə məxsus şəxsləri azadlığa buraxacaq.

Manvel Qriqoryanın həbs müddətinin uzadılması nəyə hesablanıb?

Bu iddia ilə “Hraparak” qəzeti çıxış edib. Belə ki, erməni nəşrinin mənbələrinə istinadən etdiyi qeydinə görə, həftənin bazar ertəsi günü Köçəryan-Sarkisyan cütlüyünə yaxınlığı ilə seçilən, eləcə də qanunsuz silah-sursat saxlaması ittihamı ilə barəsində hökm çıxarılan general Manvel Qriqoryan həmin hökmə qarşı şikayət iddiası ilə çıxış edib. “Hraparak”a yaxın mənbələr qəzetə bildiriblər ki, M.Qriqoryanın yaxınları ümid edirdilər ki, general həbs olunmayacaq və, ölkədən çıxmamaq şərti ilə girov müqabilində azadlıqda qalacaq. Həmçinin, onun vəkilləri də məhkəməyə bildiriblər ki, həbsdə olan M.Qriqoryanın vəziyyəti ağırdır. Lakin prokuror bu iddiaya qarşı etirazını bildirib və məhkəmə onun həbs müddətinin uzadılması barədə hökm çıxarıb.

Onu da xatırladaq ki, erməni generalı 1 mart hadisələrində birbaşa Robert Koçaryanın əmrini icra edərək, etirazçılara qarşı atəş açan xüsusi təyinatlılara rəhbərlik edib.

Nikol Paşinyan “Yerkrap”a öz namizədinin seçilməsinə çalışır, lakin...

“Məsələ ondadır ki, hüquq-mühafizə orqanları M.Qriqoryandan yalnız R.Koçaryanla bağlı hissəni “dartıb-çıxarmaq” istəmirlər, eyni zamanda, yaxın günlərdə Eçmiədzində (qeyd edək ki, M.Qriqoryanın oğlu bu şəhərdə mer postunda idi və atasının həbsindən sonra həmin postundan istefa verib-R.R.) mer seçkiləri ilə yanaşı, generalın rəhbəri olduğu “Yerkrap” könüllülər ittifaqına da seçkilər keçiriləcək”, deyə xatırladan erməni nəşri məhz həmin ərəfələrdə hakimiyyətin onun azadlıqda olmaq istəmədiyini yazıb: “Onlar (hakimiyyət-R.R.) həmin vaxt generalın azadlıqda olmasını istəmirlər. Hakimiyyət Eçmiədzin şəhərinin mer postuna “Vətəndaş sazişi” (Nikol Paşinyanın nəzarətindədir – R.R.) partiyasının üzvü Diana Qasparyanı təyin etmək istəyirlər. “Yerkrap”ın sədri kimi isə, Sasun Mikeaelyanı görmək istəyirlər. Məhz bu seçkilərdən sonra, M.Qriqoryan müəyyən şərtlər altında azadlığa buraxılacaq”.

Erməni qəzetinin bu iddiasından sonra, istər növbədənkənar parlament seçkilərindən, eləcə də Eçmiədzinə mer, “Yerkrap” təşkilatına isə sədr seçkilərindən sonra Nikol Paşinyan öz yerini möhkəmləndirəcəyini düşünür və tam rahatlandıqdan sonra həbs etdirdiyi şəxslərin azadlığa buraxılması prosesinə başlamaq fikrindədir.

“Yerkrap” üzvləri Paşinyanın seçiminə qarşıdır

Lakin digər maraqlı nüans Paşinyanla Mikaelyan arasında olan anlaşılmazlıq və soyuq münasibətlərdir. Belə ki, Paşinyanla Mikaelyan arasındakı gərginlik bu məsələnin həll olunmasına maneələr yaradır. Həmin məsələnin qəti olaraq həll edilməsinə daha bir səbəb isə “Yerkrap” üzvlərinin Mikaelyanı sədr postunda görmək istəməmələridir. Bu. həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, əgər Paşinyanın istədiyi namizəd. Yəni Sasun Mikaelyan Manvel Qriqoryanın yerinə sədr seçilməzsə, erməni generalının həbsdə qalmaq qorxusu da arta bilər. Bu baxımdan, “Yerkrap” üzvləri gec, ya da tez Nikol Paşinyanın istədyi namizədin həmin təşkilata sədr seçiləcəyinə razılıq verməyə məcbur olacaqlar. Ən azından, M.Qriqoryanın azadlığa buraxılması üçün.

Hadisələr əks məcrada a inkişaf edə bilər...

Sonda isə belə bir nəticə hasil etmək olar ki, N.Paşinyan baş nazir seçildikdən sonra yalnız M.Qriqoryanı deyil, eyni zamanda digər köhnə siyasi sistem adamlarını həbsdən azad edərək, onların ölkəni tərk etmələrinə şərait yaradacaq. Bu, həm ona, həm də həbsdən çıxanlara sərf edən təklif kimi də görünə bilər. Ancaq bütün bunlara rəğmən, hadisələr əks məcrada da inkişaf edə bilər ki, bu da əks-inqilab mühitinin artmasına şərait yaradacaq. Çünki Ermənistanda cərəyan edən siyasi böhran o qədər dərinliyə qədər inkişaf edib ki, bu böhrandan çıxa bilmək üçün uzun illər lazımdır. Yoxsul, iqtisadiyyatı zəif, sosial mühiti isə səfil olan bir ölkənin bu cür ağır imtahandan salamat çıxması isə çox çətin görünür.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə