İlqar Orucov: “Bu qüvvələr mahiyyətcə eyni insanlardan ibarətdir” AÇIQLAMA

“Azərbaycan ictimai-siyasi mühitində olan insanlar bir-birini yaxşı tanıyırlar”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, istər radikal müxalifət adlandırılan kəsim, istər onlarla bir düşərgədə olan siyasiləşmiş qeyri-hökumət təşkilatları, onların fəaliyyətləri, hara, kimə və nəyə qulluq etmələri, fəaliyyətlərinin mahiyyəti hamımıza məlumdur: “Eyni düşərgədə olan bu qüvvələrin gah birləşmələrini, gah ayrılmalarını da görmüşük və bundan sonra da görəcəyik. Bu insanları birləşdirən və qarşı-qarşıya gətirən bir amil var. Bunun adı qısa olaraq siyasət meydanında apardıqları alverdir. Son dövrlərdə də onlar arasındakı soyuqluğun, gərgin qarşıdurmaların kökündə bu dayanır. Bilirik ki, bu qüvvələr mahiyyətcə eyni insanlardan ibarətdir. Xaricdən himayə olunan və maliyyələşən bu qüvvələri düşündürən məqam yalnız pul əldə etmək, ölkədə insan hüquqlarının pozulduğunu, söz azadlığının, demokratiyanın boğulduğunu iddia etmək, insanların guya siyasi dünyagörüşünə görə təqib olunmasını ifadə etmək və bununla da külli miqdarda vəsaitlər əldə etməkdən ibarətdir. Bu maliyyələrin əsasında Azərbaycanla bağlı yanlış, qərəzli məlumatlar, hesabatlar hazırlayaraq himayədarlarına, beynəlxalq qurumlara göndərirlər. Beləliklə, onların hesabatlarına “əsaslanan”, əslində reketçiliklə məşğul olan həmin beynəlxalq qurumlar ölkəmizə qarşı bu hesabatları təzyiq vasitəsi kimi istifadə edirlər. Həmçinin, istər siyasiləşmiş QHT-lərin, istər radikal siyasi partiyaların maraqlarının toqquşduğu digər bir meydan “mühacir” biznesidir. Avam insanlara hər şeyini satdıraraq Avropada cənnət vəd edən bu dələduzlar miqrant biznesdən də böyük pullar əldə edirlər. Fərqində də deyillər ki, pulla satdıqları saxta arayışlarla nə qədər aldadılmış insan Avropa ölkələrində kamplarda əziyyət çəkirlər. Bu qüvvələr arasında mühacir” biznesində olan pulları bölmək üstündə də toqquşmalar hər zaman olub. Son günlərdə bu tipli siyasiləşmiş QHT-lərlə radikal siyasi partiyalar arasında kəskinləşmiş münasibətlərdə aldıqları pulları bölmək üstündə mübarizə adlandırmaq daha düzgün olar. İstər Xədicə İsmayıl, istər Leyla və Arif Yunuslar və digərlərinin ayrılan pullara daha böyük iddiaları fonunda dostluq etdikləri və eyni mətbəxdə çalışdıqları partiya funksionerləri ilə toqquşmalarını gələcəkdə daha gərgin olacağını və dərinləşəcəyini düşünmürəm. Hesab edirəm ki, buna onları idarə edən xarici himayədarları da imkan verməyəcəklər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə