"Azərbaycan kosmik məkanda özünəməxsus yerə malik nadir ölkələrdəndir" ŞƏRH -ÖZƏL

“Azərbaycan artıq dünyanın kosmik klubunun üzvünə çevrilib və kosmik məkanda özünəməxsus yerə malik olan nadir ölkələrdən biridir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Azərbaycanın inkişafı, iqtisadiyyatının şaxələndirilməsi, diversifikasiyası, qeyri-neft sektorunun inkişafı ilə bağlı Prezident İlham Əliyevin yürütdüyü siyasət kosmik sənayedə də öz əksini tapıb.

Son illər ərzində Azərbaycan tərəfindən orbitə 3 peyk buraxıldığını deyən A.Badamov söyləyib ki, bu gün ölkəmiz peyk vasitəsilə dünyanın bir çox ölkələrinə xidmətlər göstərir.

“Azərspace 2” peykinin orbitə çıxarılması Azərbaycan iqtisadiyyatına bir sıra gəlirlər gətirəcək. Təbii ki, iqtisadi inkişafa malik olan ölkələr kosmik orbitə sahib ola bilirlər. Bu gün Azərbaycanın iqtisadi inkişafa malik olan ölkələr sırasında olduğunu nəzərə alsaq, peyklərimizin kosmosda fəaliyyət göstərməsi ilə ölkəmiz həm də dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir. Bütün bunlar əlbəttə ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi düzgün siyasətlə bağlıdır”, - deyə deputat qeyd edib.

A.Badamov vurğulayıb ki, orbitə çıxarılan peyklərin funksiyası fərqlidir: “İlk orbitə buraxılan Azərbaycan peykinin əsas funksiyası televiziya və radio yayımı ilə bağlı idisə, digər iki peyk iqtisadiyyatın digər sahələrinə xidmət edəcək. Bu peyklər həm də Azərbaycanın təhlükəsizliyi baxımında da önəmlidir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə