YAP Səbail rayon təşkilatının idarə heyətinin iclası keçirilib SƏS TV

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının idarə heyətinin iclası keçirilib. SİA-nın məlumatına görə, YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev çıxış edərək gündəlikdəki məsələləri diqqətə çatdırıb.

Ş.Hacıyev Azərbaycanın uğurlu siyasi, iqtisadi inkişafından bəhs edərək Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunan hərbi paradla bağlı fikirlərini bildirib. YAP Səbail rayon təşkilatının sədri qeyd edib ki, "keçirilən hərbi paradda Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələri bir daha özünü göstərdi".

Hərbi paradda Azərbaycan Ordusunun qüdrətinin dünyaya nümayiş etdirildiyini deyən Ş.Hacıyev vurğulayıb ki, Silahlı Qüvvələrimiz müasir tipli hərbi texnika ilə təchiz olunub. Ordumuzun yüksək peşəkarlığı özünü döyüş meydanında da sübut edir: "Azərbaycan dövləti ardıcıl olaraq böyük uğurlara imza atdığı halda, Ermənistanda siyasi böhran getdikcə daha da dərinləşir".

Daha sonra Ş.Hacıyev Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 27-ci, Yeni Azərbaycan Partiyasının yaranmasının 26 illik və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə bağlı keçirilən konfransın materiallarından ibarət toplunun hazırlaması işləri haqqında da məlumat verib.

İclasda, həmçinin növbəti məsələ - YAP Səbail Gənclər Birliyi və Qadınlar Şurasının hesabat-seçki yığıncaqlarının keçirilməsi ilə əlaqədar hazırlıq işləri barədə də məlumat verilib.

Sonda ərazi ilk partiya təşkilatlarında görülən işlərin hesabatı səslənib, yeni təsis olunan ərazi ilk partiya təşkilatlarından daxil olan müraciətlərə baxılıb, daha sonra isə cari məsələlər müzakirə edilib.

Rəfiqə KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə