Ermənistanla anlaşılmazlıq fonunda Rusiya Azərbaycanla yaxınlaşır

Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə gözlənilən səfəri bölgə və eləcə də dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Bakıda Rusiya-Azərbaycan Regionlararası Forumunun keçirildiyi günlərdə baş tutacaq bu səfərin hər iki dövlətin çoxşaxəli əməkdaşlığının təzahürü olacağı müzakirə mövzusudur və bu səbəbdən də ictimaiyyətin marağı başadüşüləndir.

Rusiyalı jurnalist Andrey Şapoşnikovun “Moskva-Baku.ru” portalı üçün hazırladığı süjet Putinin Əliyevə çox mühüm təkliflər etdiyindən bəhs edir. Jurnalist həmçinin xüsusilə vurğulayır ki, Ermənistanla anlaşılmazlıq fonunda Rusiya Azərbaycanla yaxınlaşır və hətta ölkələrimiz arasındakı münasibətlər ən yüksək nöqtəyə çatıb. Sujetdə ələlxüsus Azərbaycanın regionda Rusiyanın iqtisadi, siyasi və hərbi məsələlər üzrə əsas müttəfiqinə çevrildiyi diqqətə çatdırılır. Xüsusilə vurğulanır ki, hər iki ölkənin biznes strukturları müxtəlif sahələrdə sıx əməkdaşlıq edir və ölkələr logistika layihələrini fəal şəkildə inkişaf etdirir. Bunlar arasında Şimal-Cənub nəqliyyat dəhlizi də var.

İqtisadi inkişaf naziri Bakıya gələrkən özü ilə Rusiya biznesini də bu ölkəyə gətirir

Andrey Şapoşnikov iqtisadi əlaqələrin fəallaşması üçün əsas istiqamətlərdən birinin Xəzər dənizi olduğunu da qeyd edir və Bakıya Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin də gəldiyini əbəs yerə diqqətə çatdırmır. Jurnalist iqtisadi inkişaf nazirinin Bakıya gələrkən özü ilə Rusiya biznesini də bu ölkəyə gətirdiyinə əminlik ifadə edir və xatırladır ki, Azərbaycanda artıq Rusiyanın "KamAZ", "QAZ", "LUKoil" və başqa nəhəng şirkətləri fəaliyyət göstərir.

A.Şapoşnikov son illər Azərbaycanın Rusiya silahlarını almaqla ölkənin vacib hərbi tərəfdaşına çevrildiyini də gizlətmir. Etiraf edir ki, bu yaxınlarda Bakıda keçirilən və paytaxt şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradda bütün dünya Rusiya hərbi texnikasını da izləyib. Hərbi sahədə əməkdaşlığın çox yüksək səviyyədə olduğu özünü təbii ki, biruzə verməkdədir və bu təkcə paradla yekunlaşmır. Putinin Azərbaycana səfəri günlərində Bakıda müdafiə sənayesinə həsr olunmuş "ADEX-2018" sərgisinin keçiriləcəyi, sərgidə Rusiya istehsalı olan ən müasir silahların nümayiş etdiriləcəyi də jurnalistin diqqətindən yayınmır və hazırladığı sujetdə də bu öz əksini tapır.

Azərbaycanın Rusiya ilə əməkdaşlığının daha da genişlənməsi Ermənistan üçün heç arzuolunan deyil

Təbii ki, Rusiya ilə Azərbaycanın əlaqələrini, siyasi, iqtisadi, hərbi əməkdaşlıqlarını təkzib etmək olmaz və bu əməkdaşlığın son zamanlar ekstremum nöqtəsində olduğu hamıya bəllidir. Ələlxüsus hərbi sahədə əməkdaşlıq indi dünya ictimaiyyətinin diqqət mərkəzindədir və 20 faiz torpaqları işğal edilmiş bir ölkənin Rusiya kimi fövqəl dövlətlə, özü də silah sənayesində dünya bazarının aparıcı qüvvəsi olan dövlətlə əməkdaşlıqlarının diqqətdən yayınmamasını başa düşmək də çətin deyil. Əbəs yerə deyil ki, işğalçı dövlət bütün bunları həssaslıqla izləyir və yeni hakimiyyətin təsiri altında olan erməni mediasında da bu nəzərəçarpacaq dərəcədə qıcıq doğurur. Çünki, işğalçılar çox yaxşı başa düşürlər ki, iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilən Azərbaycan, eyni zamanda ən güclü hərbi sənayesi olan Rusiya ilə həmin sahədə əməkdaşlıq edirsə və ən müasir silahlarla təchiz olunursa, sülh yolu ilə torpaqlarının geri qaytarmayacağı təqdirdə, səfalət içərisində inildəyən, hərbi sahədə dəfələrlə geri qalan Ermənistanı hərbi yolla ən qısa zamanda sarsıda bilər. İşğalçılara o da bəllidir ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ərazi bütövlüyünün bərpa olunmasına, təmin olunmasına qadirdir və indi onların Rusiya ilə əlaqələrinin soyuqlaşması fonunda ölkələrimiz arasındakı əməkdaşlığın daha da genişlənməsi Ermənistan üçün heç arzuolunan deyil.

Rusiyalı jurnalist Andrey Şapoşnikov Dağlıq Qarabağ mövzusuna da toxunur və xüsusilə vurğulayır ki, Əliyevlə Putinin danışıqlarında əsas mövzulardan biri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi olacağı da heç şübhə doğurmur. Jurnalist qeyd edir ki, Soçidə də Putin düz bir saat İlham Əliyevlə protokoldan kənar söhbət edib. Şapoşnikov bu yaxınlarda Putinin Ermənistanın yeni baş naziri Nikol Paşinyanla görüşünü də xatırladıb və həmin görüşdə də bu mövzunun müzakirə mövzusu olduğuna əminlik ifadə edir, həmçinin xüsusilə diqqət çatdırır ki, Ermənistanın baş nazirinin hərəkətlərini proqnozlaşdırmaq çətindir və sözdə o, Rusiya ilə müttəfiq olduğunu desə də, lakin Qərbə yönəldiyi də göz qabağındadır. Təbii ki, kiçik bir tarixi olan ölkənin, məxməri inqlabın fonunda ortaya çıxan yeni hakimiyyətin, təcrübəsiz, idarəetmə qabiliyyəti olmayan yeni baş nazirin bu mövqeyi Rusiya kimi dərin tarixi köklərə malik olan dövlətin və Putin kimi üzün müddət hakimiyyətdə olan səriştəli bir prezidentin gözündən yayınan deyil. Bu isə onu deməyə əsas verir ki, ermənilərin ruslarla əlaqələrinin bərpa edilməsinə olan ümidlərinin puç olması tam normal təzahürdür və indi Azərbaycanın Rusiya ilə əlaqələrindən, ölkəmizin ruslar üçün regionda ən etibarlı müttəfiqə çevrilməsindən qıcıqlanmaları başadüşüləndir.

Putinin Azərbaycana səfərinin yeni razılaşmalarla yadda qalacağına əminlik var

Rusiya Dövlət Dumasının üzvü Leonid Kalaşnikov isə deyir ki, bizim maraqlarımız bizim qonşularla bağlıdır və gərgin iş qrafikinə rəğmən Putinin Bakıya səfəri planlaşdırılır. Göründüyü kimi bütün bunlar təsdiq edir ki, Rusiya və onun prezidenti ölkəmizlə əməkdaşlığa maraqlıdır. Hətta Rusiya Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi məsələləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Kalaşnikov etiraf edir ki, indi Putin ikiqat enerji ilə MDB ölkələri ilə əməkdaşlığı yaxşılaşdırmağa və daha da inkişaf etdirməyə çalışır. Bizim maraqlarımız bizim qonşularla bağlıdır deyən Rusiya Dövlət Dumasının üzvü, Putinin Azərbaycana səfərinin yeni razılaşmalarla yadda qalacağına əminlik ifadə edir. Sözsüz ki, bu əminlik də təsadüfi deyil və nəzərə alsaq ki, Azərbaycan Rusiyanın, eləcə də Putinin maraq dairəsindədir və əməkdaşlıqlar günü-gündən genişlənir, Kalaşnikovun ifadəsindəki səmimiliyə zərrə qədər də şübhə yeri qalmır.

Rusiyalı politoloq Pavel Klaçkov isə Putinin gözlənilən Bakı səfərini şərh edərkən Rusiyadan Azərbaycana milyardlarla dolların axa biləcəyindən bəhs edib. Rusiyalı ekspert Putinin Bakı səfərinin ardınca Bakı-Moskva-Tehran üçtərəfli sammitinin mümkün nəticələrinə də ümidlərini gizlətməyib. Klaçkov Azərbaycanla Rusiyanın daha yaxın və daha səmərəli əməkdaşlıq edəcəyinə, qarşılıqlı ixrac imkanlarının genişlənəcəyinə əminlik ifadə edib. Hazırda sənaye, maşınqayırma, nəqliyyat, energetika sahəsində genişlənən əməkdaşlıq imkanlarını və yaranan əlverişli perspektivləri müşahidə etdiyini etiraf edən Klaçkovun fikrincə, Putinin Bakı səfərində əsasən iqtisadi əməkdaşlıq məsələlərinə diqqət ayrılacaq.

Ölkələrimizi təkcə ümumi tarix, coğrafiya deyil, həm də toplanmış böyük kapital və əməkdaşlıq təcrübəsi birləşdirir

Bakının bütün Cənubi Qafqazın təhlükəsizliyində başlıca rol oynadığını qeyd edən Klaçkov onu da nəzərə çatdırıb ki, bununla əlaqədar olaraq Rusiya Azərbaycanla strateji tərəfdaşlıq münasibətləri qurur və Rusiya prezidentinin Azərbaycana səfərinin uğurlu nəticələri olacağana zərrə qədər şübhə ola bilməz. Məhz buna görə də Putinin səfərinin yüksək səviyyədə keçəcəyinə, əməkdaşlığın daha da yaxşılaşacağına ümid etdiyini bildirən Rusiyalı ekspert ilin sonunda Moskvada Rusiya, İran və Azərbaycan prezidentlərinin iştirakı ilə üçtərəfli sammitin keçiriləcəyinə də xüsusi diqqət ayırıb və qeyd edib ki, bu ölkələri təkcə ümumi tarix, coğrafiya deyil, həm də toplanmış böyük kapital və əməkdaşlıq təcrübəsi birləşdirir.

Göründüyü kimi Klaçkov üç ölkə arasında terrorizm təhlükəsi, Xəzər dənizi, qarşılıqlı investisiyalar, nəqliyyatla bağlı məsələlərin önəminə toxunur. Politoloq Azərbaycana xüsusi həssaslıqla yanaşır və həm İranla, həm də Rusiya ilə həmsərhəd olan ölkəmizin görünür vacib olduğunun fərqindədir. Sözsüz ki, Rusiya, İran və Azərbaycanın üçtərəfli əməkdaşlığı olmadan, problemlərin öhdəsindən gəlməyin mümkünsüzlüyü də diqqətdən yayınmır.

Rusiya prezidentinin Azərbaycana səfərinə qarşı erməni aqressiyası gözlənilən idi

Təbii ki, Rusiya prezidentinin Azərbaycana səfəri heç də birmənalı qarşılana bilməz və indi Ermənistan mediasında gedən şərhlər yalnız təkzibedici xarakterinə görə seçilir. Əslində, işğalçı dövlətin bu yanaşmasını başa düşmək çətin deyil və nəzərə alsaq ki, sözügedən ölkədə məxməri inqlab adı altında baş verən çevrilişdən və idarəetmə qabiliyyəti, səriştəsi olmayan Nikol Paşinyan hakimiyyətinin bərqərar olmasından sonra ziddiyyətli mövqeyinə görə tək qalmış ermənilərin aqresiyası gözlənilən idi. İndi Paşinyanın hakimiyyəti altında olan erməni KİV-lərinin qıcıqlanması təbiidir, çünki, vəziyyətin Azərbaycanın xeyrinə dəyişdiyinin fərqindədirlər. Bütün bunların fonunda erməni mətbuatı Rusiyanın regionda söz sahibi, aparıcı mövqedə olmasını etiraf edirsə də, ardıcıl beynəlxalq sanksiyalarla və Ermənistandakı hadisələrlə əlaqədar olaraq Moskvanın mövqeyinin xeyli zəiflədiyini bildirir. Hətta Azərbaycan diasporunun Rusiyada yarım milyonu əhatə etdiyini, hər il ölkəmizə 1,2 milyard pul köçürmələri həyata keçirildiyini yazan erməni xəbər saytları hadisələrin ölkəmiz üçün arzuolunmaz şəkildə cərəyan edəcəyi təqdirdə rusların gürcülərə tətbiq etdiyi ssenari ilə, yəni azərbaycanlıların geriyə Azərbaycana göndəriləcəyi barədə də fikirlər səsləndirirlər. Daha doğrusu ermənilər belə bir arzu ilə yaşayırlar. Amma göründüyü kimi maraqlar üst-üstə düşür və əməkdaşlıq get-gedə daha da dərinləşir. Bu isə o deməkdir ki, işğalçıları fikirləri tamamilə əsassızdır və məntiqi nəzticələrə ziddir.

Göründüyü kimi, Rusiya mətbuat səhifələri, ekspert və politoloqlar, həmçinin dövlət rəsmiləri Azərbaycan və Rusiya arasındakı ikitərəfli əlaqələrə üstünlük verir və əməkaşlığın bundan sonra daha da genişlənəcəyinə ümid edirlər, inanırlar. Həmçinin bu əməkdaşlığın hər iki ölkə üçün müsbət nəticələrini də etiraf edir və dəyərləndirirlər. Amma Ermənistana məxsus mətbuat səhifələri bunun tamamilə əksini arzulayır, lakin, əlaqələrin mənfi təzahürlərindən bəhs etməyə cürət belə edə bilmirlər. İşğalçı dövlətin yeni, səriştəsiz, uğursuz və ziddiyyətlərlə çıxış edərək nüfuzunu itirən hakimiyyəti çox yaxşı başa düşür ki, Azərbaycanın inkişafı, əməkdaşlıqların bundan sonra daha dinamik mərhələyə keçəcəyi və gələcək uğurlu nəticələri təkzib edilə bilməz. Təkzib edilə bilməz ki, ölkəmiz regionda ən dinamik inkişaf yoluna malik və heç bir asılılığı olmayan, əməkdaşlığa daim hazır olan, siyasi, iqtisadi, hərbi qüdrəti olan ölkədir. Bu baxımdan Azərbaycanın Rusiya ilə əlaqələrinin müsbət nəticələrindən başqa heç bir nəticələrə düşmən ümidlənməsin və əgər ümid edərsə, yalnız özünü aldatmış olacaq. Ölkəmiz hələ bundan sonra daha geniş əlaqələrə və əməkdaşlıqlara imza atacaq. Azərbaycanın potensial imkanları daha yaxın əməkdaşlıqlara, daha sıx əlaqələrə şərait yaradır və məhz bu baxımdan ölkəmizin bundan sonrakı uğurlu əməkdaşlıqlarının genişlənməsini təkzib etmək olmaz.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə