YAP daha böyük uğurlara imza atacaq FOTOLAR

YAP Lerik rayon təşkilatı yaranmasının 25-ci ildönümünü təntənə ilə qeyd edib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının yaradılmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, YAP Lerik rayon təşkilatının sədri Cəlil Baxşıyev, millət vəkili İqbal Məmmədov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və YAP Mərkəzi Aparatının məsul əməkdaşı Emin Abbasov iştirak ediblər.

Tədbir iştirakçıları öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, onun qarşısına gül-çiçək dəstələri düzüblər.

Sonra YAP Lerik rayon təşkilatının qərargahı ilə tanışlıq olub.

Tədbiri giriş sözü ilə açan YAP Lerik rayon təşkilatının sədri Cəlil Baxşıyev ilk öncə, partiyanın rayon təşkilatının 25-ci ildönümü münasibəti ilə hər kəsi təbrik edib və təşkilatın keçdiyi yol barədə geniş məlumatlı çıxış edib.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirlib.

Tədbir məruzələrlə davam edib.

Məruzə ilə çıxış edən rayon təşkilatının sədri Cəlil Baxşıyev bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyası ölkəmizin müstəqilliyi uğrunda böyük və tarixi yol keçmiş və bu gün tərkibində 700 min üzvü olan nəhəng siyasi təşkilatdır.

Bir sıra tarixi aspektlərə toxunan C.Baxşıyev qeyd edib ki, partiyanın yaranması çətin dövrə təsadüf edib: "Həmin ərəfələrdə Azərbaycanda xaos hökm sürürdü, dövlət büdcəsi talan olunmuşdu, ölkədə hər addımbaşı cinayətlər törədilirdi. Müstəqilliyimiz təhlükə altına düşmüşdü. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə, milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Məhz bu səbəbdən də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında bir qrup ziyalı "Səs" qəzeti vasitəsilə Ona müraciət ünvanladılar”.

21 noyabr 1992-ci ildə Naxçıvanda YAP-ın təsis konfransının keçirildiyini deyən YAP Lerik rayon təşkilatının sədri leriklilərin də bu tarixi prosesə qoşulduğunu və Dahi Şəxsiyyət Heydər Əliyev ideologiyasına sədaqətli olduğunu bildirib: “Bu gün həmin siyasət ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, müstəqil və müasir Azərbaycan dünyanın aparıcı ölkələri sırasında yer almaqdadır. Söz yox ki, əldə edilən hər bir uğurda, hər bir nailiyyətdə YAP-ın danılmaz və tarixi rolu vardır”.

Məruzəçi YAP Lerik rayon təşkilatının strukturu və fəaliyyəti ətrafında da çıxış edərək, tədbir iştirakçılarını məlumatlandırıb və bildirib ki, keçirilən bütün seçkilərdə rayon təşkilatı öz öncüllüyü və uğurlu fəaliyyəti ilə seçilib.

Məruzədən sonra söz çıxışçılara verilib.

Çıxış edənlər – YAP Lerik rayon təşkilatının aparat rəhbəri Elxan Qənbərov, İlk partiya təşkilatının sədri, Şura üzvü Fərman Həşimov, rayon Ağsaqqallar şurasının sədri Həmzə Vəliməmmədov, YAP Lerik rayon təşkilatının Qadınlar şurasının üzvü Şəhla Məmiyeva bildiriblər ki, partiyanın əldə etdiyi hər bir nailiyyət Azərbaycan dövlətinin və xalqının nailiyyətidir və ötən illər ərzində qazanılmış uğurlar bilavasitə Yeni Azərbaycan Partiyasının Sədri, ölkə rəhbəri İlham Əliyevin apardığı mütərəqqi, qətiyyətli və məqsədyönlü siyasətinin məntiqi nəticəsidir.

Çıxışçılardan sonra söz, tədbirdə iştirak edən qonaqlara verilib.

Lerik RİH-nin başçısı Rövşən Bağırov çıxışında qeyd edib ki, Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixin başlanğıc nöqtəsi sayılır: “Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı”.

Natiq qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan YAP-ın 25 illik inkişaf tarixi göstərdi ki, Yeni Azərbaycan Partiyasını yaradanlar, bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar: “Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan YAP möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır. Çünki Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual strateji proqramında ana xətti təşkil edir”.

Millət vəkili İqbal Məmmədov isə bildirib ki, YAP ölkəmizin ən böyük siyasi qüvvəsidir: “Partiya müstəqillik tariximizlə yanaşı addımlayır və ölkəmizin qazandığı uğurlarda özünün böyük töhfələrini verib”.

İqbal Məmmədov müstəqillik illərində Azərbaycanın bütün sahələrinin inkişaf etdiyini, beynəlxalq müstəvidə böyük nüfuz qazandığını vurğulayıb. O, 25 illiyini qeyd edən YAP Lerik rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev də çıxışında partiyanın yaranma tarixindən, onun ölkəmizə və xalqımıza göstərdiyi tarixi xidmətindən bəhs edərək, YAP-ın Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olduğunu vurğulayıb: “YAP ölkəmizin siyasi həyatında uğurla fəaliyyət göstərir və bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlər qazanır. Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox mühüm uğurlar qazanıb və bundan sonra da inamla irəliləyən partiyamız daha böyük və daha nəhəng uğurlara imza atacaq”.

Bəhruz Quliyev YAP Lerik rayon təşkilatının gələcək fəaliyyətinə yeni-yeni nailiyyətlər qazanmağı arzulayaraq, bu təşkilatın 25-ci ildönümü münasibəti ilə hər kəsi təbrik edib.

YAP Mərkəzi Aparatının məsul əməkdaşı Emin Abbasov da öz növbəsində öz təbriklərini çatdıraraq bildirib ki, bu gün Ulu öndər Heydər Əliyev strategiyası Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam edirilir. “Bu uğurun təməlində güclü Azərbaycan dövləti dayanır”, deyə natiq bildirib.

Çıxışlardan sonra YAP Lerik rayon təşkilatının bir qrup fəalına diplom və qiymətli hədiyyələr təqdim olunub, yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri verilib.

Təqdimatlardan sonra Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə müraciət qəbul olunub.

Tədbir rayon təşkilatının yaradılmasının 25-ci ildönümünə həsr edilmiş konsert proqramı ilə davam etdirilib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə