Müstəqil Azərbaycanın kosmik zəfəri!

İlham Əliyev: “Azərspace 2” telekommunikasiya peykinin orbitə çıxarılması bizim növbəti tarixi qələbəmizdir”

Məlum olduğu kimi, Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Qviana Kosmos Mərkəzindəki ELA-3 buraxılış platformasından orbitə buraxılıb. SİA-nın məlumatına görə, peyk Fransanın “Arianespace” şirkətinə məxsus “Ariane 5″ daşıyıcı raketi ilə orbitə buraxılıb və startdan təqribən 42 dəqiqə sonra raketin gövdəsindən uğurla ayrılıb.

Artıq bir reallığı tam əminliklə deyə bilərik ki, Azərbaycan artıq bir neçə ildir ki, kosmik ölkələr klubuna daxil olmaqla bölgədə liderlik mövqeyini daha da möhkəmləndirir, güclü ölkə olduğunu nümayiş etdirir. Söz yox ki, hər bir Azərbaycan vətəndaşı da ölkəsinin bu cür sürətli inkişafından qürur və fərəh hiddi duyur. Çünki Azərbaycanın kosmik fəzaya peyklər çıxarması, gələcəkdə də kosmik proqramları həyata keçirməsi, genişmiqyaslı fəaliyyətə başlaması üçün mühüm faktorlardandır. Ümumiyyətlə, Azərbaycanın “Azerspace-2” peykini kosmosa göndərməsi ölkəmizin nəinki Cənubi Qafqazda, eləcə də beynəlxalq aləmdəki yüksək mövqeyini əsl lider dövlət olduğunu təsdiq edir.

Təbii ki, bütün bu kimi uğurlar bilavasitə Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi uğurların nəticəsidir, modernləşən Azərbaycanın həyata keçirdiyi məqsədyönlü siyasətin davamıdır, Prezident İlham Əliyevin strateji hədəflərinin dəqiqliyidir. Eyni zamanda, növbəti peykimizin orbitə buraxılmasının iqtisadi əhəmiyyəti var - Azərbaycan öz peykləri vasitəsilə telekommunikasiya sisteminə qoşulub, eləcə də digər əhəmiyyətli amillər ölkəmizin büdcəsinə əlavə qazancların gəlməsinə, xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edəcək reallıqdır.

Qeyd edək ki, bu münasibətlə Azərbaycan Respiblikasının Prezidenti cənab İlham Əliyev də xalqa təbrik ünvanlayıb və bildirib ki, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. “Bu gün “Azərspace 2” peykimiz orbitə çıxarıldı”, deyə bildirən ölkə başçımız bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edib və vurğulayıb ki, bu, ölkəmizin növbəti qələbəsidir, dövlətimizin növbəti uğurudur: “Son beş il ərzində Azərbaycan orbitə 3 peyk çıxara bilmişdir. Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir. Peyklərin orbitə çıxarılması dövlətimizin gücünü göstərir, bizim siyasətimizi göstərir. Bizim artıq 3 peykimiz var: “Azərspace 1” telekommunikasiya peyki, “Azərsky” müşahidə peyki və “Azərspace 2””.

“Biz “Azərspace 2” peykimizin orbitə çıxarılmasını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, Azərbaycanın dövlət müstəqilliyinə həsr edirik”

Digər mühüm məqam isə budur ki, dövlət başçımız “Azərspace 2” peykinin orbitə buraxılmasını əhəmiyyətli tariximizə həsr edildiyini vurğulayıb. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi, eləcə də müstəqilliyimizin bərpasının 27-ci ildönümü ərəfəsində baş verən fərəhdoğurucu amil həqiqətən də şanlı dövlətçilik salnaməmizə yazılacaq tarixi hadisədir. Cənab İlham Əliyev bununla bağlı qeyd edib: “Bildiyiniz kimi, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilir. Mənim Sərəncamımla 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir. Eyni zamanda, gələn ay biz müstəqilliyimizin bərpasının 27-ci ildönümünü qeyd edəcəyik. Biz “Azərspace 2” peykimizin orbitə çıxarılmasını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, Azərbaycanın dövlət müstəqilliyinə həsr edirik”.

“Kosmik sənayenin inkişafı bu sahədə beynəlxalq əməkdaşlığımızı da dərinləşdirir”

Yeri gəlmişkən, ölkə başçımız artıq fəaliyyətdə olan peyklərimizin əhəmiyyətli tərəfləri barədə də məlumat verərək vurğulayıb ki, informasiya texnologiyalarının tərəqqisi dövründə Azərbaycan da özünəməxsus yerini tutur və mühüm rolunu oynayır: “Bu peyklərin çox böyük əhəmiyyəti var. İlk növbədə, Azərbaycan informasiya təhlükəsizliyi baxımından daha da önəmli addım atır. Bu gün peyklərimiz vasitəsilə Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edə bilirlər. Bu gün Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan götürübdür. Eyni zamanda, kadr hazırlığı üçün Azərbaycanın kosmik sənayesinin inkişafı önəmli rol oynayır. Peykləri idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir və onların böyük əksəriyyəti gənclərdir. Kosmik sənayenin inkişafı bu sahədə beynəlxalq əməkdaşlığımızı da dərinləşdirir. Biz dünyanın bu sahədə böyük təcrübəyə malik olan aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edirik”.

“Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsi işində “Azərsky” peykinin xüsusi rolu vardır”

“Peyklərin, eyni zamanda, kommersiya tərəfi var”, deyə qeyd edən Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan öz məhsulunu ixrac edir və peyklərin fəaliyyəti nəticəsində ölkəmizə valyuta gəlir: “Azərbaycanın kosmik sənayedə əldə etdiyi uğurlar, eyni zamanda, qeyri-neft sektorumuzu inkişaf etdirir, qeyri-neft sənayemizi irəliyə aparır. Təsadüfi deyil ki, bu ilin səkkiz ayının göstəricilərinə görə, Azərbaycanda qeyri-neft sənayesi təxminən 11 faiz artmışdır. Eyni zamanda, “Azərsky” müşahidə peyki vasitəsilə biz nəinki ölkəmizin, dünyanın istənilən nöqtəsində baş verən bütün hadisələri daim müntəzəm olaraq izləyə bilirik, nəzarət edə bilirik. Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsi işində “Azərsky” peykinin xüsusi rolu vardır. Bu peykin fəaliyyəti nəticəsində biz bu sahədə də xaricdən asılılığı tamamilə aradan qaldırdıq və bir çox ölkələr üçün peyk xidməti göstəririk”.

Söz yox ki, dövlət başçımızın qeyd etdiyi sahələrlə yanaşı, müdafiə və hərbi potensialımızın daha dü güclənməsinə xidmət edəcək növbəti peykimizin orbitə buraxılması işğalçı Ermənistanı da ciddi şəkildə narahat edir. Belə ki, dövlətimizin günü-gündən daha da güclənməsi, dünyanın ən müasir standarlarına cavab verən yüksək texnologiyalara malik olması işğalçılara verilən siqnal kimi də dəyərləndirlə bilər.

Başqa tərəfdən, iqtisadi infrastruktur layihələrimizin sürətli inkişafında da rol oynayacaq peyk demək olar ki, bütün sahələri əhatə edəcək: “İnfrastruktur layihələrimizin icrası və mövcud infrastrukturun qorunması üçün peyklərin böyük əhəmiyyəti var. Kənd təsərrüfatının inkişafı, ekoloji vəziyyətə nəzarət, torpaqlardan səmərəli şəkildə istifadə edilməsi – bütün bu işlərdə “Azərsky” müşahidə peykinin xüsusi rolu var.

Bir sözlə, əziz vətəndaşlar, əziz dostlar, bu gün ölkəmizin həyatında növbəti əlamətdar bir gündür. Azərbaycan qısa müddət ərzində dünyanın kosmik klubunun dəyərli üzvünə çevrilibdir. Azərbaycan qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edir. Bizim yolumuz inkişaf yoludur, tərəqqi yoludur və bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir. “Azərspace 2” telekommunikasiya peykinin orbitə çıxarılması bizim növbəti tarixi qələbəmizdir. Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək”.

Beləliklə, xalqımıza öz təbriklərini ünvanlayan Prezident İlham Əliyevin bu fikirləri bir daha belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, müstəqil və müasir Azərbaycan dövləti çox qısa zaman kəsimində nəhəng yol qət edərək, bu kimi mötəbər uğurlara imza atıb və belə uğurların nəticəsi dövlətimizin dünya ölkələri sırasındakı bütün mövqelərini daha da möhkəmləndirir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə